Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-671/2022 04.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması və uşaqların doğum qeydlərində ata qrafasında iddiaçının ata olması barədə qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması və uşaqların doğum qeydlərində ata qrafasında iddiaçının ata olması barədə qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 05 sentyabr 2013-cü il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 282 nömrə ilə nikah qeydə alınmışdır. Lakin tərəflər arasında heç bir ər-arvad münasibəti olmamış və onlar faktiki nikah münasibətlərinə girməmişlər. İddiaçı qohumunun təklifi ilə Cavabdeh ilə nikaha girmiş, lakin tərəflər nəinki faktiki nikah münasibətlərinə girməmiş, hətta aralarında nişan mərasimi belə olmamışdır. Tərəflər faktiki nikah münasibətlərinə girənə kimi iddiaçıya məlum olmuşdur ki, cavabdeh onunla nikaha ailə qurmaq niyyəti olmadan girmişdir. Həmin vaxtdan sonra tərəflər arasında heç bir əlaqə olmamışdır. Yalnız 2021-ci ildə ata kimi qeydə alındığını bilən iddiaçıya məlum olmuşdur ki, 2013-cü ildən sonra cavabdeh başqa şəxslə faktiki ailə qurmuş və onun 14 mart 2020-ci il tarixdə Muradov Nazim və 05 may 2021-ci il tarixdə Muradov Murad adlı iki oğlu doğulmuşdur. Uşaqların doğumu qeydə alınarkən ataları kimi iddiaçı göstərilmişdir. İddiaçı ilə cavabdeh arasında olan nikah saxtadır və onlar heç vaxt faktiki nikah münasibətlərində olmamışlar. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh arasında 05 sentyabr 2013-cü il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 282 nömrə ilə qeydə alınmış nikahın etibarsız sayılması, 14 mart 2020-ci il tarixdə doğulmuş X1 Ağdaş rayon Qeydiyyat şöbəsində aparılmış 16 mart 2021ci il tarixli 191 saylı və 05 may 2021-ci il tarixdə doğulmuş X2 Ağdaş rayon Qeydiyyat şöbəsində aparılmış 21 may 2021-ci il tarixli 348 saylı doğum qeydində ata qrafasında İddiaçı ata olması barədə qeydin ləğv edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək bildirdi ki, İddiaçı ona qarşı nikahın etibarsız sayılması və uşaqların doğum qeydlərində ata qrafasında ata olması barədə qeydin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin surətini almış, iddia ilə tanışdır. İddianı qəbul edir. Nikahın etibarsız sayılmasına razıdır. İddiaçı kredit alması üçün ona nikahda olması barədə sənədin lazım olduğunu bildirərək onunla nikaha girməyini xahiş etmiş və onlar nikah qeyd etdirmişlər. İddiaçını həmin gündən sonra görməmiş və bir gün də olsun birlikdə yaşamamışlar. O, başqa şəxslə Kürdəmir rayonunda faktiki ər-arvad münasibətlərində yaşayır və onların iki uşağı var. Həmin şəxslə nikaha girmək istəyir, lakin iddiaçı ilə nikahı qüvvədə olduğu üçün nikahlarını qeyd etdirə bilmirlər. Uşaqlarının atası İddiaçı deyil. Nikahın etibarsız sayılması və uşaqların doğum qeydlərinin ata qrafasında İddiaçı ata olması barədə qeydin ləğv edilməsinə razıdır. Ailəsi ilə birlikdə Kürdəmir rayonunda yaşadığı üçün məhkəmənin növbəti iclaslarına gələ bilməyəcək. Onun iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 iyul 2021-ci il tarixli, № 1418 saylı nikah haqqında arayışın surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 05.09.2013-cü il tarixdə 282 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra arvada Muradova soyadı verilmişdir. İşin materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən 15.07.2021-ci il tarixdə verilmiş, № 2402 saylı doğum haqqında arayışın surətindən görünür ki, X3 05 may 2021-ci il tarixdə Səbirabad rayonunda anadan olmuş, atası İddiaçı, anası isə Cavabdehdır. İşin materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən 15.07.2021-ci il tarixdə verilmiş, № 2403 saylı doğum haqqında arayışın surətindən görünür ki, X4 14 mart 2021-ci il tarixdə Səbirabad rayonunda anadan olmuş, atası İddiaçı, anası isə Cavabdehdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər 05 sentyabr 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirmişlər, faktiki olaraq birgə yaşamamışlar, ər-arvad münasibətləri olmamışdır, birgə təsərrüfat aparmamışlar, nikahları formal xarakter daşıyır, cavabdeh başqa şəxslə faktiki ər-arvad münasibətlərində yaşayır və onların iki uşaqları dünyaya gəlmişdir, iddiaçı ilə nikahı qüvvədə olduğu üçün uşaqların doğum haqqında şəhadətnaməsində onun adı qeyd edilmişdir, iddiaçı nikahın etibarsız sayılmasını və uşaqların doğum qeydlərində ata qrafasında iddiaçının ata olması barədə qeydin ləğv edilməsini təkid edir, cavabdeh isə nikahın etibarsız sayılmasına və uşaqların doğum qeydlərində ata qrafasında iddiaçının ata olması barədə qeydin ləğv edilməsinə razıdır. Ailə Məcəlləsinin 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Ailə Məcəlləsinin 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Ailə Məcəlləsinin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Ailə Məcəlləsinin 26.1.7-ci maddəsinə əsasən saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunduğu kimi cavabdeh tərəfindən iddia tələbinin etiraf edilməsi ilə əlaqədar məhkəməyə ərizə təqdim edilmişdir. Həmçinin, tərəflərin izahatları ilə müəyyən edilir ki, nikah bağlanarkən onların nikaha daxil olmaq niyyətləri olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 05 sentyabr 2013-cü il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 282 nömrə ilə qeydə alınmış nikah etibarsız sayılmalı, 14 mart 2020-ci il təvəllüdlü X1 Ağdaş rayon Qeydiyyat şöbəsində aparılmış 16 mart 2021-ci il tarixli 191 saylı və 05 may 2021-ci il təvəllüdlü X2 Ağdaş rayon Qeydiyyat şöbəsində aparılmış 21 may 2021-ci il tarixli 348 saylı doğum qeydində ata qrafasında İddiaçı ata olması barədə qeyd ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 05 sentyabr 2013-cü il tarixdə Göyçay rayon Qeydiyyat şöbəsində 282 nömrə ilə qeydə alınmış nikah etibarsız sayılsın. 14 mart 2020-ci il təvəllüdlü X1 Ağdaş rayon Qeydiyyat şöbəsində aparılmış 16 mart 2021-ci il tarixli 191 saylı və 05 may 2021-ci il təvəllüdlü X2 Ağdaş rayon Qeydiyyat şöbəsində aparılmış 21 may 2021-ci il tarixli 348 saylı doğum qeydində ata qrafasında İddiaçı ata olması barədə qeyd ləğv edilsin Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-671/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-671/2022
04.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver