Məhkəmə qərarları › İş №e-2(019)-1192/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1192/2023

12.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1192/2023 12.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, Ərizəçi Nəsruddin oğlunun doğum haqqında şəhadətnamənin dublikatının verilməsinin Balakən rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi tələbinə dair ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq m ü ə y y ə n e t d i m: Ərizəçi Nəsruddin oğlu ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Ərizəçi Nəsruddin oğlunun doğum haqqında şəhadətnamənin dublikatının verilməsinin Balakən rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Nəsruddin oğlunun ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, ərizə qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, Ərizəçi Nəsruddin oğlu ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Ərizəçi Nəsruddin oğlunun doğum haqqında şəhadətnamənin dublikatının verilməsinin Balakən rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 149.1-149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir.O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı,telefon nömrələri,o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı,cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN,əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb;mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri göstərilir. İş materiallarından görünür ki, ərizədə maraqlı şəxsin eyniləşdirməyə imkan verən məlumatları,elektron poçt ünvanı göstərilməmişdir. Bundan başqa ərizənin məzmunundan görünür ki, Ərizəçi Nəsruddin oğlu Ermənistan Respublikasında doğulmuş, onun doğum qeydi Ermənistan Respublikasında qeydə alınmış,ona doğum haqqında şəhadətnamə də oradan verilmişdir. Belə olan halda aydın surətdə müəyyən edilir ki, Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum haqqında şəhadətnamənin dublikatının verilməsi mümkün deyildir(sənədin dublikatı- əsil sənədi əvəz edən ikinci nüsxəsidir.Sənədin dublikatının verilməsi bu barədə müvafiq qeydiyyat əsasında mümkündür). Bundan başqa “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli qərarının 9.1-ci bəndində göstərilmişdir Kİ,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması,yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndində göstərilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPMnin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.1-ci maddələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, ərizəçi tərəfindən ərizənin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Ərizəçi Nəsruddin oğlunun doğum haqqında şəhadətnamənin dublikatının verilməsinin Balakən rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi tələbinə dair ərizəsi qaytarılmalıdır. Ərizəçi Nəsruddin oğlunun ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi Nəsruddin oğluna qaytarılmalıdır. Ərizəçi Nəsruddin oğluna izah edilməlidir ki,qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən isə məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldım: Ərizəçi Nəsruddin oğlunun doğum haqqında şəhadətnamənin dublikatının verilməsinin Balakən rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi tələbinə dair ərizəsi qaytarılsın. Ərizəçi Nəsruddin oğlunun ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi Nəsruddin oğluna qaytarılsın. Ərizəçi Nəsruddin oğluna izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar