Məhkəmə qərarları › İş №e-2(015)-22/2025

Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-22/2025

16.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-22/2025 16.04.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, İddiaçı “X3” MMC-nin qanuni təmsilçisi İddiaçı iştirakı ilə, İddiaçı “X3” MMC-nin Cavabdeh Böyükağa oğluna qarşı ziyanlıq tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı “X3” MMC-nin qanuni təmsilçisi İddiaçı Cavabdeh Böyükağa oğluna qarşı ziyanlıq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 və ailə üzvlərinin Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının 28 noyabr 2022-ci il tarixli 174 saylı Sərəncamı əsasında onunla Ağstafa rayon İcra Hakimiyyəti arasında bağlanmış həmin tarixli 19/22 saylı “Torpaq icarə Müqaviləsi” əsasında qanuni istifadəsində olan Ağstafa rayonunun inzibati ərazisindən “Ceyrançöl” qış otlaq sahəsində yerləşən 120 ha torpaq sahəsindən öz hesablarına məcburi qaydada çıxarılaraq ona torpağın ona təhvil verilməsi, cavabdehə həmin torpaq sahəsindən bundan sonrakı (qətnamənin icrasından) istifadəsinə hər hansı maneçiliyin qadağan edilməsi, cavabdehdən ona vurmuş olduğu 9600 (doqquz min altı yüz ) manat ziyanın və 116 manat məhkəmə rüsumunun kompensasiya formasında tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İş üzrə iddiaçı “X3” MMC-nin qanuni təmsilçisi İddiaçı məhkəmə baxışı gedişində əmələ gəlmiş əsaslara əsasən iddia həcminin azaldılması barədə ərizə təqdim edib, cavabdehdən ona vurmuş olduğu 9600 (doqquz min altı yüz) manat ziyanın və 116 manat məhkəmə rüsumunun kompensasiya formasında tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, “X1” MMC-nin rəhbəridir. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısının 28 noyabr 2022-ci il tarixli 174 saylı Sərəncamı əsasında onunla həmin tarixli 19/22 saylı “Torpaq icarə müqaviləsi” bağlanılmışdır. Həmin müqaviləyə əsasən ona rayonun inzibati ərazisindən “Ceyrançöl” qış otlaqlarından 120 ha örüş sahəsi 10 il müddətinə icarəyə verilmışdır. 2023-cü ilin avqust ayında cavabdeh iddiaçının torpaq sahəsini zəbt etmişdir. 8 ay ərzində iki ailə ilə onun çoban evində məskunlaşaraq 3 tövləmdən istifadə etmiş, torpaq sahəsi və biçənəyini heyvanlarına otarmış və tövləsindəki peyini ekvatorla yük maşınlarına yükləyərək satmışlar. Həmin torpaq sahəsinin 8 aylıq, yəni bir mövsümlük subicarəsi 2000 manat təşkil edir. Peyinlərdən (gübrə kimi satışından) 450 manat qazanmışlar. İri və xırdabuynuzlu heyvanlarına yedirtdiyi biçənəyindən 2500 ədəd ot bağlaması çıxırdı ki bunun da hər birinin ortalama qiyməti 4 manat təşkil edir ki, texniki xərclər çıxıldıqda ona 7150 manat real mənfəət gələcəkdir. Cavabdeh həmçinin çoban evinə və tövlələrə də ziyan vurub. Onun və ailə üzvlərinin iddiaçıya vurduğu ziyan təxminən 9600 (doqquz min altı yüz) manat təşkil edir. O, 116 manat məhkəmə rüsumu ödəmişdir. Cavabdehlə apardığı bütün danışıqlar, hüquq-mühafizə orqanlarına (polis) verdiyi şikayətlər heç bir nəticə vermədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, cavabdeh və onun ailə üzvləri onun istifadəsində olan torpaq sahəsindən məcburi qaydada çıxarılmalı, cavabdehə və yaxınlarına məhkəmə aktı icra olunduqdan sonra həmin torpaqdan istifadəsinə hər hansı maneçilik qadağan edilməli və cavabdeh ona dəymiş zərəri kompensasiya olaraq ona ödəməlidir.

Məhkəmə icraatı iştirakçının izahatı:

4. Məhkəmə iclasında iddiaçı “X1” MMC-nin qanuni təmsilçisi İddiaçı iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

5. Cavabdeh Böyükağa oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir.

6. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə işdə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: Mülki işin materialları:

8. İş materiallarında olan torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Ağstafa Rayon İcra hakimiyyətinin başçısının 28 noyabr 2022-ci il tarixli 174 saylı Sərəncamı əsasında “X3” MMC ilə həmin tarixli 19/22 saylı “Torpaq icarə Müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən cəmiyyətə rayonun inzibati ərazisindən “Ceyrançöl” qış otlaqlarından 120 ha örüş sahəsi 10 il müddətinə icarəyə verilmışdır.

9. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 116 manat dövlət rüsumu ödənilmişdir.

Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Ağstafa Rayon İcra hakimiyyətinin başçısının 28 noyabr 2022-ci il tarixli 174 saylı Sərəncamı əsasında “X3” MMC ilə həmin tarixli 19/22 saylı “Torpaq icarə müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən cəmiyyətə rayonun inzibati ərazisindən “Ceyrançöl” qış otlaqlarından 120 ha örüş sahəsi 10 il müddətinə icarəyə verilmışdır. İddiaçı iddia edir ki, cavabdeh torpaq sahəsi və biçənəyini heyvanlarına otarmış və tövləsindəki peyini ekvatorla yük maşınlarına yükləyərək satmışlar. Həmin torpaq sahəsinin 8 aylıq, yəni bir mövsümlük subicarəsi 2000 manat təşkil edir. Peyinlərdən (gübrə kimi satışından) 450 manat qazanmışlar. İri və xırdabuynuzlu heyvanlarına yedirtdiyi biçənəyindən 2500 ədəd ot bağlaması çıxırdı ki bunun da hər birinin ortalama qiyməti 4 manat təşkil edir ki, texniki xərclər çıxıldıqda ona 7150 manat real mənfəət gələcəkdir. Cavabdeh həmçinin çoban evimə və tövlələrə də ziyan vurub. Onun və ailə üzvlərinin mənə vurduğu ziyan ortalama olaraq 9600 (döqquz min altı yüz) manat təşkil edir.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

11. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Həmin Məcəllənin 1096.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu hüquqla və qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.

14. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu delikt nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, babelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi erərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

15. İddiaçı təşkilat tərəfindən isə cavabdehin iddiaçıya maddi ziyan vurması, həmin ziyanın həqiqətən vurulduğunun aşkar olması, cavabdehin əməlinin, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması və qanunazidd əməli ilə dəymiş ziyan arasında səbəbli əlaqənin olması, cavabdehin iddiaçı ilə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi, həmin əməlinə görə iddiaçının əmlakına ziyan vurması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin hər hansı bir hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan dəyməsi barədə məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən, iddiaçının istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia təmin oluna bilməz.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir

18. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 116 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir.

19. Azərbaycan Respublikası Mülki ProsessualMəcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Nəticə hissəsi:

22. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı “X3” MMC-nin Cavabdeh Böyükağa oğluna qarşı ziyanlıq tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 116 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Ağstafa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar