Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1284/2025 25.12.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi şəxsin doğum faktının müəyyən edilməsinə dair ərizəsinə və əlavə olunmuş sənədlərə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayon Hənifə kəndində yaşayan xx.xx.2009-cu il tarixdə doğulmuş X1 və xx.xx.2011-ci il tarixdə doğulmuş X2 Ərizəçi doğulmaqla anadan mənşəyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxxxx 1989-cu il tarixdə Yevlax rayonunda doğulmuşdur. Hal-hazırda Balakən rayonunun Hənifə kəndində yaşayır. 2006-cı ilin iyun ayında qeyri rəsmi nikah bağlayaraq Balakən rayonunun Hənifə kənd sakini X12 ilə evlənmişlər. Onunla birgə yaşadıqları dövrdə 8 uşaqları olmuşdur. Uşaqlardan 6-nın ata soyadı ilə doğum şəhadətnaməsi var. Lakin xx.xx.2009-cu il tarixdə doğulmuş Zümrüd və xx.xx.2011-ci il tarixdə doğulmuş Elmira adında uşaqlarının doğum şəhadətnaməsi yoxdur. Belə ki, bu uşaqları ev şəraitində doğulmuşdur. Hal-hazırda qızı Zümrüd və Elmiraya şəxsiyyətini təsdiq edən sənəd alınmalıdır. Şəxsiyyət vəsiqəsinin alınması üçün onlara doğum şəhadətnamələri lazımdır. Buna görə də o, Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət edərək qızları Zümrüd və Elmiraya doğum şəhadətnaməsi almaq istəmişdir. Lakin orada ona doğum şəhadətnaməsinin verilməsinin qeyri-mümkün olması bildirilmişdir. Belə ki, Zümrüd və Elmiranın ataları olan Ceyhun Abdullayevlə aralarında rəsmi nikah bağlanmamış, həmçinin qızları Zümrüd və Elmira ev şəraitində doğulduğundan tibb müəssisəsinin arayışını Qeydiyyat Şöbəsinə təqdim etmək qeyri mümkündür. Buna görə də Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında ərizəçi ərizəsində qeyd olunanları təsdiq edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Balakən rayon Regional Asan Xidmət X27 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində ərizəçinin onun gəlini olmasını, onun 8 uşağının olmasını, Zümrüd və Elmira adlı iki qız uşağının 2009 və 2011ci ildə evdə doğulduğunu, uşaqlar doğulan zaman həmin evdə olmasını göstərmişdir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti Başçısının Hənifə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 09 oktyabr 2025-ci il tarixli 414 nömrəli arayışından görünür ki, X3 aşağıdakı ailə üzviləri vardır; anası X8, əmisi X17, qardaşı Şahid1 Ələsgər oğlu, bacısı X13, bacısı Abdurəhmanova Tünzalə, bacısı X6, bacısı qızı X9, bacısı oğlu X18, bacısı oğlu X34, bacısı qızı X23, qızı X4, qızı X10, oğlu X14, bacısı oğlu X35, bacısı oğlu X19, bacısı qızı X15, bacısı qızı X24, qardaşı qızı X7, qardaşı qızı X25, qardaşı oğlu X26, oğlu Şahid1 Ceyhun oğlu, oğlu X20, qızı X11 Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi «Balakən Rayon Mərkəzi Xəstəxanası» X51 31 oktyabr 2024-cü il tarixli arayışlarından görünür ki, Ərizəçi xx.xx.2009-cu və xx.xx.2011ci il tarixində qız uşaqlarının doğulmasına dair xəstəxanada qeydiyyat aparılmamışdır. Balakən regional “ASAN xidmət” X27 tərəfindən verilən 20 sentyabr 2025-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, xx.xx.2009-cu il tarixdə və xx.xx.2011-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində ev şəraitində doğulmuş qız uşaqlarının doğumunun qeydə alınması şöbədə mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən dediyinə görə xx.xx.2009-cu il tarixdə və xx.xx.2011-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində ev şəraitində doğulmuş qız uşaqlarının doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilir. Balakən regional “ASAN xidmət” X27 tərəfindən verilən 10 oktyabr 2025-ci il tarixli 642 nömrəli arayışından görünür ki, Ərizəçi qız uşağı barəsində Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı, Arxiv məlumatları xx.xx.2009-xx.xx.2025-ci illərə dair doğum akt qeydləri üzrə yoxlanılmışdır. Balakən regional “ASAN xidmət” X27 tərəfindən verilən 10 oktyabr 2025-ci il tarixli 643 nömrəli arayışından görünür ki, Ərizəçi qız uşağı barəsində Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları xx.xx.2011-xx.xx.2025-ci illərə dair doğum akt qeydləri üzrə yoxlanılmışdır. AZ-İİİ seriyalı 913636 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 24 iyul 2013-cü ildə doğulmuşdur, atası X16, anası Ərizəçirdır. AZ-V seriyalı 049472 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X20 xx.xx.2024-cü ildə doğulmuşdur, atası X16, anası Ərizəçirdır. Balakən rayon İcra Hakimiyyəti Başçısının Hənifə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliynin 23 dekabr 2025-ci il tarixli 543 nömrəli arayışından görünür ki, X12 arvadı Ərizəçi və digər ailə üzvləri ilə Hənifə kəndində yaşayır. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx.xx.2009-cu il tarixdə Balakən rayonunun Hənifə kəndində ev şəraitində Zümrüd adlı, xx.xx.2011-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində ev şəraitində Elmira adlı uşaqları doğulmuşdur. Uşaqlar ev şəraitində doğulduğundan və tərəflər arasında rəsmi nikah olmadığından onların doğumu hal-hazıradək qeydə alınmamışdır. Onların şəxsiyyət vəsiqələrinin alınması üçün isə onlara doğum haqqında şəhadətnamə verilməlidir. Bununla əlaqədar ərizəçi Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edə bilmədiyinə görə doğumunun qeydə alınmasından imtina edilmişdir. Ərizəçi övladlarının doğum faktının müəyyən edilməsinə dair tələbinin hüquqi əhəmiyyəti olduğundan, lakin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, Ərizəçi xx.xx.2009-cu il tarixdə Balakən rayonunun Hənifə kəndində Zümrüd adlı qızının və xx.xx.2011-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində Elmira adlı qızının doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. Ərizəçi xx.xx.2009-cu il tarixdə Balakən rayonunun Hənifə kəndində Zümrüd adlı qızının və xx.xx.2011-ci il tarixdə Balakən rayonunun Hənifə kəndində Elmira adlı qızının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1284/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1284/2025
25.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver