Məhkəmə qərarları › İş №e-2(017)-433/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-433/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-433/2024 29.02.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh 20 aprel 2023-cü il tarixli, 05/03463 saylı lizinq müqaviləsi üzrə 250 manat əsas borcun, və 30 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 20 aprel 2023-cü il tarixdə bağlanmış lizinq müqaviləsinə əsasən cavabdehə dəyəri 4500 manat məbləğində 1 ədəd Sampo SR -2045 markalı taxılyığan kombayın istifadəyə verilmişdir. Həmin məbləğdən 4250 manat ödədikdən sonra 250 manat borcu qalmışdır. Lakin, Cavabdeh kredit borcunu ödəməkdən yayınmış, beləliklə 20 aprel 2023-cü il tarixli lizinq müqaviləsinə əsasən 250 manat borcu yaranmışdır. Ona görə də həmin məbləğin, habelə 30 manat ödənilmiş dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 aprel 2023-cü il tarixdə bağlanmış lizinq müqaviləsindən görünür ki, Cavabdeh 4500 məbləğində 1 ədəd Sampo SR -2045 markalı taxılyığan kombayın istifadəyə verilmişdir. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən cavabdehdən 20 aprel 2023-cü il tarixli, müqaviləyə əsasən 250 manat borcu və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən borc cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 744-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 744-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 744-1, 744-5 və 744-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20 aprel 2023-cü il tarixli, 05/03463 saylı müqavilə üzrə 250 manat əsas borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar