Məhkəmə qərarları › İş №e-2(019)-1423/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1423/2025

24.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1423/2025 24.02.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 və X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən ona və ailə üzvlərinə düşən payın müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, reyestr nömrəsi **********22 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydə alınmış Balakən rayon Mahamalar kəndində yerləşən 0.6764 ha ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsində ona və ailə üzvlərinə düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışlar ki, onun və digər istifadəçilərin Balakən rayon Mahamalar kəndində yerləşən ümumi birgə mülkiyyətində 0.6764 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********22 nömrəli çıxarış da alınmışdır. Torpaq sahəsində hər bir payçıya düşən pay ölçüsü müəyyən edilmədiyindən, torpaqdan istifadə zamanı mübahisələr yaranır. Torpaq sahəsindən faktiki istifadə edilsə də ona və ailə üzvlərinə düşən payın ölçüsü və sərhədi rəsmi olaraq müəyyən edilməmişdir. Hazırki müraciəti ümumi birgə mülkiyyətə verilmiş Mahamalar kəndində yerləşən 0.6764 ha torpaq sahəsinin ona və ailəsinin 2 üzvünə məxsus hissəsinin rəsmiləşdirilməsi məqsədi daşıyır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 iddia tələbinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 iddia tələbinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********22 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.6764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X1, X6, İddiaçı, X3 və X4 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. AZ-İİ seriyalı 069045 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2020-ci il tarixdə ölmüşdür. AZ-İİ seriyalı 069250 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2002-ci il tarixdə ölmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları əsasında müəyyən edilmişdir ki, reyestr nömrəsi **********22 olan, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Balakən rayonu Mahamalar kəndində yerləşən 0.6764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X1, X6, İddiaçı, X3 və X4 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyətçilərdən X2 və X9 vəfat etmişlər. İddiaçı özünün və ailə üvzlərinin ümumi əşyaya paylı mülkiyyətinin müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi iddiaçının torpaq sahəsindən özünə düşən payın müəyyənləşdirilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. İddiaçı ailə üzvlərinə məxsus payın müəyyənləşdirilməsini tələb etmək hüququna malik deyildir, həmçinin ailə üzvlərinə düşən payın müəyyənləşdirilməsi üçün onlar şəxsən özləri müstəqil tələblə məhkəməyə müraciət etməmişlər. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, reyestr nömrəsi **********22 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydiyyata alınmış Balakən rayonu Mahamalar kəndində yerləşən 0.6764 ha ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinə İddiaçı 1/6 hissədə payı müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Reyestr nömrəsi **********22 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydiyyata alınmış Balakən rayonu Mahamalar kəndində yerləşən 0.6764 ha ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinə İddiaçı 1/6 hissədə payı müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar