Məhkəmə qərarları › İş №e-2(014)-634/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-634/2023

20.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-634/2023 20.06.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2020-ci ildə cavabdehə və ailə üzvlərinə məxsus pay torpaq sahəsini 5 illik yazılı müqavilə ilə 1000 (min) manat müqabilində icarəyə götürmüşdür. Cavabdehdən icarəyə götürdüyü torpaq sahəsi ilə onun şəxsi mülkiyyətindəki pay torpaq sahəsi qonşu sərhəddə yerləşir. Hər iki sahəyə 2021-ci ildə yonca əkini əkmişdir. Əkinlə bağlı "xxxx" QSC-dən 10000 manat kredit götürmüşdür. Ümumilikdə 2 sahəyə 6300 manat xərc çəkmişdir. Cavabdeh 2021-ci ildə müharibədən qayıtdıqdan sonra səhhətinin ağır olduğunu, müharibədən sonra dövlətin onu bir kənara atdığını, dövlətin onun müalicəsi üçün heç bir kömək göstərmədiyini, müalicəsinin Türkiyədə olduğunu və ona təcili 22000 manat lazım olduğunu bildirmişdir. O isə cavabdehə müharibə qazilərinə dövlətin qayğı göstərdiyini, bununla bağlı aidiyyəti dövlət qurumlarının olduğunu, ərizə ilə müraciət olunmağını və bunun üçün lazımi köməklikləri göstərməyi təklif etmişdir. Bundan bir müddət sonra cavabdeh ona qazilər üçün rayon ərazisində ev verəcəyini, onun isə evi Ağdaş rayonundan deyil, Bakı şəhərindən almaq istədiyini, bunun üçün də özünü Bakı şəhərində ev veriləcək qazilər siyahısına salmaq üçün 7000 manata ehtiyacı olduğunu bildirmişdir. 2022-ci ilin iyul ayında cavabdeh ona icarəyə verdiyi torpaq sahəsindən çıxmağını, torpaq sahəsini boşaltmağını bildirmişdir. O da aralarında yazılı müqavilə olduğunu, ona pul ödədiyini, torpaq sahəsini icarəyə götürüb 6300 manat xərc çəkdiyini bildirmişdir. Cavabdeh ona heç bir məbləğ qaytarmayacağını, çəkdiyi xərcin də onun marağında olmadığını və hər iki sahəni də traktorla şumlayacağını bildirmişdir. Cavabdeh 2022-ci ilin sentyabr ayında ona icarəyə verdiyi torpaq sahəsindəki və onun torpaq sahəsindəki 6300 manat xərc çəkib becərdiyi yonca əkin sahəsini acığa düşüb onun xəbəri olmadan, qərəzli olaraq ona ziyanlıq vurmaq üçün traktorla şumlatmış, yonca əkin sahəsini və iki illik əziyyətini məhv etmişdir. Dəfələrlə cavabdehi etdiyi özbaşınalıq və ziyanlıq əməllərindən daşındırmağa çalışsa da və etdiyinin qanun pozuntusu olduğunu bildirsə də, cavabdeh mübaribə veteranı olduğunu, ona heç bir orqanın söz deyə bilməyəcəni, o da daxil olmaqla söz deyəni tapdalayacağını bildirmişdir. Hazırda cavabdeh onun ümumilikdə 8,9 ha torpaq sahəsinə 6300 manat xərc çəkərək bitirdiyi yonca əkinini torpaq sahəsini qərəzli olaraq şumladaraq məhv etməklə ona xeyli miqdarda maddi ziyanlıq vurmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsinin əsassız olduğunu bildirərək, rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, işin materiallarında olan JN-220, KOD 90314038 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ağdaş rayonu Aqrar İslahat Komissiyasının 24 noyabr 1998-ci il tarixli 20 nömrəli qərarı ilə 4,92 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi X5 və ailə üzvləri X7, X9, X3, X8, Cavabdeh, X2 mülkiyyətinə verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya RX № ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Cardam kəndində yerləşən 3,9793 hektar kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində xx.xx.2019cu il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Yenicə kənd İƏD üzrə nüməyəndəsi, Ağdaş rayonu, Cardam kənd sakini S.Ş.Ədilov və Ağdaş rayonu, Yenicə kənd sakini İddiaçı tərəfindən imzaları ilə təsdiqlənmiş sənəddən görünür ki, Ağdaş rayonu, Cardam kənd sakini X10 JN-220 Torpağa mülkiyyət hüququna dair Dövlət aktında 4,92 ha pay torpaq sahəsini Yenicə kənd sakini İddiaçı 5 illik müqavilə ilə vermiş, 5 illik müqavilə əsasında İddiaçı 600 (altı yüz) manat almışdır. Bu illər ərzində hər hansı bir anlaşılmaz hallar yaşanarsa, bütün məsuliyyəti öz üzərinə götürmüş və qarşı tərəfin aidiyyəti orqanlara şikayət etməsinə etiraz etmədiyini qeyd etmişdir. İşin materiallarında olan Ağdaş rayon Nehrəxəlil kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli, AZ-T № 199072 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1993-cü il tarixdə doğulmuş, atası X9, anası X4r. İşin materiallarında olan AL/ML/0032 saylı, xx.xx.2019-cu il tarixli Daxili lizinq müqaviləsinin surətindən görünür ki, lizinq müddəti 60 ay, illik faiz dərəcəsi 0 % olmaqla 19320 manat maliyyələşdirilmişdir. İşin materiallarında olan ML0078 nömrəli, xx.xx.2021-ci il tarixli Lizinq Müqaviləsinin ödəniş cədvəlinin surətindən görünür ki, lizinq alan İddiaçı 24 ay müddətində cəmi 4486,12 manat ödəniş etməlidir. İşin materiallarında olan Ağdaş RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 24 avqust 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında yaşadığı kənddə heyvandarlıq və əkinçiliklə məşğul olduğunu, Cavabdeh tanıdığını, Ədilin Ağdaş rayon Cardam kənd sakini olmasını, Ədilin 4,9 ha pay torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini əvvəllər Ədilin atası Surətdən icarəyə götürüb istifadə etdiyini, sonuncu dəfə də Surətdən həmin torpağı 5 illik icarəyə götürdüyünü, həmin yeri saxladığı ev heyvanlarının otlaq yeri kimi istifadə etdiyini, 2022-ci ilin avqust-sentyabr aylarında Ədilin onun yanına gəlib torpağını icarəyə vermək istəməsini söylədiyini, Ədilə həmin torpağı atası Surətdən 5 illik icarəyə götürdüyünü, hələ icarənin bitməsinə 1 il vaxt qalmasını söylədiyini, Ədilin ondan hansı məbləğə icarəyə götürməsini soruşduqda Ədilə 5 il üçün atası Surətə 600 manat pul verməsini söylədiyini, Ədilin də ona torpağı əvvəlki kimi ucuz verməyəciyini söylədiyini, Ədillə torpağın 5 illik icarəsini 1000 manata razılaşdığını, 1000 manat pulu Ədilə verdiyini, Ədilin də öz xətti ilə əlyazma yazıb ona verdiyini, həmin əlyazmada torpağın 2021 -2026-cı illər ərzində ona verilməsinin göstərildiyini, həmin əlyazmanı götürüb özündə saxladığını, sonra Qarabağ müharibəsinin başladığını, Ədilin müharibəyə getdiyini, müharibədən qayıdandan sonra Ədilin ona zəng edərək 1 nömrəli Psixiatrik xəstəxanada olduğunu, ona 5000 manat pul lazım olduğunu, Ədilə həmin miqdarda pulunun olmadığını, torpağa görə pulunu tamlığı ilə verdiyini, bundan sonra Ədilin onun yaşadığı evə gəldiyini, Ədilin ona Türkiyədə müalicə olunmalı olduğunu, 22000 manat ona pul lazım olduğunu, Ədilin ona müqavilənin müddətini biraz da artırmağı, ona əlavə 400-500 manat da pul verməsini təklif etdiyini, Ədilə artıq 66 yaşının olmasını, hələ müqavilə müddətini istifadə etməsini, ondan sonra torpağı istəməyəcəyini söylədiyini, müqavilənin də bitməsinə hələ 4 il qaldığını, Ədilin bundan sonra çıxıb getdiyini, təxminən 3-4 gün əvvəl Ədilin gəlib ona müqaviləni ləğv etmək istədiyini söylədiyini, Ədilə torpağa çəkdiyi xərci qaytarmasını, Ədilin də ona artıq torpaqdan qoyduğu xərci götürməsini söylədiyini, Ədilə həmin sahəyə 1 il öncə yonca əkməsini, 1 ilə yoncadan xeyir götürmək mümkün olmadığını söylədiyini, sonra Ədilin onun barəsində Ağdaş RPŞ-nə müraciət etdiyini, Ağdaş RPŞ-də sahə rəisinin qəbulunda olanda Ədilin verdiyi əlyazmanı sahə rəisinə vermək istəyəndə Ədilin qəflətən həmin əlyazmanı onun əlindən alıb cırdığını, bundan sonra xx.xx.2022-ci il tarixdə səhər saat 06 radələrində biçilmiş otunu presləmək üçün sahəyə getdiyini, Ədilin orada texnika ilə dayanmasını gördüyünü, torpaq sahəsində aralarında mübahisə baş verdiyini, mübahisə vaxtı Ədilin əlindəki bel aləti ilə onun üstün gəldiyini və bel alətini ona vurmaq istəyəndə orada olan Xəzər adlı şəxsin qabağa durub əli ilə Ədilin qaldırdığı bel alətini tutduğunu və ona vurmağa imkan vermədiyini, sonra Ədilin polisə zəng etdiyini, polisin hadisə yerinə gəldiyini, Ədilin polisə onun guya Ədilə məxsus otu oğurlaması barədə məlumat verdiyini, polis əməkdaşları gedəndən sonra otunu yığmağa başladığını, işini bitirib evə gedəndən sonra DİN-in 102 xidmətinə zəng edib Ədil barədə şikayət etməsini bildirmişdir. Həmçinin, o, izahatında Ədilə məxsus otu oğurlamadığını, Ədilə məxsus yerdəki yonca otunun ona məxsus olduğunu, Ədilin mübahisə vaxtı əvvəlcə onu sözlə öldürüb basdıracağını söylədiyini, sonra da əlindəki bel aləti ilə onu vurmaq istəyəndə Xəzər adlı şəxsin araya keçib buna imkan vermədiyini bildirmişdir. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iş materiallarına əlavə edilmiş lizinq müqaviləsində ödənişlər göstərilsə də, həmin ödənişlərin səbəbi göstərilməmiş, işin materiallarına əlavə edilmiş Ağdaş rayon Yenicə kənd İƏD üzrə nümayəndəsi S.R.Haqverdiyev, S.Ş.Ədilov və İddiaçı tərəfindən imzalanmış vərəqədə Ağdaş rayonu, Cardam kənd sakini X10 4,92 ha pay torpaq sahəsini Yenicə kənd sakini İddiaçı 5 illik müqavilə ilə verdiyi qeyd edilmiş, lakin həmin vərəqənin hansı tarixdə tərtib edildiyi və imzalandığı qeyd edilmədiyindən, həmin sənədin hüquqi qüvvəsini itiribitirməməsini müəyyən etmək mümkün olmamış, həmçinin 4,92 ha torpaq sahəsi Cavabdeh tərəfindən deyil, X10 tərəfindən iddiaçıya verildiyi qeyd edilmiş, cavabdehin adı qeyd edilməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya ziyanın dəyməsi müəyyən edilməmiş, o cümlədən iddia olunan dəymiş ziyanın məbləğini təsdiq edəcək hər hansı mötəbər sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar