Azərbaycan Respublikası adından QƏRARDAD Ağsu rayonu İş № e-2(016)-82/2025 19.02.2025 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər “X2” PHŞ, Ağsu rayon Notariat Ofisi, Ağsu rayonu Çaparlı Bələdiyyəsi, DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi, üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs1 və X1 qarşı “hərrac protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “X2” PHŞ, Ağsu rayon Notariat Ofisi, Ağsu rayonu Çaparlı Bələdiyyəsi, DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi, üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs1 və X1 qarşı “hərrac protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək dəfn mərasimində iştirak etməsi ilə əlaqədar məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Ağsu rayon Notariat Ofisinin notariusu ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını və mülki mübahisənin məhkəmənin mülahizəsindən asılı olaraq həll edilməsini xahiş etmişdir. Digər proses iştirakçılarını məhkəmə iclаsının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 25.2-ci maddəsinə əsasən, ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunan normaların məzmunundan müəyyən olunur ki, məhkəmə aidiyyət məsələsini həll edərkən həm mübahisənin tərəflərini, həm də mübahisənin predmetini və münasibətlərin xarakterini dəqiq müəyyənləşdirməlidir. Ümumi məhkəmələr və kommersiya məhkəmələri arasında aidiyyət məsələsi həll edilərkən əsas amil olaraq mübahisəli hüquq münasibətlərinin mahiyyəti və predmeti, bu münasibətlərin subyektiv tərkibi və mübahisənin xarakteri rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 nömrəli Qərarının 3-cü bəndindən müəyyən olunur ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi əsası, ərazi aidiyyətindən fərqli olaraq iddia ərizəsinin geri qaytarılması üçün əsas ola bilməz. Belə ki, MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş məhz ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi barədə əsaslandırılmış qərardad çıxarır. İddia ərizəsinin məhkəmə aidiyyəti üzrə düzgün verilməməsi zamanı iddia ərizəsinin geri qaytarılması deyil, onun məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilməlidir. Bununla yanaşı MPM-in 32.7-ci maddəsi ilə bir məhkəmədən digərinə göndərilmiş işin onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməli olması ilə bağlı müddəa, məhkəmənin həmin işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadla razılaşmayaraq, işin göndərən məhkəməyə geri qaytarılmasını qadağan edən norma kimi qəbul edilməlidir. Yəni, bu norma heç də aidiyyəti üzrə göndərilmiş işin onu qəbul edən məhkəmə tərəfindən iddia ərizəsinin MPMin 149, 150-ci maddələrinin tələblərinə cavab verməməsi əsası ilə MPM-in 152-ci maddəsinə istinad etməklə tərəfə geri qaytarılmasının qarşısını almır. Məhkəmələr tərəfindən işlərin aidiyyəti üzrə göndərilməsi zamanı MPM-in 10-1-ci maddəsinin tələblərinə riayət edilməsi baxımından kağız daşıyıcılarında olan iş materiallarının elektron sənədə çevrilməsi ilə bağlı “Elektron məhkəmə” informasiya sisteminin imkanlarından istifadənin zəruriliyi də diqqətdən kənarda qalmamalıdır. Həmin Qərarın 12-ci bəndindən müəyyən olunur ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən götürülmüş məlumatdan görünür ki, İddiaçı (VÖEN: **********), Ağsu rayonu Çaparlı Bələdiyyəsi (VÖEN: **********), Maraqlı şəxs1 (VÖEN: **********), Maraqlı şəxs2 (VÖEN: 3********) və Maraqlı şəxs3 (VÖEN: **********) vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdadırlar. MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. MPM-in 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğundan, mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və MPM-in 25, 26, 44, 45, 263, 264, 268 və 269-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər “X2” PHŞ, Ağsu rayon Notariat Ofisi, Ağsu rayonu Çaparlı Bələdiyyəsi, DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi, üçüncü şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs1 və X1 qarşı “hərrac protokolunun və onun nəticələrinin etibarsız hesab edilməsi və sair” tələbinə dair iddia ərizəsi üzrə e-2(016)- 82/2025 nömrəli mülki iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov
Məhkəmə qərarları › İş №e-2(016)-82/2025
Ağsu Rayon Məhkəməsi Qərardad — İş №e-2(016)-82/2025
19.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver