Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-225/2025 07.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” tələbi barədə işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh4 az yaşlı qızı X1 xüsusi mülkiyyətində olan Balakən şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 51 nömrəli evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən cavabdehlərlə 14 may 2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmışdır. Belə ki, 14 may 2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar, hazırkı işdə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyət hüququ ilə özlərinə məxsus olan ünvan 1 ünvanda yerləşən 0,0616 ha olan torpaq sahəsini və ümumi sahəsi 43,20 kv.m olan fərdi yaşayış evini alıcı, yəni onun mülkiyyətinə vermişlər. Alqı-satqı müqaviləsindən sonra torpaq sahəsi və fərdi yaşayış evi mülkiyyətinə keçmişdir. Bununla bağlı tərəfindən müvafiq çıxarış alınmışdır. Müqavilənin 13-cü bəndinə görə satıcılar xx.xx.2024-cü il tarixdən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər, lakin hazırkı vaxta qədər cavabdehlər mülkiyyətində olan mənzildə yaşamasa da qeydiyyatdan hələ çıxmamışdırlar. Bununla bağlı dəfələrlə etdiyi müraciətləri nəticəsiz qalmışdır. Cavabdehlərin mülkiyyətindəki evdə qeydiyyatda olmaları onun mülkiyyətçi hüquqlarını məhdudlaşdırır. Cavabdehlər başqa ünvanda yaşayırlar, onların qeydiyyatı formal xarakter daşıyır və ona əlavə kommunal xərclər yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 , Cavabdeh3 və Cavabdeh4 ilə 14 may 2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlayaraq, sonuncuların mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən 0,0616 ha torpaq sahəsini və həmin torpaq sahəsində inşa olunmuş, ümumi sahəsi 43,20 kv/m olan fərdi yaşayış evini 30000 manata almışlar. Cavabdehlər xx.xx.2024-cü qeydiyyatdan çıxmamışlar. Buna görə də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 9-cu maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür. Qeyd edilən normaların məzmunundan göründüyü kimi qanunverici, şəxsin yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən etmişdir. “ Evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi”nə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi şəxsin qeydiyyatdan çıxarılması üçün əsas kimi müəyyən edilməmişdir. Eyni zamanda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki: 1 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi şəxsin qeydiyyatdan çıxarılması üçün onun evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsinə mülki mühakimə icraatı qaydasında baxıla bilməz. Mülki Prossesual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsasları ilə iş üzrə icraata üç halda xitam verilə bilər: - 1. işə, məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda; - 2. işə məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda; - 3. iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin) və aktın mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda. İddiaçı tərəfindən irəli sürülmüş tələbin mülki mühakimə icraatı qaydasında baxılmalı olmamasını nəzərə alaraq və qeyd olunan prosessual hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Mülki Prossesual Məcəllənin: 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. İddiaçı izah olunmalıdır ki, yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatına xitam verilməsi üçün Balakən Rayon Polis Şöbəsinə müraciət etməli, həmin şəxslərin qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, həmin mübahisəyə baxılması üçün Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100(bir yüz) manat qərardad qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “evə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunur ki, yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatına xitam verilməsi üçün Balakən Rayon Polis Şöbəsinə müraciət etməli, həmin şəxslərin qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, həmin mübahisəyə baxılması üçün Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat qərardad qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər.
Sədrlik edən Hümbət Səlimov