Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-837/2023 13.12.2023 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1i ünvanında yerləşən 7717 kv.m torpaq sahəsinə dair icarə haqqı 134 manat olmaqla onunla icarə müqaviləsinin bağlanması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X2 iddia tələbini müdafiə edib izahatında göstərmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti öz fəaliyyəti çərçivəsində torpaq sahələrinin səmərəli istifadə edilməsi haqqında qanuna uyğun olaraq icarə hüququ ilə çıxış edir, yəni icarə vermək hüququ vardır. Həmin torpaq sahələrini icarəyə cəlb etmək, Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifə və funksiyalarına aiddir. İcarə haqqında qanunda və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilən maddələrə əsasən, dövlət torpaq sahəsindən istifadə edən, bütün şəxslər icarə müqaviləsi bağlamağa borcludurlar. Cavabdehin istifadəsində olan ünvan 1i ünvanında yerləşən 7717 kv.m torpaq sahəsinə dair icarə haqqı 134 manat təşkil edir. Lakin, cavabdeh həmin məbləğlə razılaşmayaraq icarə müqaviləsini bağlamaqdan imtina etmişdir. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib göstərdi ki, adıçəkilən obyekt kiçik istehsalat müəssisəsidir, orada tikinti materiallarının satışı həyata keçirilir. Həmin ərazi Qazax rayon torpaq komitəsinin xx.xx.1988-ci il tarixli çıxarışa əsasən 0,50 ha ərazisi müəyyən edilmiş, onunda 201 kv sahə tikilinin alt sahəsidir. Tikintinin alt hissəsinin ona məxsus olması bildirilmişdir. Onunla 201 kv.m tikinti altı sahəsinə və 0,23 ha torpaq sahəsinə qanunla müəyən edimiş qaydada müqavilə bağlanılması bildirilmiş, lakin 6 ay keçdikdən sonra, onunla aylıq olaraq 134 manat ödənişi ilə müqavilə bağlanılması təklif olunmuşdur. Həmin dövrdə müəssisə fəaliyyətsiz olmuş, hal-hazırda da boş mağazadır. Digər torpaq sahələri isə istifadə etməmiş, orada ağaclar əkilmişdir. Boş olan, fəaliyyət göstərməyən bir obyektə aylıq 134 manat icarə müqaviləsi çoxdur. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh xüsusi mülkiyyətində ünvan 1ində yerləşən 0,23 ha torpaq sahəsi üzərində ümumi sahəsi 201 kv.m olan əmlak kompleksi kimi müəssisə qeyd alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələri tərəfindən aparılan monitorinq zamanı isə cavabdehin ünvan 1ində yerləşən dövlət mülkiyyətində olan 7717 kv.m torpaq sahəsinin istifadə etməsi müəyyən olunmuşdur. Bundan sonra cavabdehə həmin torpaq sahəsinə dair aylıq 134 manat olmaqla icarə müqaviləsi bağlanılması təklif olunsa da cavabdeh həmin məbləğlə razılaşmayaraq icarə müqaviləsini bağlamaqdan imtina etmişdir. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Qeyd olunur ki, qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər müqavilə şəklində ola bilər. Müqavilənin bağlanması üçün isə tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Belə ki, Mülki Məcəllənin (bundan sonra) 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-nin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-nin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. MM-nin 706.1-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. MM-nin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. MM-nin 706.3-ci maddəsinə əsasən torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Göründüyü kimi, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Hazırki mübahisədə isə iddiaçı cavabdehin üzərinə torpaq icarə müqaviləsinin bağlanılması tələbi ilə çıxış etmişdir. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. İddiaçı isə qanunvericiliyin tələblərinə uyğun olaraq mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi cavabdehin icarə müqaviləsini bağlamaqdan boyun qaçırdığı təqdirdə torpaq sahəsinin cavabdehdən alınaraq ona təhvil verilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Qanunvericilikdə isə torpaq icarə müqaviləsinin bağlanılması öhdəliyinin digər şəxsin üzərinə qoyulması nəzərdə tutulmamışdır. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. “X3 Azərbaycan Respublikası Qanunu”nun 9.1.14-cü maddəsinin tələblərinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia tələbi təmin edilmədiyindən, eyni zamanda iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı icarə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-837/2023
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-837/2023
13.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver