Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2106/2025 22.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyətdən istifadəyə yönəlmiş maneələrin aradan qaldırılması və qanunsuz zəbt edilmiş torpaq sahəsindən və yaşayış evindən çıxarılma, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı yaşayış evinə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olan, Ağcabədi şəhəri, H.Aslanov küçəsində yerləşən 0.0240 ha həyətyanı torpaq sahəsindən və onun üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması, torpaq sahəsindən və fərdi yaşayış evindən istifadəyə dair yönəlmiş maneələrin aradan qaldırılaraq torpaq sahəsinə və fərdi yaşayış evinə müdaxilənin cavabdehlərə qadağan edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat və hüquqi yardıma görə ödənilmiş 500 manat cavabdehlərdən alınaraq iddiaçıya verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı yaşayış evinin təmiri üçün çəkilmiş 61704 manat xərcin, mənzil alarkən ödəmiş olduğu 6000 manat, qiymətləndirilmə üçün ödəmiş olduğu 250 manat, ödəmiş olduğu 293,11 manat dövlət rüsumu tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, İddiaçı onun oğludur. Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0.0240 ha torpaq sahəsi mülkiyyət hüquq üzrə İddiaçı məxsusdur və bu barədə çıxarış vardır. Qeyd edilən torpaq sahəsi üzərində ev tikmişlər, yəni evin divarları hörülmüş və dam örtüyü vurulmuşdur. Təxminən 2021-2022-ci illərdə Cavabdeh2 ilə həmin yaşayış evinin və 0.0240 ha həyətyanı torpaq sahəsinin 48000 manata alqısatqısına dair razılıq əldə etmişlər. Cavabdeh2 onlara 6000 manat pul vermiş, yerdə qalan məbləği də qısa müddət ərzində ödəyəcəyinə söz vermişdir. Lakin, aradan illər keçməsinə baxmayaraq Cavabdeh2 qalan pulu ödəməmiş və bunun səbəbini sənədlərin düzgün olmaması ilə əsaslandırmışdır. Cavabdeh2 mənzili təmir etdirərək həmin evə köçmüş və hazırda da həmin evdə yaşayır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh2 mənzilin təmiri üçün xərc çəkmişdir, lakin qarşılıqlı iddia ərizəsində şişirdilmiş məbləğ göstərmişdir. Belə ki, evin təmiri üçün təxminən 25000 manat xərc çəkilmişdir. Ona görə də qarşılıqlı iddianı qəbul etmir və ilkin iddia üzrə iddianın təmin edilməsi, qarşılıqlı iddia üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə2 izahatına uyğun izahat verərək ilkin iddia üzrə iddianın təmin edilməsi və qarşılıqlı iddia üzrə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 izahatında göstərdi ki, hazırda Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində yerləşən evdə yaşayır. Həmin evi 2023-cü ildə İddiaçı və onun atası Nümayəndə2 ilə 42000 manata razılaşaraq almış və ilkin olaraq 6000 manat pul vermişdir. Qalan 36000 manat pulu isə sənədlər hazır olduqdan sonra ödəməsi barədə razılaşmışlar. Lakin, sənədlər qaydasında olmadığı üçün alğı-satqı edə bilməmişlər və ona görə də 36000 manat pulu ödəməmişdir. Evi alarkən evin yalnız mişar daşından divarları hörülmüş və dam örtüyü vurulmuşdur. Mənzilin təmiri üçün 60000-70000 manat pul xərcləmişdir. İddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra evə mütəxəssis dəvət etmiş və evə çəkilmiş xərcin 61704 manat olması barədə rəy almışdır. İlkin iddianı qəbul edir və mənzilə çəkilmiş xərc ödənildikdən sonra evdən çıxacaqdır. Ona görə də ilkin iddianın təmin edilməsinə heç bir etirazı yoxdur və qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə Cavabdeh1 izahatında göstərdi ki, hazırda əri Cavabdeh2 ilə birlikdə Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində yerləşən evdə yaşayırlar. Həmin evi əri Cavabdeh2 2023-cü ildə İddiaçı və onun atası Nümayəndə2 ilə 42000 manata razılaşaraq almış və ilkin olaraq 6000 manat pul vermişdir. Evi alarkən evin yalnız mişar daşından divarları hörülmüş və dam örtüyü vurulmuşdur. Evi aldıqdan sonra təmir etdirmişlər. İddianı qəbul edir və mənzilə çəkilmiş xərc əri Cavabdeh2 ödənildikdən sonra evdən çıxacaqdır. Ona görə də iddianın təmin edilməsinə heç bir etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında elan olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 fevral 2025-ci il olan çıxarışından görünür ki, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0,0240 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" MMC tərəfindən verilmiş 24 iyul 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təmirinə çəkilmiş xərc 61704 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında elan edilmiş "xxxx" MMC tərəfindən verilmiş 07 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində yerləşən fərdi yaşayış evində Cavabdeh2 tərəfindən aparılmış təmir işlərinə çəkilmiş xərcin dəyəri 61016 manat təşkil edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia təmin edilməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələrə Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marksın Belçikaya qarşı” işində şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir”. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilən mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Yuxarıda qeyd olunan Konstitusiya normalarını özündə ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi mülkiyyət hüququnun tanınması və müdafiə olunması üçün hüquqi mexanizmləri, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə isə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 fevral 2025-ci il olan çıxarışa əsasən Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0,0240 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən həmin torpaq sahəsində mişar daşından divarları hörülmüş və dam örtüyü vurulmuş fərdi yaşayış evi tikilmişdir. Hazırda həmin evdə cavabdehlər yaşayırlar və bu hal İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və üzərində sərəncam vermək hüquqlarını kobud surətdə pozur. Odur ki, məhkəmə hesab edir ki, ilkin iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 157.7-ci maddəsinə görə vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı mülkiyyət hüquq üzrə ona məxsus Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0.0240 ha torpaq sahəsini və üzərində inşa edilmiş fərdi yaşayış evini Cavabdeh2 ilə razılaşaraq Cavabdeh2 satmış və ilkin olaraq 6000 manat pul almışdır. Lakin, tərəflər arasında alqı-satqı müqaviləsi notariat qaydasında rəsmiləşdirilməmişdir. Bundan sonra, Cavabdeh2 həmin əmlaka dair ayrıla bilməyən yaxşılaşdırmalar aparmış və mənzilə köçərək orada yaşamışlar. Qeyd olunan xüsusatlar tərəflərin və onları təmsil edən şəxslərin izahatları ilə öz təsdiqini tapmışdır. Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı yaşayış evinin təmiri üçün çəkilmiş 61704 manat xərcin, mənzil alarkən ödəmiş olduğu 6000 manat, qiymətləndirilmə üçün ödəmiş olduğu 250 manat, ödəmiş olduğu 293,11 manat dövlət rüsumu tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsinə "xxxx" MMC tərəfindən verilmiş 24 iyul 2025-ci il tarixli mütəxəssis rəyini əlavə etmiş və həmin rəydə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin təmirinə çəkilmiş xərcin məbləği 61704 manat müəyyən edildiyindən İddiaçı həmin məbləği tələb edir. Lakin, məhkəmənin 16 sentyabr 2025-ci il tarixli qərardadı ilə əmlakın təmirinin qiymətləndirməsi ekspertizası təyin edilmiş və ekspertizasının aparılması "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilmiçdir. "xxxx" MMC tərəfindən verilmiş 07 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyi ilə İddiaçı məxsus Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində yerləşən fərdi yaşayış evində Cavabdeh2 tərəfindən aparılmış təmir işlərinə çəkilmiş xərcin dəyəri 61016 manat olması müəyyən edilmişdir. Məhkəmə qarşılıqlı iddia üzrə əmlakın yaxşılaşdırılmasına sərf edilmiş vəsaitin "xxxx" MMC tərəfindən verilmiş 07 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyində göstərilən məbləği, yəni 61016 manat olmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə hesab edir ki, ilkin iddia təmin edilərək Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 fevral 2025-ci il olan çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0,0240 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən torpaq sahəsindən və fərdi yaşayış evindən istifadəyə yönəlmiş maneələr aradan qaldırılmalı və torpaq sahəsinə və fərdi yaşayış evinə müdaxilə qadağan edilməli, qarşılıqlı iddia qismən təmin edilərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarsız əqd üzrə alınmış vəsaitin əvəzi qismində 6000 manat, əmlakın yaxşılaşdırılmasına sərf edilmiş vəsaitin əvəzi qismində 61016 manat, cəmi 67016 manat məbləğində pul vəsaiti alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verilməli və qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ilkin iddia ilə qarşılıqlı iddia eyni vaxtda icra edilməlidir. İşdə olan 14 aprel 2025-ci il tarixli və 18 iyun 2025-ci il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu və hüquqi yardıma görə 500 manat xidmət haqqı ödənilmişdir. İşdə olan 26 iyul 2025-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən 293,11 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan "xxxx" MMC-nin 07 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, mütəxəssis xidmətinin qiymətləndirmə xərci olan 400 manat pul vəsaiti Cavabdeh2 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 500 manat hüquqi yardınla bağlı vəkil xərci, cəmi 600 manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilməli, qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən ödənilmiş 293,11 manat dövlət rüsumu və mütəxəssis rəyinin verilməsi ilə əlaqədar ödənilmiş 400 manat, cəmi 693,11 manat İddiaçı alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verilməlidir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia ərizəsində qiymətləndirilmə üçün "xxxx" MMC-yə ödəmiş olduğu 250 manat pulun İddiaçı alınıb ona verilməsini xahiş etsə də, Cavabdeh2 bu barədə məhkəməyə sübut təqdim etməmişdir və məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İlkin iddia təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və Reyestri publik hüquqi şəxsin qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 03 fevral 2025-ci il olan çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Ağcabədi şəhəri, Həzi Aslanov küçəsində yerləşən 0,0240 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılsınlar, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən torpaq sahəsindən və fərdi yaşayış evindən istifadəyə yönəlmiş maneələr aradan qaldırılsın və torpaq sahəsinə və fərdi yaşayış evinə müdaxilə qadağan edilsin. İlkin iddia üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 500 manat hüquqi yardınla bağlı vəkil xərci, cəmi 600 (altı yüz) manat Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarsız əqd üzrə alınmış vəsaitin əvəzi qismində 6000 manat, əmlakın yaxşılaşdırılmasına sərf edilmiş vəsaitin əvəzi qismində 61016 manat, mütəxəssis rəyinin verilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 400 manat və ödənilmiş 293,11 manat dövlət rüsumu, cəmi 67709 (altımış yeddi min yeddi yüz doqquz) manat 11 (on bir) qəpik məbləğində pul vəsaiti alınıb qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. İlkin iddia ilə qarşılıqlı iddia eyni vaxtda icra edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-2106/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2106/2025
22.10.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver