Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-87/2024 17.07.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 və Vəkil iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı "avtomobilə vurulmuş zərərin alınıb verilməsi" tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı "avtomobilə vurulmuş zərərin alınıb verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə İddiaçı MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş və müxtəlif hüquqi və fiziki şəxslərlə Cəmiyyət arasında bağlanan “Daşıma” müqaviləsinə əsasən, Cəmiyyətin mülkiyyətində və ya istifadəsində olan yük nəqliyyat vasitəsi ilə yüklərin daşımasını həyata keçirmək məqsədilə sürücü olaraq çalışmışdır. Eyni zamanda cavabdehlə Cəmiyyət arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə Cəmiyyətə məxsus DAF FTXF 105 yük markalı ** JC *** dövlət qeydiyyat nişanlı dartıcı və Krone markalı ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə Kürdəmir rayonunun Atakişili kəndi ərazisində hərəkətdə olarkən MAN markalı ** VO *** dövlət qeydiyyat nişanlı dartıcı və Lecitrailer markalı ** ZA *** dövlət qeydiyyat nişanlı yük qoşqulu avtomobilin arxa hissəsinə çırpılmışdır. Nəticədə Cəmiyyətə 45200 manat maddi zərər dəymişdir. Hadisə Azərbaycan Respublikası Baş İstintaq və Təhqiqat İdarəsi YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsində araşdırılmışdır. Cavabdeh araşdırma zamanı verdiyi izahatında da qeyd etmişdir ki, nəqliyyat vasitəsini idarə edərkən sükun arxasında yatmışdır. Araşdırmanın yekunu olaraq sürücü barəsində təqsir müəyyənləşdirilmiş və inzibati pozuntu barədə qərar qəbul edilmiş, cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 40 manat məbləğində cərimə olunmuşdur. Ona görə də iddianın təmin edilməsini, cavabdehdən avtomobilə vurulmuş zərərə görə 45200 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 225,6 manat pulun əvəzinin alınıb İddiaçı MMC-yə verilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul etdi və verdiyi izahatında göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsində iddiaçıya məxsus DAF FTX F105 markalı ** JC *** dövlət qeydiyyat nişanlı dartıcıya maddi zərər dəymişdir. İddiaçı dartıcıya vurulmuş ziyanın məbləğini çox şişirtmişdir. Ona görə də iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil da iddianın qismən təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib 40 manat miqdarda inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş AD 860897 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı MMC-dir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktının surətindən görünür ki, İddiaçı MMC-yə məxsus olan “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyən zərərin məbləği 45200 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1144 nömrəli ekspert rəyindən görünür ki, 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcının təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 45000 manat (qırx beş min manat) müəyyən olunur. Zədələnməmişdən əvvəlki orta bazar qiyməti 45000 manat olmuş 2010-cu il buraxılışlı, mühərrik həcmi 212902 kub.sm, “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcıya, qüsur aktına müvafiq olaraq 45200 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Sözügedən yəhərli dartıcı avtoservis şəraitində söküldükdən, hissələri diaqonostoka olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra qalıq dəyəri müəyyən edilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1144 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. xx.xx.2022-ci il tarixli qüsur aktı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/1144 nömrəli ekspert rəyini müqayisəli şəkildə tədqiq edib məhkəmə hesab edir ki, ekspert rəyi xüsusi biliyə və iş stajına malik ekspert tərəfindən verildiyindən, daha mötəbər və əsaslı faktlara əsaslandığından həmin ekspert rəyi mötəbər sübut kimi qiymətləndirilərək qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş 003/2022 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında əmək müqaviləsi bağlanmış, sonuncu sürücü vəzifəsinə götürülmüşdür. İş materiallarına əlavə edilmiş 003/2022 nömrəli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 200-cü maddəsinə əsasən:
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.
3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.
4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin (briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi məsuliyyət daşıyır.
5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında İddiaçı MMC-nin mülkiyyətində olan 2010-cu il buraxılışlı, “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı avtomobillə Cavabdeh tərəfindən ziyan vurulması müəyyən edildi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüququ pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, iş materialları ilə İddiaçı MMC-nin mülkiyyətində olan “DAF FTXF 105 yük” markalı ** JC *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh tərəfindən 45000 manat dəyərində ziyan vurulması sübut edildiyinə görə iddia qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 45000 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Cavabdeh 50 manat məbləğində ekspertiza xərci alınaraq, Az. MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az 41 NABZ******************** SWİFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 45000 manat məbləğində pul və dövlət rüsumuna görə ödənilmiş 225,6 manat məbləğində pul alınaraq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 50 manat məbləğində ekspertiza xərci alınaraq, Az. MEM, VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az 41 NABZ******************** SWİFT BİK JTREAZ 22 nömrəli hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev