Məhkəmə qərarları › İş №e-2(015)-1030/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-1030/2025

04.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1030/2025 04.07.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X7 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi : "xxxx" ASC məhkəməyə müraciət edərək, X2 zamini Cavabdeh "xxxx" ASC-nin xeyrinə 28 fevral 2023-cü il tarixli, 742-KQ saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2181.33 manat, vəfat etdiyi tarixə faiz borcu üzrə 37.25 manat olmaqla, cəmi 2218.58 (iki min iki yüz on səkkiz tamyüzdə əlli səkkiz) manat məbləğində kredit borcunun, ödənilmiş 42.19 manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsində "xxxx" ASC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə tələb edilən məbləğ 5000 manatdan az olduğundan, mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması mümkün hesab edilmiş, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Ağstafa Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, işə iddiaçının təqdim etdiyi sənədlər əsasında baxılmalı və işin həllinə dair iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin “Ağstafa” filialı ilə X4 arasında bağlanmış 28 fevral 2023-cü il tarixli, 742-KQ saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla, 4000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı kimi Bankla Cavabdeh arasında 28 fevral 2023-cü il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Eyni zamanda, Zaminlik müqaviləsinin 2.3-cü maddəsinə əsasən Borc alanın Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirməsinə görə Borc alanla birlikdə məsuliyyət daşımaq Zaminin öhdəliyi kimi müəyyən edilmişdir. X1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məxsus https://exidmet.justice.gov.az:8284/Notariat/İnheritanceİnfo portal vasitəsi ilə Bank tərəfindən borc alanın ölümü ilə bağlı vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı sorğu edilmiş, vərəsəlik işi barədə hər hansı məlumat aşkar edilməmişdir. Bankın “Ağstafa” filialı tərəfindən təqdim edilmiş 11 aprel 2025-ci il tarixli maliyyə arayışa əsasən, X2 vəfat etdiyi tarixə Banka əsas borc üzrə 2181.33 manat, vəfat etdiyi tarixə faiz borcu üzrə 37.25 manat olmaqla, cəmi 2218.58 manat kredit borcu qalmışdır. Cavabdeh X2 "xxxx" ASC qarşısında olan öhdəliyi icra edilməmiş, mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. X1 vəfat etdiyindən, onun ölümü ilə bağlı vərəsəlik işinin açılıbaçılmaması ilə bağlı sorğu edilmsə vərəsəlik işi barədə hər hansı məlumat aşkar edilmədiyindən, "xxxx" ASC zamin Cavabdeh qarşı hazırki ərizə məhkəməyə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X2 vəfat etdiyi tarixə Banka əsas borc üzrə 2181.33 manat, vəfat etdiyi tarixə faiz borcu üzrə 37.25 manat olmaqla, cəmi 2218.58 manat kredit borcu yaranmışdır. Məhkəmə hesab edir ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. Cavabdehin isə müqavilə üzrə iddiaçı qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəsifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu izah etmişdir ki, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində borclunun ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmadığından, borclu öldüyü halda da zamin təmin etdiyi öhdəliyə görə məsuliyyətli olmaqda davam edir. Bu həm də ondan irəli gəlir ki, zaminlik müqaviləsi ilə zamin kreditor qarşısında əsas müqavilə üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi riskini öz üzərinə götürür və bu riskin reallaşacağı təqdirdə kreditora mənafeyini təmin edəcəyinə dair zəmanət verir. Yəni borclunun ölümü səbəbindən əsas öhdəliyin icra edilməməsi də zaminin təminat verdiyi risklər dairəsinə daxildir. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də, məsuliyyət daşıyırlar. Plenum izah etmişdir ki, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olubolmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Qeyd edilən maddi hüquq normalarının tələblərinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun şərhini müzakirə edərək məhkəmə hesab edir ki, Cavabdeh zaminlik müqaviləsi üzrə Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur və o, öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehə qarşı məhkəmədə iddia qaldırılması üçün 42.19 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin “Ağstafa” filialı ilə X4 arasında bağlanmış 28 fevral 2023-cü il tarixli, 742-KQ saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə hesablanmaqla, 4000 manat məbləğində kredit verilməsi, kredit öhdəliyinin təminatı kimi Bankla Cavabdeh arasında 28 fevral 2023-cü il tarixində zaminlik müqaviləsi bağlanması, X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə məxsus portal vasitəsi ilə Bank tərəfindən borc alanın ölümü ilə bağlı vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı sorğu edilməsi, vərəsəlik işi barədə hər hansı məlumat aşkar edilməməsi, Bankın “Ağstafa” filialı tərəfindən təqdim edilmiş 11 aprel 2025-ci il tarixli maliyyə arayışa əsasən, X2 vəfat etdiyi tarixə Banka əsas borc üzrə 2181.33 manat, vəfat etdiyi tarixə faiz borcu üzrə 37.25 manat olmaqla, cəmi 2218.58 manat kredit borcu qalması sübuta yetirildiyindən iddia təmin edilməli, Cavabdeh 2181.33 manat əsas, 37.25 manat faiz olmaqla, cəmi 2218.58 manat borc, 42.19 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 2181.33 manat əsas, 37.25 manat faiz olmaqla, cəmi 2218.58 manat borc, 42.19 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar