Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-1765/2025 16.12.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran mehman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, İddiaçı 2 saylı X4 Mərkəzinin Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Təsviri hissə:
1. İddiaçı 2 saylı X4 Mərkəzi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh meşə fondu sahəsində özbaşına mal-qara otarılması nəticəsində dövlətə dəymiş zərərin əvəzi 79.20 (yetmiş doqquz manat iyirmi qəpik) manat məbləğində pulun ondan tutulub 2 saylı X4 Mərkəzinin "xxxx" ASC-nin Tovuz rayon şöbəsinin AZ41NABZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı 2 saylı X4 Mərkəzi iddia tələbini onunla əsaslandırmışdır ki, Mərkəzin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə mərkəzin Poylu meşəbəyliyinin 2 saylı meşə olayısında reyd keçirən zaman Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakini Cavabdeh tərəfindən özbaşına olaraq mal-qarasını dövlət meşə fondunun sahəsinə gətirib otarması faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və toplanmış material İXM-nin 103.1 maddəsinə əsasən səlahiyyətli orqana göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində Dövlət meşə fonduna AR NK-nin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 79.2 manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2025-ci il tarixli 3-14-27-12/2-223/2025 nömrəli məktubla vurduğu zərərin könüllü olaraq ödənilməsi tələb edilmiş, lakin o, bundan imtina etmişdir. Ona görə də, iddianın təmin olunmasını və pulun cavabdehdən tutulmasını xahiş etdi.
a) Məhkəmə icraatı iştirakçının izahatı: 3.Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmiş, məhkəmə baxış iclasında iştirak etməmişdir. 4.Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. 5.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
6. Məhkəmə mülki iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır.
Əsaslandırıcı hissə: b) Mülki işin materialları:
7. 2 saylı X4 Mərkəzinin Poylu meşəbəyliyinin 2 saylı meşə dolayısının xx.xx.2025-ci il tarixdə aparılmış yoxlama zamanı aşkar edilmiş özbaşına olaraq mal-qarasını dövlət meşə fondunun sahəsinə gətirib otarması faktı müəyyən edilmişdir.
8. 2 saylı X4 Mərkəzi Poylu meşəbəyliyinin mühafizə mühəndisi X3 tərəfindən Cavabdeh barəsində MN ******* nömrəli 21 oktyabr 2025-ci il tarixli İnzibati xəta haqqında protokol tərtib etmişdir.
9. 2 saylı X4 Mərkəzi tərəfindən tərtib olunmuş MN ******* nömrəli 21 oktyabr 2025-ci il tarixli protokolun surəti xx.xx.2025-ci il tarixli 3-14-27-12/2-223/2025 nömrəli məktubla cavabdehin ünvanına göndərilmişdir.
10. 2 saylı X4 Mərkəzi Poylu meşəbəyliyi hadisə ilə bağlı 008230 nömrəli 21 oktyabr 2025-ci il tarixdə akt tərtib etmiş və fotoşəkillər iş materiallarına əlavə edilmişdir.
c)Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. 2 saylı X4 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə mərkəzin Poylu meşəbəyliyinin 2 saylı meşə olayısında reyd keçirən zaman Ağstafa rayonu Aşağı Kəsəmən kənd sakini Cavabdeh tərəfindən özbaşına olaraq mal-qarasını dövlət meşə fondunun sahəsinə gətirib otarması faktı müəyyən olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 257-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair MN ******* nömrəli 21 oktyabr 2025-ci il tarixli protokol tərtib edilmişdir. Toplanmış material baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Eyni zamanda Mərkəzin əməkdaşları tərəfindən Dövlət meşə fonduna vurulmuş ziyanla bağlı 21 oktyabr 2025-ci il tarixli akt tərtib olunmuş, həmin akta əsasən hesablanma aparılmış, qanunsuz mal-qaranın otarılması üçün 79,20 manat ziyan dəymişdir. Ona görə də, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, meşələrdən bəhrələnməklə, onun nemətlərindən istifadə etməklə yanaşı, təbiətin bu füsunkar nemətini qorumaq, onu gələcək nəsillərə ərməğan etmək hər bir vətəndaşın borcudur. Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir . Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir. Eyni zamanda, meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar. Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
13. Azərbaycan Respublikası Konstitusiyasının 39-cu maddəsinin 3-cü hissəsinə əsasən heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz.
14. Həmin Konstitusiyanın 78-ci maddəsinə əsasən ətraf mühitin qorunması hər bir şəxsin borcudur.
15. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 46-cı maddəsinə əsasən meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir.
16. Həmin Məcəllənin 50-ci maddəsinə əsasən meşə fondundan istifadə zamanı meşə istifadəçiləri meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəməyə borcludurlar
17. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 31 yanvar 2019-cu il tarixli, 30 saylı qərarına əsasən, Dövlət meşə fonduna aid ərazidə qanunsuz olaraq mal-qara otarılmasına görə dəymiş ziyan hesablanmışdır.
19. Göründüyü kimi, Cavabdeh qanunsuz olaraq mal-qara otardığına görə 79,20 manat məbləğində dəymiş ziyan müəyyən edilmişdir. Ona görə də, iddiaçı vurulmuş zərərin əvəzi olaraq, 79,20 manat məbləğin cavabdehdən alınıb ona ödənilməsini tələb etməkdə haqlıdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
21. Həmin Məcəllənin 1096.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu hüquqla və qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
22. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu tdelikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi erərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
23. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
24. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 79,20 manat məbləğində maddi ziyan tutulub iddiaçı 2 saylı X4 Mərkəzinin AZ41NABZ******************** saylı hesabına ödənilməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir.
27. Həmin Qanunun 9.1.14-cü maddəsinin tələblərinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları dövlət rüsumu ödəməkdən azad olunurlar.
28. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə hesab edir ki, hazırki iddianın qiymətinin 1000 manatadək olmasını, iddiaçının dövlət rüsumu ödəməkdən azad olunması nəzərə alınaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilməlidir
Nəticə hissəsi:
29. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi :
İddia təmin edilsin. Cavabdeh 79,20 (yetmiş doqquz manat, iyirmi qəpik) manat məbləğində maddi ziyan tutulub iddiaçı 2 saylı X4 Mərkəzinin "xxxx" ASC-nin Tovuz rayon şöbəsinin AZ41NABZ******************** saylı hesabına ödənilsin. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə keçirilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Heyran Mürsəlova