Məhkəmə qərarları › İş №e-2(019)-186/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-186/2023

17.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-186/2023 17.03.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh və X9 qarşı hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının, mirasın qəbulu faktının müəyyən edilməsi və mirasın bölünməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh və X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 2020-ci il tarixdə vəfat etmiş Qarakişiyeva Bikə Təmiraz qızından miras qalmış əmlaklara- Balakən rayonu Qazma kəndində yerləşən 0.25 ha həyətyanı və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin 1/2 hissəsinə iddiaçı tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, mərhum X3 miras qalmış miras əmlakları onu qəbul etmiş vərəsələri arasında bərabər paylarla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə X5 məxsus olması faktının müəyyən edilməsi, 16 may 2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaklara-Balakən rayonu Qazma kəndində yerləşən 0.25 ha həyətyanı və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin 1/2 hissəsinə iddiaçı tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, mərhum X3 miras qalmış miras əmlakların onu qəbul etmiş vərəsələr arasında bərabər paylarda bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, hazırki mübahisəyə dair məhkəmədən kənar qaydaya riayət olunmadığı üçün hazırki iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, göstərmişdir ki, hazırki iddia üzrə mübahisənin həlli üçün məhkəmədən kənar (pretenziya) qaydaya riayət olunmadığı üçün iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənədəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisişəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırda İddiaçı mübahisə predmeti olan hüquq müəyyənedici sənədlərdəki iddia olunan səhvlərin aradan qaldırılması üçün qeydiyyat orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, hazırda tərəflər arasında hər hansı mübahisə mövcud deyildir və mübahisənin məhkəmədən kənar həlli qaydası mümkündür. Ona görə də hazırki iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh X10 məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdeh X6 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 85.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh və onun nümayəndəsi-vəkili Nümayəndə2 izahatlarını dinləyib iş materiallarını arşdıraraq hesab edir ki, hazırki iş üzrə məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydaya əməl etməməsi və bu qaydanı tətbiq etmək imkanının itirilməməsi əsasına görə hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X1 aid hissədə X5 məxsus olması faktının müəyyən edilməsi, 16 may 2020-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaklara-Balakən rayonu Qazma kəndində yerləşən 0.25 ha həyətyanı və 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin hər birinin 1/2 hissəsinə iddiaçı tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, mərhum X3 miras qalmış miras əmlakların onu qəbul etmiş vərəsələr arasında bərabər paylarda bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında miras qoyanın adı X2 qeyd edilmişdir. Halbuki onun şəxsiyyətini təsdiq edən sənəddəki adı (soyadı, adı və atasının adı) X8r. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 6-cı bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənədəki adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Göründüyü kimi, qanunda və hüquqtətbiq etmə praktikasında şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə gösərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olmas faktının müəyyən olunması üçün işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi qaydası nəzərdə tutulmuşdur ki, şəxs bu faktın müəyyən olunması üçün məhkəməyə müractiət etməmişdən həmin məhkəmədən kənar qaydaya riayət etməlidir. Lakin iş materiallarından görünür ki, İddiaçı mübahisə predmeti olan JN 1337A KOD 40103018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə və JN 1337 KOD 40103018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında (hüquq müəyyənedici sənədlərdə) iddia olunan səhvlərin aradan qaldırılması üçün qeydiyyat orqanına müraciət etmədən və bu qaydanı tətbiq etmək imkanı itirilmədən birbaşa məhkəməyə müractiət etmişdir. Halbuki qeydiyyat orqanına müraciət etməklə bu səhvləri aradan qaldırmaq imkanı itirilməmişdir. Mülki Prosessual qanunvericilik qanunda və yaxud müqavilədə nəzərdə tutulan hallarda bu kateqoriya işlər üçün məhkəməyə müraciət etməzdən əvvəl işin qabaqcadan məhkəmədən kənar (pretenziya) qaydasına riayət edilməsini imperativ tələb kimi vurğulayır və bu qaydaya riayət edilməməsini iddia ərizəsinin qaytarılması və ya baxılmamış saxlanması üçün əsas kimi müəyyənləşdirir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 259.0-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə… Azərbaycan Respublikası MPM-nin 260.1, 260.2 və 260.3-cü maddələrinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir; qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Repsublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:…114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Məhkəmə, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, məhkəməyə müraciət etmiş İddiaçı hazırki işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydaya əməl etməməsi və bu qaydanı tətbiq etmək imkanının itirilməməsi əsasına görə İddiaçı Cavabdeh və X9 qarşı hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının, mirasın qəbulu faktının müəyyən edilməsi və mirasın bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılmalı, həmçinin iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh və X9 qarşı hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması faktının, mirasın qəbulu faktının müəyyən edilməsi və mirasın bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın; İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra Balakən rayon Maliyyə İdarəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar