Məhkəmə qərarları › İş №e-2(017)-1302/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1302/2024

03.09.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1302/2024 03.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş zərər görə pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “əmlaka vurulmuş zərər görə pul” tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli əmrə əsasən administrator vəzifəsinə keçirilmiş və tərəflər arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli əmrlə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2023-cü il tarixdə Oba- Sabunçu 10 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli “İnventarizasiya nəticələrinə dair” Akta əsasən 11295,95 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmamazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəşt tətbiq edildikdən sonra ümumi olaraq qalıq borc 11051 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də onun tərəfində Cəmiyyətə heç bir ödəniş edilməmişdir. Cavabdeh Əmək Məcəlləsi və Mülki Məcəllənin müddəalarını, həm də Cəmiyyətlə bağlanmış əmək müqaviləsi və tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Ona görə də əmlaka (maddi qiymətlərlə) vurulmuş zərərə görə ödənilməmiş 11051 manat pulun, mediasiya xərci üçün ödənilmiş 60 manat və ödənilmiş 74 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Oba-Sabunçu 10 mağazasında çalışmışdır. Çalışdığı müddətdə onunla əmək və maddi məsul şəxs olması barədə müqavilə bağlanmışdır. Onun işlədiyi müddətdə dəfələrlə mağazada oğurluq hadisələri baş vermiş, bu barədə Cəmiyyətin rəhbərliyinə məlumat vermişdir. İşinə həmişə məsuliyyətli olmuş, işə saat 8də gedib axşam saat 23-də çıxmışdır. Mağazada sonuncu sayım xx.xx.2023-cü il tarixdə olub, ondan əvvəlki sayım isə xx.xx.2022-ci il tarixdə olmuşdur. Həmin vaxt mağazada əskiklik olub, həmin pullar hissə-hissə onun əmək haqqından çıxılmışdır. Sonuncu sayımda iştirak etmiş, üç gün sonra sayımın nəticəsinə dair akt tərtib olunmuş, həmin akta imza etməmişdir. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və nə də gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, sonuncu satıcı-kassir vəzifəsinə işə götürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, işəgötürən İddiaçı MMC-nin əmrinə əsasən Cavabdeh Cəmiyyətin satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli 81x nömrəli əmrdən verilmiş çıxarışın surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə sonuncunun ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, yaradılmış komissiya tərəfindən Oba sabunçu 10 mağazasında inventarizasiya aparılmış və mallarda 11295,95 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin sabiq administratotu Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və təftiş yoxlaması barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhviltəslim işlərinin nəticəsi olaraq hesabında 11295,95 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 11295,95 manat məbləğində çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 791 manat Cəmiyyət tərəfindən güzəşt edilməklə 11051 manat borcu qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən:

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.

3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.

4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.

5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən olundu ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış, sonuncu satıcı-kassir vəzifəsinə işə götürülmüşdür. xx.xx.2022-ci il tarixdə işəgötürən İddiaçı MMC-nin əmrinə əsasən Cavabdeh Cəmiyyətin satış şöbəsində administrator vəzifəsinə keçirilmiş, onunla işəgötürən İddiaçı MMC arasında xx.xx.2022-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İşəgötürən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə sonuncunun ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Yaradılmış komissiya tərəfindən Oba sabunçu 10 mağazasında cavabdehin iştirakı ilə inventarizasiya aparılmış və mallarda 11295,95 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 11295,95 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 11295,95 manat məbləğində çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 791 manat Cəmiyyət tərəfindən güzəşt edilməklə 11051 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, lakin həmin borcdan heç bir ödəniş olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikasının MM-nin 1096-cı maddəsi mülki hüquq pozuntusunu (delikt) hüquqla və qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) kimi səciyyələndirir. Bu qanun normalarının mənasından görünür ki, delikt məsuliyyətinin yaranması üçün şəxsin əməlində deliktin (mülki hüquq pozuntusunun) aşağıdakı elementlərdən ibarət tərkibi yaranmalıdır: 1). Zərər vurulmalıdır. 2). Zərər şəxsin hüquqa zidd hərəkətləri nəticəsində vurulmalıdır. 3).Göstərilən zərərlə şəxsin hüquqa zidd hərəkətləri arasında səbəbli əlaqə olmalıdır. 4). Şəxsin zərərin vurulmasında təqsiri olmalıdır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci maddəsində göstərilir ki, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 159-cu maddəsinə əsasən sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbinin məbləği 11051 manat olduğu, bu tələb tam təmin edildiyi üçün, ödənilmiş iddia tələbinin məbləğinə uyğun olaraq ödənilmiş 74 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh 11051 manat, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumuna görə ödənilmiş 74 manat məbləğində pul alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 11051 manat pul, mediasiya xərci üçün ödənilmiş 60 manat və dövlət rüsumuna görə ödənilmiş 74 manat məbləğində pul alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar