Məhkəmə qərarları › İş №e-2(017)-1182/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1182/2024

12.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1182/2024 12.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, iddiaçı "xxxx" qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi, evdən və torpaq sahəsindən çıxarılma və əmlakların boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi, evdən və torpaq sahəsindən çıxarılma və əmlakların boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi rayonu, Qiyaməddinli kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evi İddiaçı qapalı səhmdar cəmiyyətinin mülkiyyətindədir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı mülkiyyət hüququ əldə etmişdir. Həmin əmlak hazırda iddiaçının mülkiyyətində olmasına baxmayaraq cavabdehlər əmlakların boşaldılmasından imtina edirlər. Dəfələrlə edilən xəbərdarlıqlara isə cavabdehlər tərəfindən heç bir məhəl qoyulmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağcabədi rayonu, Qiyaməddinli kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi; cavabdehlərin Ağcabədi rayonu, Qiyaməddinli kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evindən çıxarılması və əmlakların boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və iddia qaldırılması üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun cavabdehlərdən alınaraq İddiaçı QSC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ağcabədi rayonu, Qiyaməddinli kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evi (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021) İddiaçı ASC-nin adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin verdiyi xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, Cavabdeh1 və Zeynalov X3 rayonu, Qiyaməddinli kəndində qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh1 və Cavabdeh2 əmlakların könüllü olaraq boşaldılması və banka təhvil verilməsi barədə xəbərdarlıq olunmuşlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələrə Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marksın Belçikaya qarşı” işində şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir”. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilən mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Yuxarıda qeyd olunan Konstitusiya normalarını özündə ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi mülkiyyət hüququnun tanınması və müdafiə olunması üçün hüquqi mexanizmləri, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyənləşdirmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 153.3-cü maddəyə görə isə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Ağcabədi rayonu, Qiyaməddinli kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evi (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021) İddiaçı ASC-nin adına qeydiyyatdan keçmişdir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı mülkiyyət hüququ əldə etmişdir. Bank tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əmlakların könüllü olaraq boşaldılması və banka təhvil verilməsi barədə xəbərdarlıq olunmuşdur. Hazırda qeyd olunan əmlaklar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılaraq banka təhvil verilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan evdə yaşamaları, hazırda bankın mülkiyyətində olan fərdi yaşayış evini və torpaq sahəsini boşaldaraq iddiaçıya təhvil verməmələri sonuncunun öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və üzərində sərəncam vermək hüquqlarını kobud surətdə pozur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216- 220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağcabədi rayonu, Qiyaməddinli kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağcabədi rayonu, Qiyaməddinli kəndində 0,20 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 150 kv.metr olan fərdi yaşayış evidən çıxarılsınlar. Həmin əmlakların boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 100 manat dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar