Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-252/2024 02.04.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 22 may 2023-cü tarixli 09/03605 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2.000 manat borc və 40 manat dövlət rüsumu olmaqla, cəmi 2.040 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 may 2023-cü tarixli 09/03605 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo SR-2065 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 6.000 manat öhdəlikdən 4.000 manat ödəniş edilmiş, 2.000 manat borc qalmışdır. Lakin cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığı üçün iddiaçı dəfələrlə yaranmış borcun ödənilməsini tələb etmiş, ancaq cavabdeh bugünə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 22 may 2023-cü tarixli 09/03605 saylı “Kənd təsərrüfatı texnikasının qısa müddətli lizinqə (istifadəyə) varilməsi barədə” müqaviləyə əsasən 2018-ci il buraxılışlı, 24-T-418 dövlət qeydiyyat nömrəli 1 ədəd SR- 2065 markalı taxılyığan kombayn 1.500 manat ilkin ödəniş etməklə 3 ay müddətinə 6.000 manat ödənişlə Cavabdeh istifadəyə verilmişdir. - xx.xx.2023-cü iltarixli maliyyə arayışından görünür ki, cavabdehin 22 may 2023-cü tarixli 09/03605 saylı müqavilə üzrə 6.000 manatdan 4.000 manat ödəniş etməklə 2.000 manat qalıq borcu vardır. - xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı cavabdehə borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini istifadə etmək hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o, pul məbləğini ödəməli olmasına dair öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə, iddia tələbinin 40 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. 2.000 manat borc və 40 manat dövlət rüsumu olmaqla, cəmi 2.040 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-252/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-252/2024
02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver