Məhkəmə qərarları › İş №e-2(016)-80/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-80/2024

21.02.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-80/2024 21.02.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən 6.075,62 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,76 manat məbləğində pulun alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh 10 yanvar 2022-ci il tarixindən İddiaçı MMC-də satış üzrə nümayəndə vəzifəsində çalışmışdır. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 6.075,62 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 6.075,62 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Ərizəyə əlavə olunmuş xəbərdarlıqdan da göründüyü kimi qeyd edilən maddəyə əsasən cavabdehin dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini yerinə yetirməmişdir. İddiaçı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmiş, təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator “mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli Arayış vermişdir. Mediasiya xərci olan 50 manat məbləğində pul tərəflərindən tam şəkildə ödənilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, İddiaçı MMC-də satış təmsilçisi işləmişdir. İşdən çıxarkən müddəti bitən mallar olmuşdur. Onun orda yeyintisi olmayıb. Şahidi də var. O, işdən çıxanda da onlara müraciət etmişdir. Gəlib onu təhvil-təslim edəndə heç bir əskiyi olmayıb. İşdən çıxan zaman onu işini yoxlamağa auditor gəlmişdi. İşdən çıxandan sonra ona məktub gəlib ki, sənin yeyintin olub. İddia tələbinin rədd olunmasını xahiş edirəm. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-də satış üzrə nümayəndə vəzifəsinə təyin olunmuşdur. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müaqaviləsi bildirişindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, İddiaçı MMC-nin Göyçay filialı üzrə aparıcı auditi işləmişdir. Elvin həmin vaxt İddiaçı MMC-də satış təmsilçisi işləyib. Onun təhvil-təslimini o aparmışdır. Həmin vaxt Elşənin əskiyi olmayıb. Şirkət Elvini əsassız günahlandırır. Belə ki, hansısa obyektə rəhbərliyin təkidi ilə mallar verilib. Daha sonra həmin mağaza bağlanıb. Burda Elvinin günahı yoxdur. Şirkətin problemli işlərlə bağlı şöbəsi var. O, bununla məşğul olub, həmin mağazalardan pulu almalıdır. Elvin şirkətin adından həmin malları mağazalara paylayıb. MMC Bizon içkisi istehsal edir. Vaxtı keçmiş malları mağaza şirkətə geri qaytarır. Lakin vaxtı keçmiş malları şirkət Elvindən qəbul etmir. Həmin malları Elvin həyətində aparıb saxlamışdır. O, özü də müddəti keçmiş mallara baxmışdır. Müddəti keçmiş mallara dair akt tərtib etmişdir. O, öz hesabatında göstərmişdir ki, Cavabdeh yeyintisi yoxdur. Onun günahı olsaydı, həmin vaxt ondan izahat alardı. Lakin günahı olmadığı üçün ondan izahat alınmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləmişdir. İddia ərizəsinin tələbinə görə cavabdeh Cəmiyyətdə satış təmsilçisi kimi işləyən zaman onun cəmiyyətdən aldığı malların qalıq borcları ödənilməmiş qalmış, belə ki, cavabdeh satışdan müxtəlif tarixlərdə müəyyən məbləğində pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır, geri qalan 6.075,62 manat məbləğində pulu bu günə kimi ödəməmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində Şahid ifadəsindən görünür ki, Cavabdeh işdən çıxarılan zaman malların təhvil-təslimi aparılmış, həmin vaxt Elşənin əskiyi olmamış, bu səbəbdən, ondan bununla bağlı izahat alınmamışdır. Bundan əlavə, mağaza sahiibləri tərəfindən geri qaytarılmış vaxtı keçmiş mallar da, MMC tərəfindən qəbul edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndinə əsasən, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM): 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbnin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında iddiaçı öz tələbini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, halbuki mülki prosessual qanunvericiliyin tələbinə görə, iddia etdiyi halın sübut edilməsi məhz iddiaçının vəzifəsidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Göründüyü kimi, iddiaçı cavabdeh İddiaçı MMC Cavabdeh 6.075,62 manat pul tələb etsə də, həmin məbləğdə ziyanın cavabdeh tərəfindən dəyməsi halını təsdiq edən hər-hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin cаvаbdеh Cavabdeh qаrşı “pul” tələbinə dair iddiası rədd edilməlidir. MPM-in: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar