Məhkəmə qərarları › İş №e-2(019)-157/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-157/2023

31.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-157/2023 31.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ 31 yanvar 2023-cü il tarixdə Balakən şəhərində Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin ona məxsus olan yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edib, onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında qeydiyyatdadır. 25 yanvar 2019-cu il tarixdə Cavabdeh4 özünə məxsus olan DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş **********37- 05101- 093002 reyestr nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 44.2 kvm, yaşayış sahəsi 35 kvm olan iki otaqlı mənzili Balakən rayon Notariat Ofisində 4Ə-57 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 11000 (on bir min) manata ona satmışdır. xx.xx.2020-ci il tarixdə isə həmin mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Cavabdeh4 özünə məxsus olan mənzili ona satdıqdan sonra mənzili boşaltmış və ona təhvil vermişdir. Lakin Cavabdeh4 özünə və ailə üzvləri olan cavabdehlər hal-hazıradək ona məxsus olan mənzildə qeydiyyatda qalmışlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin vaxtdan Bakı şəhərində yaşayırlar və onların Bakı şəhərində özlərinə məxsus evi vardır. Cavabdeh4 özünə məxsus olmuş mənzili notarial qaydada ona satdığından, digər cavabdehlər onun ailə üzvləri olduğundan onların hazırda ona məxsus olan ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş, məhkəməyə ərizə göndərərək Daşınmaz Əmlakın alqı-satqı nömrəsi AN-İ-№0728154 olan müqaviləyə heç bir etirazının olmadığını və iddiaçının tələbləri ilə tam razı olduğunu bildirmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq olunmuş notarial qaydada təsdiq edilmiş 25 yanvar 2019-cu il tarixli AN-İ0728154 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh4 mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 44.2 kvm, yaşayış sahəsi 35 kvm olan 2 otaqlı mənzili İddiaçı 11000 (on bir min) manata satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestr nömrəsi **********37-05101- 093002 olan, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında mənzil 1 №li reyestr kitabının 108 №li vərəqində xx.xx.2020-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş texniki pasportdan görünür ki, ünvan 1 ünvanında mənzil İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Balakən Mənzil İstismar Müəssisəsinin xx.xx.2022-ci il tarixli, 176 №li arayışından görünür ki, Xəlilov X1 şəhəri, M.Əsədov küçəsi, ev 2, mənzil 8 mənzili 2017-ci il tarixdən satıb ailəsi ilə birlikdə orada yaşamırlar. Aşağıda qeyd edilən ailəsi vardır: yoldaşı-Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 100 manat dövlət rüsumu ödəmişdir. Hazırki mülki mübahisənin həlli ilə bağlı məhkəmə qeyd edir ki, beynəlxalq normativhüquqi aktların tələbinə görə əslində istifadə hüququ mülkiyyət hüququnu məhdudlaşdıran bir hüquqdur və bunun üçün qanunda nəzərdə tutulmuş xüsusi şərtlər olmalıdır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyasının) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya başqa rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa Məhkəməsi bir sıra presedentlərində (Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, X5 zavodları Yunanıstana qarşı, X3rşı, Slivçenko Litvaya qarşı və s.) mülkiyyət hüququna müdaxiləni aşağıdakı şərtlərlə bağlayır:1) müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) qanuni məqsəd daşımalıdır; təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməlidir; 3) müddətli olmalıdır; 4) bu zaman fərdin hüquqları ilə təxirəsalınmaz ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalıdır; 5) mülkiyyətçiyə kompensasiya ödənilməlidir; 6) bu kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının qanunvericiliyində isə istifadə hüququ ilə mülkiyyət hüququnun statusunda, habelə istifadə hüququnun əmələ gəlməsi əsaslarında müəyyən ziddiyətlər vardır. Belə ki, qanunvercilikdə istifadə hüququ bir tərəfdən mülkiyyət hüququnu məhdulaşdıran hüquq (məsələn Mülki Məcəllənin 255-262-ci maddələrində nəzərdə tutulmuş servitut, Mülki Məcəllənin 263-268-ci maddələrində nəzərdə tutulmuş uzufrukt institutları və s.) kimi müəyyən olunsa da, bir sıra qanun normalarında istifadə hüququ, o cümlədən mənzildən (evdən) istifadə hüququna mülkiyyət hüququndan ayrıca müstəqil hüquq statusu verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci imaddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsində göstərilir ki, əmlak hüquqları (o cümlədən əmlakdan istifadə hüququ) həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsinə) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ),digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Göründüyü kimi, qanunvericilik həm də evdən və ya mənzildən istifadə hüququna təkcə mülkiyyət hüququnu məhdudlaşdıran hüquq kimi deyil, həmçinin müstəqil hüquq kimi baxır və onu mülkiyyət hüququ ilə barəbar sayır. Eynilə mənzildən (evdən) istifadə hüququnun yaranması əsasları və halları da müxtəlifdir. Belə ki, əvvəl qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53cü maddəsinə əsasən evin icarədarı öz ailə üzvlərini və onlara bərabər şəxsləri öz yaşayış sahəsinə köçürdüyü andan həmin şəxslərin həmin evdən və ya mənzildən istifadə hüququ yaranırdı. Bunun üçün digər hər hansı sənəd və ya məhkəmə qətnaməsinə lüzum görülmürdü. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2 maddələri istənilən şəxsin yaşayış sahəsinə olan istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş müqavilənin bağlanması və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrinldə qeydə alınması ilə şərtləndirirdisə, sonradan Mülki Məcəlləyə əlavə olunmuş 228.5-ci maddədə mülkiyyətçinin onunla birlikdə yaşayan ailə üzvlərinin-ərin, arvadın, valideynlərin və uşaqların yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə hüququ, həmçinin mülkiyyətçinin ailə üzvlərinin öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarı tanınmış, digər ailə üzvlərinin (ərin, arvadın) isə köçürülməsi mülkiyyətçinin buna razılığı ilə şərtləndirilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsində evdən istifadə hüququnun əmələ gəlməsi mülkiyyətçinin razılığı ilə şərtləndirilsə də, mülkiyyətçinini razılığının olmadığı bəzi hallarda bu hüququn reallaşdırılması təsbit olunmuşdur (Mənzil Məcəlləsinin 30.4-cü maddəsi). «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində isə şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi göstərilmişdir. Göründüyü kimi, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununda şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması imperativ qaydada təsbit edilmişdir ki, bu da qeydiyyat yerinin şəxsin yaşayış yeri olmasını təsbit edir və bu hal da həmin yaşayış yerindən istifadəni nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Məhkəmə onu da qeyd edir ki, əslində göstərilən şəxslərin-cavabdehlərin sözügedən evdə qeydyyatda olmaları evdən istifadənin həyata keçirilməsi üçün faktoloji əsas kimi çıxış etdiyi üçün, bu halın iddiaçıya ev üzərində öz mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsi; evə sahiblik, evdən istifadə və ona dair sərəncam verməsi üçün maneə yaratması şübhəsizdir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında yaşayış sahəsindən istfiadə hüququna mülkiyyətçinin təklif etdiyi kompensasiya əsasında xitam verilməsi institutu yaradılmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilk hal, iddiaçının həmin tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmamasının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyündən bəhs edir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Sonradan Konstitusiya Məhkəməsinin Plenumu kompensasiya institutu barədə öz hüquqi mövqeyini daha da təkmilləşdirərək, bununla bağlı müəyyən şərt və hallar müəyyənləşdirmiş, bir sıra hallarda kompensasiya ödənilmədən də mənzildən (evdən) istifadə hüququna xitam verilməsinin mümkünlüyünü təsbit etmişdir. Belə ki, Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» 29 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsirdən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu gəldiyi nəticəni həm də onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin (servituta xitam verilməsi) müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasının qarşısını alır. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olur. Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verəkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh4,Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 özlərinə məxsus başqa evdə yaşayırlar, onlar formal olaraq iddiaçıya məxsus mənzildə qeydiyyatdadırlar və ev satıldıqdan sonra faktiki iddiaçıya məxsus bu evdə yaşamamış və həmin evdən istifadə hüququ əldə etməmişlər. Cavabdehlər uzun müddətdir ki, başqa yaşayış evində yaşamalarına baxmayaraq, onların iddiaçıya məxsus evdə qeydiyyatda olmaları iddiaçının həmin evə mülkiyyət hüquqlarını; sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Ona görə də yuxarıda göstərilən qanun normalarına istina edən məhkəmə hesab edir ki, cavabdehlərin həmin evdən istifadə hüquqları itirilmiş hesab edilməklə iddiaçının həmin evə mülkiyyət hüquqlarının məhdudlaşdırılması halı aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normaları əsasında hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin; cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumu alınaraq, İddiaçı ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar