Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1163/2025 27.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi ilə İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsini qüvvədən salınmış hesab edilməsini və bununla bağlı məlumatları “Əmək və məşğulluq” alt sisteminə daxil edilməsi hüququnu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Xidmətinə həvalə edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında olan əmək münasibətlərinin mümkünsüzlüyünü nəzərə alaraq əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsini və bununla bağlı məlumatları “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Xidmətinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixində Cavabdeh MMC-də icraçı direktor vəzifəsinə işə düzəlmişdir. Həmişə işinə vicdanla yanaşmış və işdəki vəzifələrini vicdanlı şəkildə icra etmişdir. Uzun müddətdir ki, işdən çıxmışdır, buna baxmayaraq əmək müqaviləsi hələ də ƏMAS alt sistemində qüvvədədir, elə bu səbəbdən də hər hansı işəgötürənlə əmək müqaviləsi bağlaya bilmir. Onun adının həmin elektron sistemdə formal olaraq qalması yeni işə düzəlməyi ilə bağlı müəyyən problemlər yaradır. Bu isə onun həm əmək, həm də konstitutsion hüquqlarını pozur. Sözügedən əmək müqaviləsinin ləğv edilməsi barədə X1 Xidmətinə də müraciət etsə də, heç bir nəticəsi olmamşdır. Belə ki, müəssisə faktiki fəaliyyət göstərmir, mediasiya arayışından da görünür ki, həmin müəssisəyə göndərilən bildiriş ünvanda aşkar edilmədiyindən çatdırıla bilməmişdir. Bununla yanaşı əmək müqaviləsinə xitam verilməsi barədə həmin müəssisəyə ünvanladığı məktub (ünvanda belə şirkət yoxdur əsası ilə) şirkətə çatdırıla bilməmişdir. (sübutlar əlavə olunur) Əmək müqaviləsinin ləğv edilməsi vəzifəsi X1 Xidmətinin üzərinə qoyulmalıdır. Faktiki olaraq uzun müddətdir ki, onun heç bir əmək fəaliyyəti yoxdur. Azərbaycan Respublikası qanunvericiliyi məcburi əmək fəaliyyətinə yol vermir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “f” bəndinə əsasən işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq işəgötürənin əsas vəzifəsidir. Həmin məcəllənin 287-ci maddəsinə görə Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin məcəllənin 288-ci maddəsinin “k” bəndinə görə əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi fərdi əmək mübahisələrinin predmetini təşkil edir. Həmin məcəllənin 294.1ci maddəsinə görə bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Onun iddia tələbi tam qanuni və əsaslıdır. Aşağıda göstərilənlərə əsasən iddiası təmin olunmalıdır: Adının elektron portalda qalması formal xarakter daşıyır. Adının elektron portalda qalması əmək hüquqlarını pozaraq yeni işə düzəlməyimə maneçilik törədir. Cavabdehin faktiki fəaliyyəti yoxdur və hüquqi ünvanında da onunla bağlı məlumat olmadığı üçün mediasiya prosesində onun iştirakını təmin etmək mümkün olmadı. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiyini, iştirakı olmadan baxış iclasını keçirib iddia tələbini təmin edən qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat bildirməmişdir. Məhkəmə hazırki işə MPM-in 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: xxxxxxx000200 nömrəli xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən müddətsiz əmək müqaviləsi əsasında əsas iş yeri olaraq "DM-SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətində icraçı direktor vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manatdır. İddiaçı tərəfindən "DM-SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, hüquqi ünvanda fəaliyyət göstərmədikləri üçün "DM-SERVİS” MMC ilə əlaqə yaratmaq mümkün olmamış, aralarındakı əmək müqaviləsi formal xarakter daşıyır, onlar heç bir əmək münasibətində deyillər. Odur ki, onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam vermələrini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli poçt qəbzindən və zərfdən görünür ki, İddiaçı tərəfindən "DM- SERVİS” MMC-yə göndərilmiş məktub geri qaytarılmış və poçt qəbzində "yaşamır” qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli poçt qəbzindən və zərfdən görünür ki, məhkəmə tərəfindən "DM- SERVİS” MMC-yə göndərilmiş məktub geri qaytarılmış və poçt qəbzində "yaşamır” qeyd edilmişdir. Balakən Rayon İcra Hakimiyyəti Balakən Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilən 02 oktyabr və 06 noyabr 2025-ci il tarixli məktublardan görünür ki, Balakən şəhər İƏD üzrə nümayəndəliyinin ev təsərrüfatları uçotu kitablarında "xxxx" MMC-nin ünvan 1 ünvanda fəaliyyət göstərib göstərməməsi barədə heç bir məlumat aşkar olunmamışdır. Odur ki, yuxarıda göstərilən məktubun onlara çatdırılması mümkün olmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (köhnə redaksiyada). 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır (yeni redaksiyada). 9-cu maddəsinin b bəndinə əsasən əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. 49-cu maddəsinin 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1 -ci hissəsinin "e” bəndi ilə xitam verilən və həmin maddənin 1 -1 -ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. 68-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi əsasları kimi tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan hallar, tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar müəyyən edilmişdir. "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli 183 nömrəli Qərarının 3.4-cü bəndinə əsasən Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət” portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Həmin Qərarın 6.2-cı bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair məlumatlar elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edildikdən sonra məlumat bazasında bu Qaydaların 5 nömrəli əlavəsində müəyyən edilmiş formada yadda saxlanılır və bununla bağlı 1 (bir) iş günündən gec olmayaraq işəgötürənə sistem vasitəsilə bu Qaydaların 8 nömrəli əlavəsində müəyyən edilmiş formada məlumat verilir. İşəgötürən bu məlumatı çap edərək, mühafizə edilən aidiyyəti əmək müqaviləsi ilə birlikdə 5 (beş) il müddətinə saxlanmasını təmin edir və işçinin müraciəti əsasında bildirişin və məlumatın surətini ona təqdim edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə cavabdeh "DM- SERVİS” MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı "DM-SERVİS” MMC-də icraçı direktor vəzifəsinə təyin edilsə də, uzun müddətdir ki, işdən çıxmışdır. Sözügedən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənə və X1 Xidmətinə də müraciət etsə də, heç bir nəticəsi olmamşdır. Belə ki, müəssisə faktiki fəaliyyət göstərmir, həmin müəssisəyə göndərilən bildiriş ünvanda aşkar edilmədiyindən çatdırıla bilməmişdir. Onun adının həmin elektron sistemdə formal olaraq qalması yeni işə düzəlməyi ilə bağlı problemlər yaradır. Bu isə onun həm əmək, həm də konstitutsion hüquqlarını pozur. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilməsi və həmin məlumatların "Əmək və məşğulluq” altsisteminə daxil edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı cavabdehə dəfələrdə müraciətlər etsə də, heç bir nəticə əldə edə bilməmiş, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməmiş və bu barədə məlumatlar "Əmək və məşğulluq” altsisteminə daxil edilməmişdir. İddiaçı məsələnin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət etsə də, cavabdeh mediasiya təşkilatına gəlməmiş və ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh "DM-SERVİS” MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməli və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların "Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh "DM-SERVİS” MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məlumatların "Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1163/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1163/2025
27.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver