Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-832/2025 18.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət edərək, Cavabdeh ümumilikdə 1641 (bir min altı yüz qırx bir) manat məbləğində borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44 manat dövlət rüsumunun, etibarnamənin verilməsi ödənilmiş 17 manat dövət rüsumunun və 700 (yeddi yüz) manat vəkil xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə ərizə təqdim edilərək iddiaçıya borcunun olmaması bildirilmiş, bu barədə tərəfindən sübutlar təqdim ediləcəyi qeyd edilmiş, bu səbəbdən Astara rayon Məhkəməsinin 2(018)-832/2025 saylı qərardadı ilə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı – İddiaçı məxsus “Dodge Durango” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə cavabdeh – Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı **-OL-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin toqquşması nəticəsində xx.xx.2021-ci il tarixdə yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirkar olmuş və İddiaçı məxsus avtomobilə 30.000 manata yaxın maddi ziyan dəymişdir. Daha sonra iddiaçı – İddiaçı ilə cavabdeh– Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə razılaşma bağlanaraq, avtomobilə dəymiş ziyana görə cavabdeh – Cavabdeh tərəfindən iddiaçı – İddiaçı 10.000 manat ödənilməsi ilə bağlı razılığa gəlinmişdir. Razılaşmanın 1.2-ci bəndinə görə, razılaşmanın imzalandığı gün cavabdeh tərəfindən 2.000 manat nəğd qaydada ödənilmiş, qalan 8.000 manatın 25 ay müddətində aylıq 300 manatdan az olmayaraq ödənilməsi şərtləndirilmişdir. Razılaşmaya görə borc məbləği 2023-cü ilin fevral ayınadək tam bağlanmalı idi. Lakin cavabdeh – Cavabdeh razılaşmanın şərtlərin pozaraq, həm aylıq ödənişləri gecikdirmiş həm də nəzərdə tutulan aylıq məbləğdən daha az ödəniş etmişdir. Belə ki cavabdeh tərəfindən bugünə kimi edilmiş aylıq ödənişlərin cəmi 6359 manat təşkil edir (cavabdeh tərəfindən edilmiş ödəniş qəbzlərinin surəti əlavə edilir) Razılaşma üzrə cavabdehin bu günə olan qalıq borcu 1641 manatdır. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya münasibət bildirdiyi ərizəsində cavabdeh iddiaçıya borcunun olmaması barədə sübutları olduğunu və təqdim edəcəyini bildirsə də, məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəməyə elektron kabinet üzərində vəsatət təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, o, qarşı tərəfə olan borcunu tam şəkildə ödəmişdir. Bundan başqa iddiaçı əlavə olaraq öz avtomobilini qəzalı vəziyyətdə sataraq əlavə gəlir əldə etmişdir. Buradan belə qənaətə gəlmək olar ki, iddiaçı əssasız olaraq varlanmışdır. Bundan başqa İddiaçı sığortadan 4500 (dörd min beş yüz) manat pul almışdır. Hadisədən sonra qarşı tərəfə 2000 (iki min) manat məbləğində pul ödəmişdir. Daha sonra isə geri qalan məbləği tam şəkildə iddiaçıya ödəmişdir. Eyni zamanda bildirmişdir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd etdiklərini və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı ona qarşı irəli sürdüyü 1641 (bir min altı yüz qırx bir) manat borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44 manat dövlət rüsumunun, etibarnamənin verilməsi üçün ödənilmiş 17 manat dövət rüsumunun və 700 (yeddi yüz) manat vəkil xidmət haqqının ondan tutulması barədə iddia ərizəsinin təmin edilməməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə bildirməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Razılaşmadan görünür ki, Cavabdeh tərəfindən 10000 (on min) AZN məbləğində dəymiş zərərin əvəzi İddiaçı ödənilməlidir. Cavabdeh dəymiş ziyanın 2000 (iki min) AZN məbləğində olan hissəsini bu Razılaşmanın imzalandığı gün ödəməyi, digər 8000 (səkkiz min) AZN məbləğində olan hissəsini isə bu Razılaşmanın imzalanmasından sonra ardıcıl gələn 25 ay ərzində və ya daha az müddətdə aylıq 300 (üç yüz) AZN-dən az olmamaq şərtilə hissəli şəkildə hər ayın 15-dən gec olmamaq şərti ilə ödəməyi öhdəsinə götürür. İş materiallarına əlavə edilmiş videodiskə baxış keçirilərkən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında dekitdən yaranmış maddi ziyanın 25 ay müddətinə 300 manat olmaqla ödənilməsi şərtilə müqavilə imzalanır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı hesabına umumilikdə 6359 AZN ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş Pretenziya məktubundan görünür ki, cavabdehdən 1641 manat məbləğində qalıq borcun ödənilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, etibarnamənin verilməsi üçün 17.25 manat haqq tutulub. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Bakı şəhəri 25 saylı Vəkil Bürsunun hesabına 700 manat pul ödənilib. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 44 manat dövlət rüsumu ödənilmişdir. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 406-cı maddəsinə əsasən Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın əsası dedikdə isə iddiaçının öz tələbini təsdiq etmək üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquq münasibətlərinin yaranması, dəyişməsi və xitamının bağlı olduğu hallar başa düşülür. İddianın faktiki əsasına iddiaçının cavabdehə qarşı olan tələbini əsaslandırdığı hüquqi faktlar, iddianın hüquqi əsasına isə iddiaçının cavabdehə qarşı olan tələbinin hüquqi cəhətdən əsaslandırılması aiddir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində qeyd edilir ki, iddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur. O da nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad etdikdə məhkəmə iddianın predmetini və ya əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluğun maraqlarına uyğun olan hesab edilməlidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsi olduğundan bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin hüquqi mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, iş materiallarının araşdırılması ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı məxsus minik avtomobili ilə cavabdeh – Cavabdeh idarə etdiyi minik avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirkar olmuş və İddiaçı məxsus avtomobilə maddi ziyan dəymişdir. Bu səbəbdən iddiaçı – İddiaçı ilə cavabdeh– Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə razılaşma bağlanaraq, avtomobilə dəymiş ziyana görə cavabdeh – Cavabdeh tərəfindən iddiaçı – İddiaçı 10.000 manat ödənilməsi ilə bağlı razılığa gəlinmişdir və müqavilə bağlanmışdır. Cavabdeh 8000 manat məbləğində pulu 25 ay müddətinə ayda 300 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Hazırki vaxta kimi cavabdeh 6359 manat ödəmiş, qalıq pulu ödəməmişdir. Cavabdeh tərəfindən sübutlar təqdim ediləcəyi bildirilsə də, borcunun olmaması barədə hər hansı sübut məhkəməyə tərəfindən təqdim edilməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən, məhkəmə qeyd edir ki, iddia tələbinə düzgün hüquqi qiymət verilməsi üçün iddianın qanuni əsasının tapılması vacib şərtlərdəndir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə artıq məhkəmə üçün başa çatmalıdır. Hazırki iddianın predmetini müqavilədən irəli gələn münasibətlər, qanuni əsasını öhdəliyin icrasına tətbiq edilməli olan normalar təşkil edir. Belə ki, hər nə qədər iddiaçının tələb etdiyi pul deliktdən yaranmış maddi ziyan olsa da, tərəflər həmin maddi ziyanın ödnilməsi barədə razılığıa gəlmiş və aralarında həmin pulun ödənilməsi ilə bağlı müqavilə (razılaşma) bağlamış və müqavilənin müddəti, ödənilməsi və s. digər əsas şərtlərini razılaşdırmışlar. Bu səbəbdən hazırki tələb müqavilə üzrə öhdəliyin lazımınca yerinə yetirilməməsindən irəli gələn tələb hesab olunur və İddiaçı müqavilə üzrə razılaşdırılmış lakin, ödənilməyən 1641 manat məbləğində pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin vəsatətinə münasibətdə isə qeyd edir ki, hazırki tələb müqavilə öhdəliyindən irəli gəlir. Müqavilə tələbləri üzrə iddia müddəti isə 3 (üç) il müəyyən edilməkdədir. Hazırki iş üzrə mübahisənin predmeti müqavilə öhdəliyinin icrasından irəli gələn tələb olduğundan, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələbin irəli sürülməsi üçün 3 illik iddia müddəti ötürülməmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 və 121.1-ci maddələrinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 44 manat məbləğində dövlət rüsumu, etibarnamə verilməsi üçün ödənilmiş 17 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ümumilikdə 1641 (bir min altı yüz qırx bir) manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 44 manat dövlət rüsumu, etibarnamənin verilməsi üçün ödənilmiş 17 manat dövət rüsumu və 700 (yeddi yüz) manat vəkil xidmət haqqı tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №e-2(018)-832/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-832/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver