Məhkəmə qərarları › İş №e-2(019)-1351/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1351/2025

05.03.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1351/2025 05.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə1, cavabdeh ünvan 1 orta məktəbinin nümayəndəsi direktor Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh ünvan 1 orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, mənəvi ziyan və işəgötürənin məsuliyyətə cəlb edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh ünvan 1 orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən rayonu, Poştbinə kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Nümayəndə2 *9.1*.2*25-ci il tarixli *73 nömrəli, “İddiaçı töhmət verilməsi” haqqında əmrinin ləğv edilməsini, iddiaçıya məktəb direktoru tərəfindən verilən yuxarıda qeyd edilən qanunsuz əmr psixoloji və sosial cəhətdən mənfi təsir göstərdiyindən 3.*** (üç min) manat mənəvi təzminatın ödənilməsini; işəgötürənin bu qanunsuz hərəkətlərinə görə müvafiq hüquqi məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildə Gəncə şəhəri Məişət Xidməti Kollecinə daxil olmuş və 19 may 2*2*-ci ildə “ibtidai təhsil” üzrə tam kursu bitirmiş və həmin tarixdə Dövlət İxtisas Komissiyasının qərarı ilə “ibtidai sinif müəllimi” ixtisası verilmişdir. Hələ kollecdə oxuyarkən 1998-ci ildə Balakən rayonu, Poşbinə 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi olaraq əmək fəaliyyətinə başlamış və hal-hazırda da ibtidai sinif müəllimi kimi fəaliyyətini davam etdir. Təxminən 3 il əvvəl məktəbə direktor təyin olunan Nümayəndə2 ilə sonuncunun onun əmək hüquqlarını pozması səbəbindən aralarında bir neçə dəfə narazılıq baş vermiş, Nümayəndə2 bu hərəkətlərini qanunsuz hesab edərək yuxarı dövlət orqanlarına müraciətlər ünvanlamışdır. İddiaçının fikrincə direktor Nümayəndə2 isə bütün bunlara görə onu cəzalandırmaq, məktəbdən uzaqlaşdırmaq qərarına gəlmişdir. O 18 iyun 2*25-ci il tarixdə əsassız olaraq guya pedaqoji şuranın qərarı və aparılmış monitorinqin nəticələrini əsas gətirib onun barəsində “müəllimə xəbərdarlıq edilməsi barədə” əmr imzalamışdır. Əslində isə həmin vaxt Pedaqoji Şuranın iclası keçirilməmişdir. Əmrin imzalanması barədə sonradan məlumat almış, dəfələrlə əmrin ləğvi məqsədilə müraciət etmək üçün tələb etsə də əmrin surəti ona verilməmiş, təxminən 3 ay sonra, yəni qanunvericilikdə müəyyən edilmiş iddia müddəti keçdikdən sonra əmr ona təqdim edilmiş, bununla da müraciət hüququnun qarşısı alınmışdır. *9 oktyabr 2*25-ci il tarixdə direktor Nümayəndə2 onun sinif rəhbəri olduğu Poştbinə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 4-cü sinfinə gələrək dərsdə oturmuş, dərs başa çatmamış həmin vaxt yeni dərs ili başladığı vaxtdan dərs jurnalları verilmədiyindən özünün tərtib etdiyi sinfin dərs jurnalını götürərək sinfi tərk etmək istədikdə direktora sinfin dərs jurnalını götürüb aparmasına narazılığını bildirmiş, direktor isə ona kobud cavab verərək münaqişəyə təhrik etmişdir. Hadisə zamanı o nümunəvi davranmış, hər hansı qanun pozuntusuna yol verməmişdir. Lakin direktor Nümayəndə2 hadisəni təhrif edərək guya iddiaçının onun xidməti otağına icazəsiz daxil olaraq münaqişə yaratması, hörmətsizlik nümayiş etdirməsi, təhqiramiz ifadələr işlətməsi məzmununda akt tərtibi etdirib tabeliyində olan hadisə barədə məlumatı olmayan işçilərə imzalatdırmaqla və eyni məzmunda izahatlar yazdırmaqla sənədləşdirmişdir. Həmin sənədlər əsasında *9 oktyabr 2*25-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə, həmçinin Təhsil Nazirliyinin “Ümumtəhsil müəssisələrinin daxili intizam qaydaları”na, təhsilverənin etik davranış qaydalarına zidd hesab etməklə və əmək intizamının kobud pozulması kimi qiymətləndirilməklə iddiaçıya əmək intizamını kobud şəkildə pozması və rəhbər şəxsə etik olmayan davranış nümayiş etdirməsi əsası ilə “töhmət” verilməsi barədə tamamilə qanunsuz və əsassız *73 nömrəli əmr imzalamışdır. İşəgötürənin bu addımı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə ziddir. Belə ki, iddiaçı əmək qanunvericiliyinin tələblərinə zidd olaraq əmrin mətni ilə tanış edilməmişdir. Əmr iddiaçıdan gizlədilmişdir. İntizam tənbehi verilməmişdən əvvəl cavabdeh iddiaçıdan yazılı izahatın verilməsini tələb etməmiş və izahatı alınmamışdır. Əmr iddiaçının dövlət orqanlarına müraciətləri ilə əlaqədar ondan qisas almaq məqsədilə verilmişdir. Mübahisənin mediasiya vasitəsilə həlli üçün Balakən 1 saylı Mediasiya Təşkilatına müraciət edilmiş, lakin mediasiya prosesi nəticəsiz olmuş və təşkilat tərəfindən İMS-dən sonra prosesin davam etdirilə bilməməsi barədə arayış alınmışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, *9 oktyabr 2*25-ci il tarixdə direktor Nümayəndə2 müavini ilə birlikdə onun sinif rəhbəri olduğu Poştbinə 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 4-cü sinfinə gələrək dərsdə oturmuş, dərs başa çatmamış özünün tərtib etdiyi dərs jurnalını götürərək sinfi tərk etmək istədikdə direktora sinfin dərs jurnalını götürüb aparmasına narazılığını bildirmiş, direktor otaqdan çıxdıqdan sonra özü də otaqdan çıxaraq qapının qarşısında dayanıb direktordan jurnalı tələb etmiş, sonra isə şagird Yunusu direktorun otağına jurnalı geri gətirmək üçün göndərmiş, amma özü direktorun otağına getməmiş, ona “sürüyərəm sizi, başınıza oyun açacam” sözlərini deməmişdir, heç kimi təhqir etməmişdir. Cavabdeh tərəfin şahidləri onun tabeliyində olan şəxslərdir, onların dedikləri doğru deyil, həmin vaxt foyedə ancaq xidmətçilər olub. Hamı dərsdə olub, koridorda heç kəs olmayıb. Səs-küy salsa idi, polisdə izahat alardılar. Pedoqoji şuranın iclası keçiriləndə məktəbdə olmamışdı. İş vaxtı başa çatdı, dedilər ki, “saat 4-də geri gələrsiz, izahat verərsiz, sonra məlumat verəcik”, o, məktəbə gəldi, amma müəllimə yox idi, şuranın iclası xəbəri olmadan keçirilib. Əmrlə tanış olmayıb, əmrdən xeyli müddət sonra bacısı vasitəsilə xəbər tutmuşdu. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İddiaçı səs-küy salsa idi, polis şöbəsində barəsində tədbir görülərdi, bundan başqa cavabdehin təqdim etdiyi izahatların hansı tarixdə yazılması məlum deyil, qeydiyyata alınmayıb, buna görə mötəbər sübut kimi qəbul edilə bilməz. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbi ilə razı olmadığını bildirərək izahatında göstərmişdir ki, *9 oktyabr 2*25-ci il tarixdə müavini ilə birlikdə İddiaçı dərs dediyi sinfə gələrək dərsdə oturmuşlar, müəllimənin dərs jurnalının özünə aid olmayan hissəsini yazdığını aşkar etdilər, bu səbəbdən jurnalı ondan alıb otaqdan çıxaraq öz otağına getdi, Sevda müəllimə Yunusu jurnalı geri almaq üçün göndərdi, o, jurnalı şagirdə vermədi, daha sonra Sevda müəllimə əsəbi halda gələrək “sürüyərəm sizi, başınıza oyun açacam” deyərək onunla mübahisə etmişdir. Bu səbəbdən polisə şikayət etmişdir, prokurorluqda da olmuşlar, lakin məktəbin adının belə məsələ ilə hallanmaması üçün sonradan narazılıq etmədi. Həmin gün İddiaçı töhmət vermiş, ondan izahat verməyi təklif etdikdə imtina etmişdir. İddiaçı töhmət barədə əmrlə tanış olmaqdan da imtina etmişdir, lakin bu barədə akt tərtib edilməmişdir. Şöbədən qayıdandan sonra pedoqoji şuranın iclası keçirilib, bu barədə müəllimlərin qrupunda məlumat verilib, Sevda müəllimə polisdən çıxıb məktəbə qayıtmadı, onun iclasdan məlumatı var idi. İddiaçı və məktəbdə işləyən digər bacıları onunla dərs saatlarına görə mübahisə edirlər. Töhmət barədə əmr qanunidir, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında psixoloq X4 iştirakı ilə dindirilmiş şahid X8 izahat verərək bildirmişdir ki, 4-cü sinifdə oxuyur, *9.1*.2*25-ci il tarixdə Naida müəllimə bir az sinifdə oturduqdan sonra jurnalı götürüb çıxdı, Sevda müəllimə onu jurnalı gətirmək üçün direktorun otağına göndərdi, direktor jurnalı ona vermədi, ona görə sinfə qayıtdı, sonra Sevda müəllimə hirslənib otaqdan çıxdı, o, səs-küy eşitməyib, direktorun otağı ilə sinif otağı arasında bir az məsafə var. Məhkəmə iclasında Şahid2 izahat verərək bildirmişdir ki, məktəbdə katibə işləyir, direktorun otağının qarşısındakı otaq onundu, *9.1*.2*25-ci il tarixdə otağında oturmuşdu, Sevda müəllimə əsəbi şəkildə gəldi, “səviyyəsizlər, sürüyərəm sizi” deyərək direktorun otağına daxil oldu. Direktorun otağında özündən başqa müavini var idi. İzahatı həmin gün direktor yazdırdı. Dəhlizdə nə baş verdiyini görməyib. Direktorun qapısı örtülü idi deyə orada nə danışdıqlarını aydın eşitməyib, amma mübahisə etdiklərini eşitmişdi. Məhkəmə iclasında Şahid3 Aslan qızı izahat verərək bildirmişdir ki, məktəbdə təşkilatçı işləyir, saat 9-a qədər Naida müəllimənin otağının yanında foyedə uşaq birliyi ilə gecikən uşaqları qeydə alır. *9.1*.2*25-ci il tarixdə dəhlizdə gecikən şagirdlərin gecikmələrini qeyd edirdi. Fatma ilə qapının çırpılan səsini eşitdilər. Sevda müəllimə otaqdan çıxıb deyinə-deyinə gedirdi, “səviyyəsizlər, sürüyərəm sizi” kimi sözlər deyirdi. Sevda müəllimənin sinfindən səs eşitməyib, onun sinfi dəhlizin o biri başındadı. Ondan başqa orada Naida müəllimənin otağı ilə üzbəüz olan Pakizə müəllimə var idi və məktəbin giriş qapısından hərbi rəhbər Nadir bəy səs-küyə gəldi. Həmin gün günorta həmkarların iclası keçirilib, iclas barədə müəllimlərin “Whatsapp” qrupunda yazılır. Məhkəmə iclasında Şahid4 izahat verərək bildirmişdir ki, müəllimədir, hazırlıq sinfinə rəhbərlik edir, saat 9-da birinci tənəffüsdə həmin sinfin uşaqlarına nəzarət edirdi. Bu zaman dəhlizdə direktorun otağının qapısının çırpılan səsini eşitdi, Sevda müəllimə çıxaraq “səviyyəsizlər, sizi sürüyərəm, başınıza nə oyun açacam” dedi. Sevda müəllimənin otağı dəhlizin o biri başındadı. Töhmət verilməsinin tərəfdarıdır. Ondan başqa Sevil müəllimənin foyedə nəsə yazdığını görmüşdü. Nadir müəllim də, deyəsən, səsə qapıdan gəldi. Məhkəmə iclasında Şahid5 izahat verərək bildirmişdir ki, məktəbdə hərbi rəhbər işləyir. *9.1*.2*25-ci il tarixdə sinif otağında nə baş verdiyindən xəbəri yoxdur. Həmin gün saat təxminən 9-da məktəbin girişində dayanmışdı, direktorun otağı ora yaxındı, bu zaman səsküy eşitmiş, əvvəl normal söhbət olduğunu hesab etmiş, sonra eşitmişdir ki, səs tonu yüksəkdi. Girişdə Sevil müəllimə və uşaq birliyi Fatma müəllimə, Pakizə müəllimə var idi. Onlar səs gələn tərəfə durdular, bu zaman özü də içəri girdi. Həmin vaxt səs-küy olmuşdu, direktorun otağında nə danışdıqlarını eşitmədi. Sevda müəllimə əsəbi halda direktorun otağından çıxıb öz otağına getdi. Sevda müəllimənin “səviyyəsizlər, sizi sürüyərəm” deməsini eşitmişdi. Həmin gün hadisə ilə bağlı izahat vermişdi və iclas keçirilmişdi. 1*.*2.2*26-cı il tarixli məhkəmə iclasında Şahid6 izahat verərək bildirmişdir ki, məktəbdə ibtidai sinif müəlliməsi işləyir. Sevda onun bacısıdır. *9 oktyabr tənəffüsdə Sevda gələrək bezdiyini, işinə müdaxilə olunduğunu dedi. Ondan sonra polisə zəng vurdu. 1-2 gün sonra direktor bacısına töhmət yazdığını dedi, o da bunu Sevdaya dedi. Otaqları birinci mərtəbədədi. Onun otağı direktorun otağından təxminən 1* metr məsafədədi. Qapılar elə möhkəm deyil ki, səs olsun, eşidilməsin. Belə bir şey olmayıb. Onlara qarşı qərəzli münasibət var. Onun özünə töhmət verilməyib. 1*.*2.2*26-cı il tarixli məhkəmə iclasında Şahid1 izahat verərək bildirmişdir ki, direktor müavini işləyir. *9.1*.2*25-ci il tarixdə Naida müəllimə ilə birlikdə İddiaçı sinfində dərs dinləməyə getmişdilər. Müəllimənin dərs jurnalının özünə aid olmayan hissəsini yazdığını aşkar etdilər, bu səbəbdən jurnalı ondan alıb otaqdan çıxaraq direktorun otağına getdilər, oradan vəziyyəti təhlil edəndə Sevda müəllimə Yunusu jurnalı geri almaq üçün göndərdi, Naida müəllimə jurnalı şagirdə vermədi, daha sonra Sevda müəllimə əsəbi halda gəldi, onun qabağına keçdi. Sevda müəllimə jurnala əl atdı, jurnalın üz qabığı əzildi. Naida müəllimə jurnalı vermədi, o da əsəbi halda “sizin kimi direktoru bura niyə qoyublar” deyərək getd. Bundan başqa “səni sürüyərəm” demişdi. Ondan başqa katibə otağında oturmuşdu. Təlimata əsasən həftə ərzində 1* müəllimənin dərsini dinləyirlər. İzahatı hadisə günü yazıb. Polis şöbəsinə çağırılıb, amma izahat verməyib. Polisə, deyəsən, əvvəl Sevda müəllimə, sonra Naida müəllimə şikayət edib. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: ünvan 1 orta məktəbinin *26 nömrəli 18 iyun 2*25-ci il tarixli müəllimə xəbərdarlıq edilməsi barədə əmrindən görünür ki, məktəbin 3-cü sinif müəllimi İddiaçı 3-cü sinifdə aparılmış monitorinq nəticələrinin çox aşağı olmasını əsas göstərərək işində dönüş yaratması və şagirdlərlə ciddi məşğul olması tapşırılmışdır. 15 sentyabr 2*25-ci il tarixli xəbərdarlıqdan görünür ki, Poştbinə kəndi 1 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Nümayəndə2 yazıb xəbərdar edir. Məktəbin ibtidai sinif müəllimi İddiaçı ondan ötrü ki, məktəbin nizam - intizam qaydalarını pozaraq X1 15.*9.2*25-ci il tarixdə İV sinifdə olan fiziki tərbiyə dərsini tədris etməyə icazə verməmiş, X5 dərsini İddiaçı müdaxiləsi ilə keçməli olmuşdur. Belə hal bir də təkrar olunarsa ona qarşı daha sərt intizamı tənbehi görüləcəyini xəbərdar edilmişdir. ünvan 1 orta məktəbinin *73 nömrəli *9 oktyabr 2*25-ci il tarixli İddiaçı töhmət verilməsi haqqında əmrindən görünür ki, Məktəbin ibtidai sinif müəllimi İddiaçı tərəfindən məktəbdə etik davranış və əmək intizamı qaydalarının kobud şəkildə pozulması faktı qeydə alınmışdır. Belə ki, o direktorun xidməti otağına icazəsiz daxil olaraq, rəhbər şəxsə qarşı hörmətsizlik göstərmiş, təhqiramiz ifadələr işlətmiş və emosional şəkildə mübahisə yaratmışdır. Bu davranış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə, həmçinin Təhsil Nazirliyinin “Ümumtəhsil müəssisələrinin daxili intizam qaydaları”na təhsilverənin etik davranış qaydalarına ziddir və əmək intizamının kobud pozulması kimi qiymətləndirilir. Məktəbin ibtidai sinif müəllimi İddiaçı əmək intizamını kobud şəkildə pozduğuna və rəhbər şəxsə qarşı etik olmayan davranış nümayiş etdirdiyinə görə töhmət verilmiş, əmr onun şəxsi işinə əlavə edilmişdir. Əsas: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə, həmçinin Təhsil Nazirliyinin “Ümumtəhsil müəssisələrinin daxili intizam qaydaları”na, Təhsilverənin etik davranış qaydalarına əsasən. Hadisə barədə şahidlərin iştirakı ilə tərtib edilmiş akt və şahidlərin yazılı izahatları. Poştbinə kənd 1 nömrəli tam orta məktəbin müəllim heyətinin “Təhsilverənlərin etik davranış qaydaları” ilə tanış olma siyahısından görünür ki, İddiaçı qaydalar ilə tanış olduğunu imzası ilə təsdiq etmişdir. ünvan 1 orta ümumtəhsil məktəbinin direktoru Nümayəndə2 və həmin məktəbin ibtidai sinif müəlliməsi İddiaçı *9.1*.2*25-ci il tarixdə DİN-nin “1*2” xidməti-zəng mərkəzinə zəng vurub verdikləri məlumatları və Balakən RPŞ-yə etdikləri müraciətləri əsasında aparılmış araşdırmanın nəticəsinə dair arayışdan görünür ki, ünvan 1 orta ümumtəhsil məktəbinin direktoru Nümayəndə2 *9.1*.2*25-ci il tarixdə DİN-nin “1*2” xidməti-zəng mərkəzinə zəng vuraraq və Balakən RPŞ-yə ərizə ilə müraciət edərək, monitorinqlə bağlı məktəbin İV sinfində İddiaçı riyaziyyat fənni üzrə tədris olunan dərsə dərs dinləməyə getdiyini, jurnala baxış keçirdiyi zaman uyğunsuzluqlar aşkar edərək Sevda müəlliməyə bildirib öz otağına getdiyini, sonradan İddiaçı onun otağına gəlib aqresiv halda onunla mübahisə edərək ünvanına nalayiq ifadələr işlətdiyini bildirmişdir. ünvan 1 orta ümumtəhsil məktəbinin ibtidai sinif müəlliməsi İddiaçı *9.1*.2*25-ci il tarixdə DİN-nin “1*2” xidməti-zəng mərkəzinə zəng vuraraq və Balakən RPŞ-yə ərizə ilə müraciət edərək, məktəbin direktoru Nümayəndə2 ilə dərs jurnalı üstündə mübahisə etdiklərini, Naida müəllimənin onun dərs saatlarını azaltmaq istədiyini qeyd etmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış Nümayəndə2 izahatında ünvan 1 orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışdığını, *9.1*.2*25-ci il tarixdə monitorinqlə bağlı məktəbin İV sinfində İddiaçı riyaziyyat fənni üzrə tədris olunan dərsə müavini Şahid1 ilə dərs dinləməyə getdiyini, jurnala baxış keçirdiyi zaman uyğunsuzluqlar aşkar edərək Sevda müəlliməyə bildirib öz otağına getdiyini, sonradan İddiaçı onun otağına gəlib aqresiv halda ünvanına xoşagəlməz ifadələr işlətdiyini bildirmişdir. Aparılmış araşdırma zamanı izahatı alınmış İddiaçı izahatında ünvan 1 orta ümumtəhsil məktəbində çalışdığını, dərs tədris etdiyi zaman məktəbin direktoru Nümayəndə2 sinif otağına gələrək onun öz vəsaiti ilə hazırladığı jurnalı götürmək istədiyini, buna etiraz etdikdə isə aralarında münaqişə yarandığını, sonuncunun onu sözlə hədələdiyini bildirmişdir. Beləliklə, aparılmış araşdırma zamanı toplanmış materialda heç bir hüquq pozuntusu aşkar olunmamışdır. Buna görə də müraciət müəlliflərinə rəsmi məktublar ünvanlanaraq məlumat verilmişdir. İddiaçı tərəfindən Balakən RPŞ-yə verilən *9.1*.2*25-ci il tarixli izahatdan görünür ki, o, hal-hazırda Poştbinə 1 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləyir. *9.1*.2*25-ci il tarixdə məktəbdə dərsdə olduğu zaman məktəbin diretoru Nümayəndə2 sinifə daxil olub ondan öz puluyla düzəltdiyi jurnalı tələb etdi. Hələ dövlət tərəfindən jurnallar verilməyib. İV sinifdə ondan başqa ərizəsi, razılığı olmadan dərs saatları verilmiş müəllimlərə yazdıracağını bildirdi. O etiraz etdi ki, bu jurnalı o öz vəsaiti hesabına, özü düzəldib. Ona kobudluq etdi və jurnalı onun əlindən çəkib aldı. O, Naidanı vurmaq istəməyib, sadəcə jurnala görə aralarında mübahisə oldu. Naida onu hədələdi dedi ki, “töhmət verəcəm, sənin başına gör nə oyun gətirəcəm”. Nümayəndə2 tərəfindən Balakən RPŞ-yə verilən *9.1*.2*25-ci il tarixli izahatdan görünür ki, hal-hazırda Poştbinə kənd 1 nömrəli tam orta məktəbində direktor vəzifəsində çalışır. *9.1*.2*25-ci il tarixdə birinci saat İV sinifdə riyaziyyat dərsi idi. Dərsi məktəbin ibtidai sinif müəllimi İddiaçı tədris edir. 4-cü siniflərin monitorinqi ilə bağlı orada müavini Şahid1 və o, tez-tez dərs dinləmədə olurlar. Həmin gün dərs dinləməyə gedən zaman İddiaçı sinif jurnalı, gündəlik, proqramını təqdim etməyi xahiş etdi. Sənədlərə baxış keçirən zaman təxminən saat *8:45 radələri idi. Sinif jurnalında uyğunsuzluqlar müşahidə etdi. Sinif müəllimi İddiaçı jurnalda özünə aid olmayan səhifələri, yəni Aynurə Ömərova və Sevda Qardaşovaya aid hissələri işləmişdi. Müəllimlərə isə jurnalın hələ hazır olmadığını, evdə qaldığını bəhanə edərək gizlətmişdir. O, bu halı aşkarladıqda jurnalı götürüb şagirdlərlə sağollaşaraq otaqdan çıxdı. Sonra öz otağında olan zaman İddiaçı qəfil otağa hücum etdi. Həmin vaxt müavini Şahid1, katibə Şahid2 da yanında idi. Məsələni aktlaşdırma ilə bağlı katibəyə qeydlər yazdırdı. Birdən İddiaçı aqressiv halda qışqıraraq, təhqiredici sözlərlə “səni bu məktəb boyu sürüyərəm” deyərək daxil oldu. Jurnalı qarşısından çəkmək istədi, o, jurnalı saxlayanda əlini ona da çatdırdı. Müavini müdaxilə etdi, katibə ilə birlikdə onu otaqdan çıxardılar. Bu hadisə təhsilverənin etik davranış qaydalarına ziddir, onun müəssisə rəhbəri olaraq kollektiv qarşısında nüfuzuna xələl gətirəndir. Belə hallar onlar tərəfindən, yəni İddiaçı və onun məktəbində işləyən digər bacıları tərəfindən dəfələrlə ona edilib. Odur ki, polis qurumlarından, Balakən Rayon Polis Şöbəsinin müdiri Çingiz Aslanov cənablarından məsələ ilə bağlı köməklik göstərilməsini xahiş etmişdir. *9.1*.2*25-ci il tarixli intizam pozuntusu ilə bağlı həmkarların rəyindən görünür ki, həmkarların sədri Ülviyyə Bayramlı və məktəbin işçiləri Poştbinə kənd 1 nömrəli tam orta ümumtəhsil məktəb kollektivinin üzvləri, ibtidai sinif müəllimi İddiaçı fəaliyyətində aşağıdakı intizam pozuntusunu müşahidə etmişlər. Pedaqoji şuralarda şura qərarlarına etiraz edərək səs küy yaradır, digər müəllimlərin fikirlərini ifadə etməsinə mane olurlar. Direktora təhqiredici ifadələrlə yüksək səslə müraciət edirlər. Məktəbdə öyrədici mühitin pozulmasına səbəb olurlar. Ən əsası isə müəllimə yaraşmayan davranış nümayiş etdirirlər, təhsilverənin etik davranış qaydalarını pozurlar. Kollektiv üzvləri bu davranışı əmək intizamının pozulması, həmkarlarla işgüzar münasibətlərin pozulması və pedaqoji etika prinsiplərinə zidd hərəkət kimi qiymətləndirirlər. Kollektiv hesab edir ki, müəllimədən izahat alınmalı və təkrar bu kimi halın baş verməməsi üçün inzibati tədbir görülməsi məqsədə uyğundur. Müəllimə bildirilsin belə halların baş verməsi məktəbdə etik davranış qaydalarının pozulmasıdır və xoşagələn deyil. Rəy, Şahid3, Şahid1, Xəlilova Rəqsanə, Yekəyeva Əminə, Şindiyev Fatma, Şahid5, Yəhyayev İlqar, Şahid4, Umarova Aynur, Qoncayeva Arzu, Bayramlı Ülviyyə, Novruzova Bikə, Məmmədova Pərvanə, İsmayılova Samirə, Qardaşova Elnarə, Şahid2, Əlibəyova Xuraman, Həsənova Gülnarə, Qarayeva Günel, Umarova Aygün, Abdullayeva Gülnaz, Saxrayeva Samirə, Teliyeva Reyhan, Hacıyeva Lamiyə, Haxova İradə, Qardaşova Sevda və Eminova Sahilə tərəfindən imzalanmışdır. *9.1*.2*25-ci il tarixli Nümayəndə2, Şahid1, Şahid2, Şahid3, F.Ə.Şindiyeva, Şahid4 və Şahid5 tərəfindən tərtib olunaraq imzalanan aktdan görünür ki, *9.1*.2*25-ci il tarixində birinci dərs zamanı məktəbin ibtidai sinif müəllimi İddiaçı məktəb direktoru Nümayəndə2 Elxan qızının otağına daxil olaraq, əsəbi şəkildə davranmış, yüksək səslə qışqıraraq onu təhqir etmiş, hədə-qorxu ifadələri işlətmiş sinif jurnalını ondan zorla almağa çalışmışdır və direktora fiziki şiddət göstərmək istəmişdir. Hadisə zamanı otaqda olan direktor müavini X2 dərhal araya girərək insidentin qarşısını almış və hadisənin daha da gərginləşməsinə imkan verməmişdir. Hadisə zamanı aktı tərtib edən şəxslər şahid olmuşlar. Poştbinə kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin X7 Çıxarışdan görünür ki, *9.1*.2*25-ci il tarixli məktəbdə pedaqoji şura iclası keçirilmişdir. Müzakirə mövzusu: Müəllimə İddiaçı əmək və etik davranış qaydalarına riayət etməməsi məktəbin nizam intizam qaydalarını pozması. İclasda qeyd olunmuşdur ki, İddiaçı tərəfindən təsdiqlənmiş müvəqqəti sinif jurnalı gizlədilmiş, bununla digər müəllimlərin işinə maneə yaradılmışdır. Dərsdinləməyə gedən direktor Nümayəndə2 və müavin Ramilə Haqverdiyevə müəllimin sinif jurnalında etdiyi özbaşınalığı görmüş və jurnalı götürüb sinifdən çıxmışlar. O, özünə aid olmayan səhifələrdə mövzular yazmış, məktəbin direktoru Nümayəndə2 otağına hücum edərək onu təhqir etmiş, jurnalı ondan zorla almağa cəhd etmişdir. Baş vermiş hadisə aktlaşdırılmış, hadisə ilə bağlı şahidlərin izahatı alınmışdır. Müzakirələr nəticəsində Pedaqoji Şura yekdilliklə aşağıdakı qərarı qəbul etmişdir: Müəllimə İddiaçı davranışı ilə bağlı məsələ məktəbin Həmkarlar Təşkilatında müzakirə olunsun. Onun rəsmi xəbərdarlıqlarının artıq mövcud olduğunu nəzərə alaraq, davranışına görə İddiaçı töhmət verilsin. *9.1*.2*25-ci il tarixli Nümayəndə2, Şahid1, Şahid3, A.H.Ömərova və S.Ə.Qardaşova tərəfindən tərtib olunaraq imzalanan aktdan görünür ki, ibtidai sinif müəllimi İddiaçı 4-cü sinifdə musiqi və fiziki tərbiyə dərslərinin digər ibtidai sinif müəllimlərinə verilməsinə baxmayaraq, həmin müəllimlərə sinif jurnalına qeyd aparmağa icazə vermir, İddiaçı jurnalı təqdim etməməsini "hazır deyil”, “evdə qalıb”, “indi gətirəcəyəm” kimi müxtəlif bəhanələrlə əsaslandırmış, lakin jurnalı dərs vaxtı təqdim etməmişdir. Bu səbəbdən fənn müəllimləri dərs saatlarını jurnalda qeyd edə bilməmişlər. Hadisə *9.1*.2*25 tarixində, birinci dərs zamanı baş vermişdir. Müəlliməyə dəfələrlə izah olunmasına baxmayaraq, o, sinif jurnalını təqdim etməmiş və bu hərəkəti dərs prosesinin sənədləşdirilməsinə mane olmuşdur. Bu hərəkət pedaqoji fəaliyyətin təşkili və sənədləşmə qaydalarının pozulması kimi qiymətləndirilir və rəhbərliyə məlumat verilməsi məqsədilə bu akt tərtib edilir. Şahid1 tərəfindən yazılan *9.1*.2*25-ci il tarixli izahatdan görünür ki, *9.1*.2*25-ci il tarixdə o və məktəbin direktoru Nümayəndə2 8:3* radələrində İV sinifdə dərs dinləməyə getmişdilər. Dərs dinləmə zamanı sinif müəllimi İddiaçı direktora müvəqqəti jurnalı, proqramını və gündəliyini istədi. Müvəqqəti jurnala baxış keçirən zaman direktor sinif müəlimi İddiaçı özünün dərs demədiyi fənlərin səhifəsinə öz adının və mövzuların yazdığını gördü. Dərsi bir qədər dinlədikdən sonra jurnalı da götürüb sinifdən çıxdılar və direktorun otağına bu məsələni təhlil etməyə getdilər. İki dəqiqə keçmişdi ki, İddiaçı bir şagirdini jurnalını istəməyə göndərdi. Direktor şagirdi sinifə göndərdi. Şagird gedəndən sonra müəllimin özü çox əsəbi halda direktorun otağına daxil oldu və direktorun üstünə hücum çəkdi ki, jurnalı verin yoxsa səni sürüyərəm. O qarşısına keçib otaqdan çıxartdı. O olmasaydı bəlkə də vəziyyət daha pis olardı. Çünki müəllimə çox əsəbi halda içəri daxil oldu. Otaqdan çıxa-çıxa səviyyəsizlər, bunun kimi direktorları niyə vəzifəyə qoyurlar və başqa təhqiramiz sözlər işlədərək getdi. Şahid5 tərəfindən yazılan *9.1*.2*25-ci il tarixli izahatdan görünür ki, *9 oktyabr 2*25-ci il 1-ci sinif dərs ərəfəsində, məktəbində baş vermiş məlum hadisə zamanı giriş qapısının yanında idi. Həmin vaxt direktorun otağından yüksək tonla səslər gəlməyə başladı. O içəri dəhlizə daxil oldu və “səni sürüyərəm”, “cəhənnəm ol”, “rədd ol”, “səviyyəsizlər” kimi ifadələri işlədənin ibtidai sinif müəllimi İddiaçı olduğunu gördü. Baş vermiş hadisədən anladığı o idi ki, dərs vaxtı direktorun otağına girərək, direktorun üzərinə hücum çəkmişdir. Bu ilk belə hadisə deyildi, özlərini qanuni, digər müəllimləri qanunsuz hesab edən Nəcəfova bacıları pedaqoji şura iclaslarında və digər vaxtlarda buna bənzər hadisələri dəfələrlə törətmişdilər. Şahid2 tərəfindən yazılan *9.1*.2*25-ci il tarixli izahatdan görünür ki, *9.1*.2*25-ci il tarixində direktor və əsas müavin birinci saat dərsdə 4-cü sinifə dərsdinləməyə getmişdilər, çıxdıqdan sonra direktor otağına gəldi. Beş dəqiqə sonra 4-cü sinif rəhbəri İddiaçı müəllimə cəld şəkildə otağa daxil olaraq səs-küy salaraq təhqiramiz sözlər işlədərək “jurnalımı verin sizi sürüyərəm” dedi. X6 tərəfindən yazılan *9.1*.2*25-ci il tarixli izahatdan görünür ki, *9.1*.2*25-ci il tarixində birinci sinif dərs zamanı təşkilatı müavinlə birlikdə 1-ci mərtəbədə giriş qapısının yanında oturmuşdu. Gecikən şagirdləri qeydə alırdılar. Həmin vaxt direktorun otağı tərəfdən səs-küy gəldi. Səsə bir direktorun otağı tərəfə baxdıqda İddiaçı müəllimə əsəbi halda təhqiredici ifadələr işlədərək öz sinifinə tərəf gedirdi. Şahid3 Aslan qızı tərəfindən yazılan *9.1*.2*25-ci il tarixli izahatdan görünür ki, *9.1*.2*25-ci il tarixində birinci dərs zamanı UBTR ilə birlikdə 1-ci mərtəbədə giriş qapısının yanında oturmmuşdu. Gecikən şagirdləri qeydə alırdılar. Həmin vaxt direktorun otağı tərəfindən səs-küy gəldi. Səsə onlar direktorun otağı tərəfə baxdıqda İddiaçı müəllimə əsəbi halda təhqiramiz ifadələr işlədərək öz sinifinə tərəf gedirdi. Şahid4 tərəfindən yazılan *9.1*.2*25-ci il tarixli izahatdan görünür ki, *9.1*.2*25-ci il tarixində hazırlıq sinifinin 1-ci dərs tənəffüsündə saat *9:*5 uşaqlara nəzarət edirdi. O zaman İddiaçı direktorun otağından çıxan zaman çox pis və yüksək səslə, direktora “cəhənnəm ol”, “rədd ol”, “səviyyəsiz” kimi xoşagəlməz ifadələr işlədərək öz sinifinə getdi. Bundan başqa da artıq neçə ildir ki, məktəbin pedaqoji şura iclasına maneə törədirlər ya dinləmirlər, dinləməyə də imkan vermirlər. Bununla bağlı ciddi tədbirlərin görülməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası:

35. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra – əmək müqaviləsi) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 1*. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 186.4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunda müəyyən edilmiş qaydada cəlb edilir. 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, yaxud məzuniyyətdə olduğu vaxt, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yeri və orta əməkhaqqının saxlanıldığı dövrlər həmin müddətə daxil edilmir. 187.3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin və ya fiziki şəxs olan işəgötürənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin (sərəncamın, qərarın) surəti ona təqdim olunmalıdır. 19*.3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 23.3. Ümumi təhsil sahəsində təhsilverənlərin vəzifələri aşağıdakılardır: 23.3.5. ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək və əmək müqaviləsi ilə müəyyənləşdirilmiş əmək funksiyalarını yerinə yetirmək; 23.3.8. etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsilalanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2*24-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”: 1.1. Bu Qaydalar təhsilverənlərin etik davranış qaydalarını, prinsiplərini, habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. 1.2. Bu Qaydalar bütün növ təhsil müəssisələrində çalışan təhsilverənlərə şamil edilir. 1.4. Hər bir təhsilverən öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri rəhbər tutaraq bu Qaydaların müddəalarına əməl etməyə borcludur. 2.4. Mədəni davranış: 2.4.1. təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır; 2.4.2. təhsilverən xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməlidir; 3.3. Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur. 5.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir. 5.2. Müəssisə rəhbəri: 5.2.1. kollektivi bu Qaydalarla tanış etməlidir; 5.2.2. təhsilverənin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli, onun təhlili və müzakirəsini aparılmalıdır; 5.2.3. təhsilverənləri hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir; 5.2.4. etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir; 5.2.5. müəssisənin kollektivini və ictimaiyyəti bu Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumatlandırmalıdır; 5.2.6. bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 1*6.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, *9 oktyabr 2*25-ci il tarixdə ünvan 1 orta məktəbinin müəllimi İddiaçı “səviyyəsizlər, sürüyərəm sizi” kimi ifadələr işlədərək, direktor Nümayəndə2 ilə mübahisə etmişdir. Bu səbəbdən iddiaçıya həmin tarixdə əmək intizamını kobud şəkildə pozduğuna və rəhbər şəxsə qarşı etik olmayan davranış nümayiş etdirdiyinə görə töhmət verilmişdir. Bu fakt *9.1*.2*25-ci il tarixdə tərtib edilmiş aktla, Şahid1, Şahid2, Şahid3 Aslan qızı, Şahid4, Şahid5 yazılı izahatları və məhkəmə iclasında verdikləri izahatları ilə sübuta yetirilmişdir. Məhkəmə iddiaçının həmin sənədlərin qeydiyyata alınmaması ilə bağlı qeyd edir ki, göstərilən şəxslər məhkəmə iclasında izahatları *9.1*.2*25-ci il tarixdə yazdıqlarını təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş həmin şəxslər məktəbin hadisə baş verən otağında və ya həmin otağa yaxın ərazidə olmuşlar, onların izahatları bir-birini tamamlayır, izahatlar arasında heç bir ziddiyyət müəyyən edilməmiş, odur ki, məhkəmə onların izahatını mötəbər sübut kimi qəbul edir. Şahid6 sinif otağı isə hadisə baş verən otaqdan uzaq məsafədə, dəhlizin sonunda yerləşir, həmçinin onun otağının qapısı həmin vaxt bağlı olmuş, bu səbəbdən baş verənləri eşitməməsi mümkündür. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, direktor otaqdan çıxdıqdan sonra özü də otaqdan çıxaraq qapının qarşısında dayanıb direktordan jurnalı tələb etmiş, sonra isə şagird Yunusu direktorun otağına jurnalı geri gətirmək üçün göndərmiş, amma özü direktorun otağına getməmişdir. Lakin məhkəmə iclasında dindirilmiş şahid X3 izahatı ilə jurnalı gətirmək üçün direktorun otağına gedib geri qayıtdıqdan sonra iddiaçının otaqdan çıxdığı öz təsdiqini tapmışdır. Digər şahidlər də iddiaçını direktorun otağına gəldiyini görmüşlər. İddiaçı intizam tənbehi verilməmişdən əvvəl ondan yazılı izahatın verilməsinin tələb edilmədiyini bildirsə də, məhkəmə iclasında ona *9.1*.2*25-ci il tarixdə polis şöbəsindən saat 4-də məktəbə geri gəlməsinin, izahat verməsinin, sonra məlumat veriləcəyinin bildirildiyini etiraf etmişdir. Məhkəmə iddiaçının əmrin onun dövlət orqanlarına müraciətləri ilə əlaqədar qisas almaq məqsədilə verilməsi dəlilini əsassız hesab edir, bu dəlil məhkəmə araşdırması nəticəsində öz təsdiqini tapmamışdır. Bundan başqa polis şöbəsi tərəfindən onun barəsində inzibati tədbir görülməməsi, əmrlə tanış edilməməsi əmrin qanunsuz olmasına dəlalət etmir. İddiaçı tərəfindən yol verilən pozuntunu əmrin verilməsi üçün əsas olmuş hüquqi normalar baxımından təhlil etdikdə görünür ki, iddiaçı tərəfindən “Təhsilverənlərin etik davranış Qaydaları”nın tələbləri pozulmuşdur. Həmin Qaydaların tələbinə əsasən müəssisə rəhbəri etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir. Müəssisə rəhbəri kimi ünvan 1 orta məktəbinin direktoru da əsaslı olaraq etik davranış qaydalarını pozan təhsilverənin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbir görərək ona töhmət vermişdir. Belə olan halda, ona intizam tənbehi kimi töhmət verilməsi törədilmiş etik davranış qaydasının pozuntusuna mütənasib olmuş və əmək qanunvericiliyinə zidd olmamışdır. İddiaçının dəlilləri əmrin ləğv edilməsi üçün əsas deyildir. Odur ki, iddiaçıya töhmət verilməsi qanuni və əsaslı olduğundan ona 3.*** (üç min) manat mənəvi təzminatın ödənilməsi və işəgötürənin müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi tələbi əsassızdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh ünvan 1 orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, mənəvi ziyan və işəgötürənin məsuliyyətə cəlb edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-22*, 358, 36* və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh ünvan 1 orta məktəbinə qarşı “əmrin ləğv edilməsi, mənəvi ziyan və işəgötürənin məsuliyyətə cəlb edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar