Məhkəmə qərarları › İş №e-2(017)-1057/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1057/2025

23.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1057/2025 23.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X14, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, nümayəndəsi Nümayəndə3 və Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi - vəkili Nümayəndə1 iddianı müdafiə edərək izahatında göstərdi ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 07/716 nömrəli qərarı ilə Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün həmin kəndin sakini mərhum X1. Həmin torpaq sahəsi üzərində X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün o, torpaq sahəsini notarial qaydada sata bilmədiyinə görə, aralarında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən iddiaçıya 8000 ABŞ dolları məbləğində pul vəsaiti qarşılığında (gələcəkdə alıcı tərəfindən torpağın öz vəsaiti hesabına öz adına rəsmiləşdirilməsi şərti ilə) satmışdır. Torpaq sahəsinə alıcı İddiaçı tərəfindən 7 avqust 2006-cı il tarixdə baxış keçirilməsi, torpağın dəyəri qismində 8000 ABŞ dolları məbləğində pul vəsaitinin satıcıya verilməsi və onun əvəzində X19 tərəfindən torpaq sahəsinin yerində təhvil verilməsi, Abşeron rayon Məmmədli kənd sakinləri Dadaşov Əliağa Babaş oğlu və X5 iştirakları ilə baş tutmuşdur. Bundan başqa Namiq Əliyev notariat ofisində təsdiq olunmuş, mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməsinə, onun barəsində sərəncam verilməsinə dair İddiaçı həm xx.xx.2006-cı il tarixli baş etibarnaməni, həm də Abşeron rayon torpaq şöbəsinin rəyini, torpaqların alqı-satqısına dair aktı və Bələdiyyənin torpaqayırma qərarını təqdim etmişdir. Bununla da İddiaçı ilə mərhum X19 arasında 0,08 ha torpaq sahəsi ilə bağlı əldə olunmuş razılaşma sonuncunun verdiyi 7 avqust 2006-cı il tarixli etibarnamə və notariat qaydasında təsdiq edilmiş ərizəsi ilə yazılı formada rəsmiləşdirilmişdir. Yuxarıda göstərilən sənədlər iddiaçı tərəfindən dövlət rüsumu və xidmət haqqı ödənilməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilmiş və İdarə tərəfindən 0,08 torpaq sahəsi dövlət qeydiyyatına alınaraq bu barədə Namiq Əliyevin adına xx.xx.2007-ci il tarixdə **********30 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü adlı sənədlər Namiq Abdullayevin adına verilmişdir. İddiaçının gələcəkdə torpaqla bağlı çətinliklərlə üzləşəcəyindən ehtiyatlandığını nəzərə alaraq, Namiq Əliyev özünün rəsmi nikahda deyil, subay olması və satdığı həmin torpaq sahəsi ilə bağlı gələcəkdə yarana biləcək hər hansı maddi tələb olarsa onun məsuliyyətini öz üzərinə götürəcəyi barədə notarial qaydada təsdiq edilmiş ərizəni də iddiaçıya təqdim etmişdir. Əliyev Namiqin adına başqa yerdə ümumiyyətlə torpaq sahəsi qeydə alınmamışdır. Sonradan iddiaçı təhsil almaq üçün xarici ölkəyə getməsi, ona verilmiş etibarnamənin müddətinin 2016-cı ildə bitməsi və həmin etibarnamə ilə torpağın öz adına alqı-satqı qaydasında keçirilməsinin mümkün olmayacağını nəzərə alaraq Namiq Əliyevə dostu X10 adına yeni etibarnamə verilməsini təklif etmişdir. Namiq Əliyev 2 sentyabr 2011-ci il tarixdə Notariat ofisində təsdiq edilmiş baş etibarnaməyə əsasən Əli Hüseynova 0,08 ha torpaq sahəsi üzərində 50 il müddətinə sərəncam vermə hüququ vermişdir. Həmçinin əvvəllər Namiq Əliyev ilə İddiaçılə aralarındakı razılaşmaya və müqaviləyə uyğun olaraq, yuxarıda göstərilən torpaq sahəsini iddiaçıya naturada (yerində) təhvil verdikdən sonra o, 07 avqust 2007-ci il tarixdən bu günə qədər Abdullayevlər ailəsi həmin torpaq sahəsinə sahiblik edir və ondan istifadə edir. Cavabdehlər həmin torpaq sahəsindən, Abdullayevlər ailəsinin onu hasara almaqla və abadlıq işləri aparmaqla açıq-aşkar və fasiləsiz istifadəsinə 19 il ərzində hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində müvafiq müqaviləni etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. İddiaçı cavabdehlərin bu davranışına güvənərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməmişdir. Hal-hazırda Əli Hüseynov torpağı, onun əsl sahibi olan iddiaçının adına rəsmiləşdirilməsi üçün notariusa müraciət edərkən, X9 vəfat etdiyini və onun verdiyi etibarnamənin qüvvədən düşməsi səbəbindən həmin torpaq barədə əqdin bağlanması mümkün olmadığını öyrənmişdir. Mübahisəli torpaq sahəsinin, mərhum X9 adından notarial qaydada iddiaçının adına keçirilməsindən, torpağın yerləşdiyi ərazini belə tanımayan, cavabdehlər boyun qaçırırlar. Eyni zamanda vəkil sorğusu ilə əlaqədar, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş vərəsəlik işinin materiallarından məlum olmuşdur ki, iddianın predmeti olan, ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair Cavabdeh və övladları X8, X11 hər birinə 1/3 hissədə irs almaq hüququ ilə yuxarıda göstərilən notariusda vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli 2V-55 nömrəli şəhadətnamə verilmişdir. Halbuki, mülki işin materiallarından göründüyü kimi iddia predmeti olan 0,08 ha torpaq sahəsinin alqısatqısına dair mərhum X19 ilə İddiaçı aralarında 7 avqust 2006-cı il tarixdə faktiki olaraq alqı-satqı müqaviləsi bağlanmışdır. Alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməməsinin səbəbi isə, tərəflərin iradəsindən asılı olmayan haldan, yəni həmin vaxt mübahisəli torpaq sahəsinin qoruq ərazisində yerləşməsi və rəsmiləşdirilməsinə icazə verilməməsi ilə əlaqədar olmuşdur. Bundan başqa N.Əliyev, Notariat ofisində təsdiq olunmuş, mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməsinə, onun barəsində sərəncam verilməsinə dair İddiaçı həm baş etibarnaməni, həm də Abşeron rayon torpaq şöbəsinin rəyini, Torpaqların alqı-satqısına dair aktı və Bələdiyyənin torpaqayırma qərarını təqdim etmişdir. Başqa sözlə, torpağa dair ilkin sənədlər və sonradan əldə olunmuş sənədlər, yəni xx.xx.2007-ci il tarixdə **********30 reyestr nömrəli çıxarış, torpaq sahəsinin planı və ölçüsü, rəy və s. İddiaçı verilmişdir. Həmin sənədlərin əsilləri hal-hazırda da iddiaçıdadır. Bundan başqa iddiaçının gələcəkdə torpaqla bağlı, alqı-satqı müqaviləsinin rəsmiləşdirilmədiyinə görə, çətinliklərlə üzləşəcəyindən ehtiyatlandığını nəzərə alaraq, mərhum Namiq Əliyev özünün rəsmi nikahda deyil, subay olması və satdığı həmin torpaq sahəsi ilə bağlı gələcəkdə yarana biləcək hər hansı maddi tələb olarsa onun məsuliyyətini öz üzərinə götürdüyü barədə notarial qaydada təsdiq edilmiş ərizəni də iddiaçıya təqdim etmişdir. Belə olan halda, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair Cavabdeh və övladları X8, X11 hər birinə 1/3 hissədə irs almaq hüququ ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə də etibarsız hesab edilməlidir. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunaraq ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair mərhum X19 ilə İddiaçı arasındakı 7 avqust 2006-cı il tarixli torpağın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə dair Cavabdeh və övladları X8, X11 hər birinə 1/3 hissədə irs almaq hüququ ilə verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun yaratdığı bütün hüquqi nəticələrin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı digər nümayəndəsi Nümayəndə3 da iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi - vəkili Nümayəndə2 iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi iddiaçıya satılmamışdır. Əgər satılsa idi, hazırkı iş üzrə cavabdehin də məlumatı olardı. Torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında hər hansı bir yazılı sənəd yoxdur. Namiq 2015-ci ildə Bəsti ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların nikahlarından 2 uşaqları anadan olmuşdur. Bəsti tərəfindən Namiqin 2022-ci ildə ölümündən sonra mirasın qəbulu ilə bağlı notarius ofisinə müraciət olunmuş, özünün və uşaqlarının adına vərəsəlik hüququ haqqında şəhadətnamə alınmışdır. İddianın təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb olunmuş Abşeron rayon 1 saylı notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinə əsaslanaraq işə Abşeron rayon 1 saylı notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dadaşov Əliağa Babaş oğlu ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Abşeron rayonunun Məhəmmədi kəndində yaşayır, onun həmin kənddə ət dükanı var. O, həm də həmyerlisi X12 ilə birlikdə torpaq və ev alqısatqısı ilə məşğul olur. Məhəmmədi kənd sakini Namiq “Yanar dağ” ətrafında torpaq sahəsi olduğunu və satmaq istədiyini ona demişdir. Kənddə olarkən sonradan tanıdığı Həsən və Sabir 2006-cı ilin avqust ayında onların yanına gələrək torpaq almaq istədiklərini demişlər. Əlağa ilə onları Namiqlə görüşdürmüş, torpaqla bağlı bir yerdə söhbət etmişlər. Sonra yerində torpağa baxmışlar. Bəyəndikdən sonra Namiqlə Həsən torpağı 8 min dollara alqısatqı etməyə razılaşmışlar. Torpağa görə Həsən Namiqə 8 min dollar pul vermişdir. Namiqin özü də 8 min dollar pul aldığını ona demişdir. Pul maşında sayılıb verilmişdir. Bundan sonra torpağın alqı-satqısını təşkil etdiklərinə görə Namiq 50 manat, Həsən isə 100 manat onlara pul vermişdir. Həmin ərazidə onun özünə məxsus da torpaq sahəsi vardır. Lakin bu günədək çıxarış ala bilməmişdir. Hazırkı iş üzrə Cavabdeh heç bir vaxt görməmiş və tanımır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 şahid Dadaşov Əliağa Babaş oğlunun ifadəsinə uyğun ifadə verdi. İşdə olan xx.xx.2006-cı il tarixli qərarın surətindən görünür ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə X15 ev tikmək məqsədi ilə 0,08 ha torpaq sahəsi satılması qərara alınmışdır. İşdə olan xx.xx.2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Abşeron rayon Məmmədli Bələdiyyəsi ilə X19 arasında 0,08 ha torpaq sahəsi ilə əlaqədar akt tərtib olunmuşdur. İşdə olan ******* nömrəli xx.xx.2007-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1i ərazisində yerləşən 0,08 ha həyətyanı torpaq sahəsi X9 mülkiyyətindədir. İşdə olan, notariat qaydasında təsdiq olunmuş xx.xx.2008-ci il tarixli ərizəsində ünvan 1i ünvanında yaşayan X19 göstərmişdir ki, “hal-hazırda subayam, heç kimlə rəsmi nikah qeydiyyatım yoxdur. Satdığım torpaq sahəsi ilə bağlı gələcəkdə yarana biləcək hər hansı maddi tələb üzrə məsuliyyəti öz üzərimə götürürəm”. İşdə olan xx.xx.2006-cı il tarixli etibarnamənin surətindən görünür ki, X3 Həsən Sabir oğluna etibarnamə vermişdir. Həmin etibarnamə ilə Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 07/716 nömrəli həyətyanı torpaq sahəsinin satılması haqqında qərarına əsasən özünə məxsus ünvan 1i ərazisində yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi, torpaq sahəsinin və həmin yaşayış evinin onun adına sənədləşdirilməsi, hər iki daşınmaz əmlakın adına özəlləşdirilməsi ilə əlaqədar səlahiyyətli nümayəndəsi olmağı, onu bütün dövlət orqanlarında, o cümlədən Abşeron rayonu, Məmmədli Bələdiyyəsində, DƏDRX Abşeron Ərazi İdarəsində təmsil etməyi, adından ərizələr verməyi, ona çatası bütün sənədləri, o cümlədən torpağa mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarışı və fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları, 1 nömrəli forma arayışları almağı, aldığına dair imza etməyi, daha sonra hər iki daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə əlaqədar notariat kontorunda alqı-satqı müqavilələrini rəsmiləşdirməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə 10 il müddətinə verilib və xx.xx.2016-cı ilədək qüvvədədir. İşdə olan xx.xx.2011-ci il tarixli etibarnamənin surətindən görünür ki, X4 Əli Qasım oğluna etibarnamə vermişdir. Həmin etibarnamə ilə MH ******* nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində tikinti işləri aparmağı, tikilinin özəlləşdirilməsi ilə əlaqədar olaraq sənədləri toplamağı, qeyd edilmiş torpaqla əlaqədar olaraq hər hansı bir dövlət orqanlarından ona çatası kompensasiyanı almağı, onu bütün dövlət orqanlarında, müəssisələrdə, idarələrdə, təşkilatlarda, notariat və bələdiyyə orqanlarında, qeydiyyat şöbəsində təmsil etməyi, sənədləşmə işlərini aparmağı, əvəzində lazımi sənədləri və ərizələri imzalamağı, arayışları və digər sənədləri almağı, məhkəmə və icra hakimiyyəti orqanlarından müvafiq arayış, qərar və sərəncamları almağı, əvəzində müvafiq iddia ərizəsini imzalamağı, məhkəmə qərarlarının icrası orqanlarında onu təmsil etməyi, qanunla iddiaçıya, cavabdehə, İİİ şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və qismən etiraf etmək və ya onlardan imtina etmək hüququ ilə bütün məhkəmə orqanlarında ona aid mülki işləri aparmağı, onu dövlət notariat kontorunda və digər orqanlarda təmsil etməyi, VVADQ orqanlarından lazımi arayışları, Dövlət Totpaq və Xəritəçəkmə Komitəsindən kadastr layihəsini almağı, toplanmış sənədləri DƏDRX Abşeron Ərazi İdarəsinə təhvil verib ona çatası çıxarışı almağı, 0,08 ha torpaq sahəsinin və üzərində tikilmiş tikilinin özgəninkiləşməsinə dair arayış, forma nömrə 1 alıb mülkiyyətə üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və bu işlə əlaqədar bütün hərəkətləri etməyi etibar etmişdir. Bu etibarnamə ilə səlahiyyətlər digər şəxslərə verilə bilər. Etibarnamə 50 il müddətinə verilib və xx.xx.2061-ci ilədək qüvvədədir. İşdə olan AZ-İİ 076868 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X6 xx.xx.2015-ci il tarixdə nikaha daxil olmuş, nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir. İşdə olan AZ-İİ 285475 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 vərəsələri: arvadı Cavabdeh, qızı -X20 (d/t-xx.xx.2018-ci il), oğlu -X17 (d/t-xx.xx.2014-cü il) və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə X15 verilmiş **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,08 ha olan torpaq sahəsindən ibarətdir. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin 20 iyul 2006-cı il tarixli 07/716 nömrəli qərarı ilə Abşeron rayon Məmmədli kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün həmin kəndin sakini mərhum X2, həmin torpaq sahəsi üzərində X9 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı üçün o, torpaq sahəsini notarial qaydada sata bilmədiyinə görə, aralarında əldə olunmuş qarşılıqlı razılaşmaya əsasən İddiaçı 8000 ABŞ dolları məbləğində pul vəsaiti qarşılığında (gələcəkdə alıcı tərəfindən torpağın öz vəsaiti hesabına öz adına rəsmiləşdirilməsi şərti ilə) satmışdır. Torpaq sahəsinə alıcı İddiaçı tərəfindən 7 avqust 2006-cı il tarixdə baxış keçirilməsi, torpağın dəyəri qismində 8000 ABŞ dolları məbləğində pul vəsaitinin satıcıya verilməsi və onun əvəzində X19 tərəfindən torpaq sahəsinin yerində təhvil verilməsi, Abşeron rayon Məmmədli kənd sakinləri Dadaşov Əliağa Babaş oğlu və X5 iştirakları ilə baş tutmuşdur. Bundan başqa Namiq Əliyev notariat ofisində təsdiq olunmuş, mübahisəli torpaq sahəsinin rəsmiləşdirilməsinə, onun barəsində sərəncam verilməsinə dair İddiaçı həm xx.xx.2006-cı il tarixli baş etibarnaməni, həm də Abşeron rayon torpaq şöbəsinin rəyini, torpaqların alqısatqısına dair aktı və Bələdiyyənin torpaqayırma qərarını təqdim etmişdir. Bununla da İddiaçı ilə mərhum X19 arasında 0,08 ha torpaq sahəsi ilə bağlı əldə olunmuş razılaşma sonuncunun verdiyi 7 avqust 2006-cı il tarixli etibarnamə və notariat təsdiqli ərizəsi ilə yazılı formada rəsmiləşdirilmişdir. Torpağa dair sənədlər iddiaçı tərəfindən dövlət rüsumu və xidmət haqqı ödənilməklə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilmiş və İdarə tərəfindən 0,08 torpaq sahəsi dövlət qeydiyyatına alınaraq bu barədə Namiq Əliyevin adına xx.xx.2007-ci il tarixdə **********30 reyestr nömrəli çıxarış və torpaq sahəsinin planı və ölçüsü adlı sənədlər verilmişdir. İddiaçının gələcəkdə torpaqla bağlı çətinliklərlə üzləşəcəyindən ehtiyatlandığını nəzərə alaraq, Namiq Əliyev özünün rəsmi nikahda deyil, subay olması və satdığı həmin torpaq sahəsi ilə bağlı gələcəkdə yarana biləcək hər hansı maddi tələb olarsa onun məsuliyyətini öz üzərinə götürəcəyi barədə notarial qaydada təsdiq edilmiş ərizəni də iddiaçıya təqdim etmişdir. Sonradan iddiaçı təhsil almaq üçün xarici ölkəyə getməsi, ona verilmiş etibarnamənin müddətinin 2016-cı ildə bitməsi və həmin etibarnamə ilə torpağın öz adına alqı-satqı qaydasında keçirilməsinin mümkün olmayacağını nəzərə alaraq Namiq Əliyevə dostu X10 adına yeni etibarnamə verilməsini təklif etmişdir. Namiq Əliyev 2 sentyabr 2011ci il tarixdə Notariat ofisində təsdiq edilmiş baş etibarnaməyə əsasən Əli Hüseynova 0,08 ha torpaq sahəsi üzərində 50 il müddətinə sərəncam vermə hüququ vermişdir. Həmçinin əvvəllər Namiq Əliyev ilə İddiaçılə aralarındakı razılaşmaya və müqaviləyə uyğun olaraq, yuxarıda göstərilən torpaq sahəsini iddiaçıya naturada (yerində) təhvil verdikdən sonra o, 07 avqust 2007-ci il tarixdən bu günə qədər Abdullayevlər ailəsi həmin torpaq sahəsinə sahiblik edir və ondan istifadə edir. Cavabdehlər həmin torpaq sahəsindən, Abdullayevlər ailəsinin açıq-aşkar və fasiləsiz istifadəsinə 19 il ərzində hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində müvafiq müqaviləni etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Torpağın iddiaçının adına rəsmiləşdirilməsi üçün notariusa müraciət olunmuş, X9 vəfat etdiyinə görə onun verdiyi etibarnamənin qüvvədən düşməsi səbəbindən həmin torpaq barədə əqdin bağlanması mümkün olmamışdır. Eyni zamanda vəkil sorğusu ilə alınmış, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təqdim edilmiş vərəsəlik işinin materiallarından göründüyü kimi iddianın predmeti olan, ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə dair Cavabdeh və övladları X8, X11 hər birinə 1/3 hissədə irs almaq hüququ ilə yuxarıda göstərilən notariusda vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli 2V-55 nömrəli şəhadətnamə verilmişdir. Halbuki, mülki işin materiallarından göründüyü kimi iddia predmeti olan 0,08 ha torpaq sahəsinin alqı-satqısına dair mərhum X19 ilə İddiaçı aralarında 7 avqust 2006-cı il tarixdə müqavilə bağlanmışdır. Alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməməsinin səbəbi isə, tərəflərin iradəsindən asılı olmayan haldan, yəni həmin vaxt mübahisəli torpaq sahəsinin qoruq ərazisində yerləşməsi və rəsmiləşdirilməsinə icazə verilməməsi ilə əlaqədar olmuşdur. Məhkəmə qeyd edir ki, müqavilə tərəflər arasında öhdəliyin əmələ gəlməsi əsaslarındandır. Mülki hüquqi öhdəliklərin mühüm yaranma əsası kimi müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Bağlanmış müqavilə üzrə tərəflər öz əmlak mənafeləri ilə yanaşı, həmçinin hüquq və vəzifələrini də müəyyən etməlidir. Müqavilə şərtləri həmişə mövcud qanunvericilikdə şərtləndirilmiş imperativ normalara uyğun olmalıdır. Belə ki, müqavilə anlayışı üç vacib elementdən ibarətdir ki, bunlara müqavilənin subyekt tərkibi, məzmunu və forması aiddir. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Qanunla müəyyən edilmiş məcburi formaya riayət edilməklə bağlanmış müqavilə üzrə kreditor müqavilənin digər tərəfindən, yəni həmin hərəkətləri etməyə borclu olan şəxsdən öhdəliyin icrasını tələb etmək hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2-ci maddəsinin tələbinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsiplərindəndir. Həmin prinsip mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin, şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan suiistifadəyə yol verməməlidirlər. Qanunda bəzi əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alqısatqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Göründüyü kimi, İddiaçı ilə mərhum X19 arasında ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı əldə olunmuş razılaşma sonuncunun verdiyi 7 avqust 2006-cı il tarixli etibarnamə və notariat təsdiqili ərizəsi ilə yazılı formada rəsmiləşdirilmiş, həmin torpaq sahəsini 8000 ABŞ dollarına İddiaçı satmışdır. Həmin vaxtdan da İddiaçı maneəsiz olaraq 19 il ərzində göstərilən torpaq sahəsindən öz mülkiyyəti kimi istifadə edir. Bu hal İddiaçı torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Belə olan halda tərəflər arasında mübahisəli torpaqla bağlı mövcud razılaşmanın onların iradəsi ilə əhatə edildiyini tam sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O, da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Bundan əlavə, məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmçinin, həmin Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mirzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Həmin Məcəllənin 358-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həmin Məcəllənin 360.2-ci maddəsinin tələbinə əsasən təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Bundan əlavə, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarından da görünür ki, ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsi 2006-cı ildən İddiaçı faktiki sahibliyində və istifadəsindədir, İddiaçı həmin torpaq sahəsində qeyd edilən dövrdən, yəni 19 il ərzində etirazsız şəkildə istifadə edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarına görə səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında, eyni zamanda, göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. “B.Qasımovun şikayəti üzrə” 09 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarında formalaşmış hüquqi mövqeyə görə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. Bununla da, İddiaçı ilə mərhum X19 arasında ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı əldə olunmuş razılaşma və sonuncunun verdiyi 7 avqust 2006-cı il tarixli etibarnamə və notariat təsdiqli ərizəsi ilə yazılı formada rəsmiləşdirilmiş , mübahisəli torpaq sahəsi həmin tarixdən İddiaçı sahibliyinə keçmiş və hazırkı vaxta kimi sonuncu istifadəsində olan mübahisəli torpaq sahəsi üzrə qanuni gözləntiyə malikdir. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikasının qanunun 17-ci maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı ilə mərhum X19 arasında ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı əldə olunmuş razılaşma və sonuncunun verdiyi 7 avqust 2006-cı il tarixli etibarnamə və notariat təsdiqli ərizəsi ilə yazılı formada rəsmiləşdirilmiş faktiki alqı-satqı müqaviləsinə əsasən mərhum X19 özünə məxsus 0,08 ha torpaq sahəsini 8000 ABŞ dollarına İddiaçı satmışdır. İddiaçı razılaşdırılmış məbləği mərhum X15 vermiş və o, da həmin torpaq sahəsini iddiaçının faktiki sahibliyinə və istifadəsinə təhvil vermişdir. Mübahisəli torpaq sahəsinin əvvəllər qoruq ərazisinə düşməsi, sonradan isə X9 ölümü mübahisəli torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı alqı-satqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür. Məhkəmə qeyd edir ki, göstərilən torpaq sahəsinin alqı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir, bu hal əvvəllər torpaq sahəsinin qoruq ərazisində yerləşməsi ilə sonradan isə əks tərəfin ölümü ucbatından baş vermişdir. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa, iddia tələbinin qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli 2V-55 nömrəli şəhadətnamə və onun yaratdığı bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin edilməlidir. Belə ki, İddiaçı ilə mərhum X19 arasında ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı əldə olunmuş razılaşma və sonuncunun verdiyi, 7 avqust 2006-cı il tarixli etibarnamə və notariat təsdiqli ərizə ilə yazılı formada rəsmiləşdirilmiş faktiki alqı-satqı müqaviləsi etibarlı və bağlanmış hesab edildiyindən, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli 2V-55 nömrəli şəhadətnamə və onun yaratdığı bütün hüquqi nəticələr etibarsız hesab edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə mərhum X19 arasında ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı əldə olunmuş razılaşma və sonuncunun verdiyi 7 avqust 2006-cı il tarixli etibarnamə və notariat təsdiqli ərizə ilə yazılı formada rəsmiləşdirilmiş faktiki alqı-satqı müqaviləsi bağlanmış hesab edilməli və Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli 2V-55 nömrəli şəhadətnamə və onun yaratdığı bütün hüquqi nəticələr etibarsız hesab edilməlidir. İşdə olan sənədlərdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 100 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ Cavabdeh alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı ilə mərhum X19 aralarında ünvan 1i ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi 7 avqust 2006-cı il tarixdən bağlanmış hesab edilsin. Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli 2V-55 nömrəli şəhadətnamə və onun yaratdığı bütün hüquqi nəticələr etibarsız hesab edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar