Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-126/2023 19.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakları ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı miras əmlakdan məcburi pay hüququndan məhrum edilmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh xx.xx.1981-ci il tarixdə doğulmuş oğlu- Cavabdeh ləyaqətsiz vərəsə hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə hazırlıq iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia predmetinin dəyişdirilməsi barədə məhkəməyə ərizə verərək xx.xx.1981-ci il tarixdə doğulmuş oğlu- Cavabdeh onların vəfatından sonra onlardan miras qalmış əmlaklardan məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, Balakən rayonunun Kortala kəndində yaşayırlar. xx.xx.1979-cu ildə rəsmi nikah bağlayaraq evlənmişlər. Birgə nikahlarından 3 uşaqları olmuşdur. Cavabdeh xx.xx.1981 -ci il tarixdə doğulmuş Cavabdeh onların oğludur. O doğulduğu vaxtdan 2019-cu ilə kimi onlarla eyni evdə yaşamışdır. Natiq 2011 -ci ildə Kortala kənd sakini X2 ilə evlənmişdir. Onların birgə nikahlarından 2 uşaqları olmuşdur. Oğlu Cavabdeh və gəlini Ruqiyyat Butdayeva onlarla müntəzəm olaraq ailə münaqişələri yaratdığından və onların bir yerdə yaşamaları qeyri mümkün olduğundan onların mülkiyyətində olan Balakən rayonu Kortala kəndində yerləşən 0.2265 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqdan ibarət evlərindən kompensasiya verilməklə çıxarılmaları və bu evdə istifadə hüquqlarına xitam verilməsinə dair ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(019)-519/2018 saylı qətnaməsi ilə iddiaları təmin edilmişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə onlara məxsus ümumi sahəsi 95.80 kv.m olan evdən çıxmasına görə onlar ona 8000( səkkiz min) manat məbləğində kompensasiya ödəmişlər. Cavabdeh ailə üzvləri ilə evdən çıxmış və başqa yerdə yaşayırlar. Ümumiyyətlə xx.xx.2012-ci il tarixdən isə Natiq və ailə üzvləri onlara məxsus təsərrüfat qeydiyyatında deyildirlər. Cavabdeh onların oğlu olsa da o uzun müddətdir ki, valideynlərə bir ata-ana kimi hörmət etmir, qayğılarına qalmır. Heç bir ehtiyaclarını qarşılamır. Onlarla əlaqə saxlamır və danışmır. Onlarla birlikdə yaşayan və onun doğma bacısı olan qızı -X4 müntəzəm olaraq təhdid edir, onlar vəfat etdikdən sonra evə qayıdaraq qızı evdən qovacağını bildirir. Bir sözlə onlara qarşı yuxarıda qeyd etdikləri kimi eyni hərəkətlərini davam etdirir. Bununla bağlı da dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmişlər. Lakin heç bir nəticə alınmamışdır. Hesab edirlər ki, Cavabdeh onların vəfatından sonra qalacaq olan miras əmlaklarına göz dikib və qanunsuz yollarla əmlaklarını iradələrinə zidd olaraq özü ələ keçirmək istəyir. Cavabdeh onların qanun üzrə vərəsəsi olsa da onun onlara qarşı münasibətləri qeyri səmimidir. Onun niyyəti onlardan qalacaq miras əmlakı ələ keçirməkdir. Buna görə də yuxarıda qeyd olunan tələblə bağlı Məhkəməyə müraciət etməli olmuşlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Onlar əlavə olaraq göstərdilər ki, Cavabdeh onlara qarşı qanunsuz hərəkətlərini 2019-cu ilə kimi, yəni onlarla birlikdə yaşadıqları dövrdə etmişdir. 2019-cu ildən Natiq onlardan ayrı yaşayır, onların evinə gəlmir, onları axtarmır, onların qayğısına qalmır. Onlarda Natiqin qanunsuz əməlləri barədə məhkəmə qərarı yoxdur. Onlar bu iddia ərizəsi ilə məhkəməyə ona görə müraciət etmişlər ki, gələcəkdə onların mirasından Natiq heç nə əldə edə bilməsin. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin185.5-ci maddəsinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Püştətala kənd soveti tərəfindən 17 yanvar 1979-cu il tarixdə verilmiş İ-JQ seriyalı 434587 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 ilə X7 arasında 17 yanvar 1979-cu ildə Balakən rayonu Püştətala kənd sovetində 01 nömrə ilə nikah qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışından görünür ki, Balakən rayonu Kortala kəndində 0.2265 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 95.80 kv/m olan fərdi yaşayış evi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 21 nömrəli reyestr kitabının 53 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli, 2(019)-519/2018 saylı qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh Bilal oğlu və X1 azyaşlı uşaqları-X8 və X5 ilə birlikdə İddiaçı2 mülkiyyətində olan Balakən rayonu Kortala kəndində yerləşən, ümumi sahəsi 95.80 kv.m evdən istifadə hüquqlarına 8000 manat kompensasiya ödənilməklə xitam verilməsi və onların həmin evdən çıxarılmaları qət edilmişdir. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 oğludur. Onlar 2019cu ilə kimi birlikdə yaşamışlar. Həmin dövrdə onlar arasıında kəskin ziddiyyət olmuş, birlikdə yaşamaları qeyri mümkün olmuşdur. İddiaçılar kompensasiya ödəməklə cavabdehin ailə üzvüləri ilə birlikdə onların mülkiyyətində olan evdən çıxarılmaları barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 26 aprel 2018-ci il tarixli 2(019)-519/2018 saylı qətnaməsi ilə onların iddiaları təmin edilmişdir. 2019-cu ildən Cavabdeh iddiaçılardan ayrı yaşayır. O, vaxtdan da tərəflər ünsiyyətdə olmurlar və cavabdeh Natiq Bilaloviç iddiaçılara qarşı hər hansı qanunsuz əmələ yol verməmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh gələcəkdə onlardan miras qalacaq əmlakı ələ keçirəcəyini ehtimal edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Mirasda məcburi pay hüququ olan şəxslərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində məhdud qaydada göstərilmişdir. Həmin maddəyə müvafiq olaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını təşkil edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə hər bir şəxs vəsiyyətnamə əsasında öz vərəsələrini mirasdan məhrum edə bilər. Mülki Məcəllənin 1176-cı maddəsində müəyyən olunmuş qaydaya görə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Qeyd edilməlidir ki, vəsiyyət edənin qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi və bunu əsaslandırmağa borclu olmaması vəsiyyət azadlığı prinsipinə əsaslanır. Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir. Lakin vəsiyyətnamə ilə mirasdan məhrumetmə məcburi pay hüququ olan şəxslərə şamil edilmir. Belə ki, mülki qanunvericilik məcburi pay almaq hüququndan məhrumetmənin yalnız məhkəmə qərarı əsasında həyata keçirilməsini nəzərdə tutur. Qanunverici tərəfindən göstərilən norma ilə vəsiyyət edənə hələ öz sağlığında məhkəməyə müraciət edərək məcburi pay almaq hüququ olan şəxsləri bu hüquqdan məhrum etmək imkanının verilməsi vəsiyyət edənin öz mülkiyyəti üzərində sərəncam vermək hüququ ilə vərəsəlik hüququnda sosial ədalət prinsipi arasında tarazlığın yaranmasına xidmət edir. Mülki Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Göründüyü kimi, məcburi pay almaq hüququndan məhrumetmə, ümumi qaydada vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallarda həyata keçirilə bilər. Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1 son iradələrinin həyata keçirilməsinə qəsdən maneə törətməsinin , onların son iradələrinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsinin müəyyən edilməməsini, bu barədə onun təqsirinin məhkəmə tərəfindən təsdiq olunmasına dair iddiaçıların heç bir sübut təqdim etməmələrini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən 100 manat dövlət rüsumu xərci iddiaçıların özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı miras əmlakdan məcburi pay hüququndan məhrum edilmə tələbinə dair iddiaları təmin edilməsin. 100 manat dövlət rüsumu xərci iddiaçılar İddiaçı2 və İddiaçı1 özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-126/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-126/2023
19.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver