Məhkəmə qərarları › İş №e-2(017)-1254/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1254/2024

27.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1254/2024 27.08.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş zərər görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “əmlaka vurulmuş zərər görə pul” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixli əmrə əsasən administrator vəzifəsinə keçirilmiş və tərəflər arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli əmrlə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə Cəmiyyətin Oba- Ağcabədi 7 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli “İnventarizasiya nəticələrinə dair” Akta əsasən 9273,44 manat məbləğində zərər vurması məlum olmuşdur. İnventarizasiya yoxlaması və mağaza sayımı zamanı Cavabdeh iştirakı təmin olunmuş, ondan iltizamnamə alınmış və kəsr gələn mallara razılığını bildirmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəşt tətbiq edildikdən sonra ümumi olaraq qalıq borc 9015,66 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də onun tərəfində Cəmiyyətə heç bir ödəniş edilməmişdir. Cavabdeh Əmək Məcəlləsi və Mülki Məcəllənin müddəalarını, həm də Cəmiyyətlə bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Ona görə də əmlaka (maddi qiymətlərlə) vurulmuş zərərə görə ödənilməmiş 9015,66 manat pulun, mediasiya xərci üçün ödənilmiş 60 manat və ödənilmiş 61 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mükün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, Cəmiyyətin Oba-Ağcabədi 7 mağazasında administrator kimi çalışmışdır. İnventarizasiya yoxlaması və mağaza sayımı onun iştirakı ilə aparılmışdır. Aparılmış inventarizasiya nəticəsi ilə razı deyil. Onun işlədiyi dövrdə heç bir əskiklik olmamışdır. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, sonuncu satıcı-kassir vəzifəsinə işə götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, işəgötürən İddiaçı MMC-nin əmrinə əsasən Cavabdeh Cəmiyyətin satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 92x nömrəli əmrdən verilmiş çıxarışın surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə müqavilə müddəti qurtardığına əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş aktivlər üzrə inventarizasiya nəticələrinə dair xx.xx.2023-cü il tarixli yekun aktın və eyni tarixli iltizamnamənin surətindən görünür ki, yaradılmış komissiya tərəfindən Oba-Ağcabədi 7 mağazasında inventarizasiya aparılmış və mallarda 9273,44 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. Komissiyanın tərtib etdiyi yekun aktla Cavabdeh tanış olmuş və heç bir iradının olmadığını qeyd edərək imzası ilə təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin sabiq administratotu Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və təftiş yoxlaması barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhviltəslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 9273,44 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 9015,66 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixinə Cəmiyyətə olan ümumi borcu 9015,66 manat təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən:

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.

3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.

4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.

5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən olundu ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, sonuncu satıcı-kassir vəzifəsinə işə götürülmüş, xx.xx.2021-ci il tarixdə administrator vəzifəsinə keçirilmişdir. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İşəgötürən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə müqavilə müddəti qurtardığına əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Yaradılmış komissiya tərəfindən Oba-Ağcabədi 7 mağazasında inventarizasiya aparılmış və mallarda 9273,44 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. Komissiyanın tərtib etdiyi yekun aktla Cavabdeh tanış olmuş və heç bir iradının olmadığını qeyd edərək imzası ilə təsdiq etmişdir. Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 9273,44 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 9015,66 manat borcu qalmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixinə Cəmiyyətə olan ümumi borcu 9015,66 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 9015,66 manat olduğu, bu tələb tam təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 61 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 9015,66 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumuna görə ödənilmiş 61 manat məbləğində pul alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9015,66 manat pul, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumuna görə ödənilmiş 61 manat məbləğində pul alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar