Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-33/2025 22.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızına qarşı ümumi birgə mülkiyyətlərində olan 0.25 ha həyətyanı torpaq sahəsindən ona düşən hissəsinin naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızına qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək JN- 1168A KOD 40108018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətlərində olan 0.25 ha həyətyanı torpaq sahəsindən payına düşən hissənin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək cavabdehlərlə birgə mülkiyyətlərində olan 0.25 ha həyətyanı torpaq sahəsindən payına dəşün 1/5 hissənin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etdi.Həmin ərizə Azərbaycan Respublikası Mülki Porosessual məcəlləsininin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Balakən rayonunun Mahamalar kəndində yaşayır. Dövlət tərəfindən Aqrar İslahat aparılan zaman Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ona və ailə üzvlərinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-1168A KOD 40108018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. Təsərrüfat üzvü olan atası X4 xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Keçmiş arvadı Cavabdeh2 , qızları X3 və Paraşova ( Abdullayeva ) Esmira Rəfail qızı işləmək məqsədi ilə Bakı şəhərinə getmişdirlər. O, öz payına düşən həyətyanı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almaq istəyir. Lakin cavabdehlər sənədləşmə işlərinin aparılması, bölgü planı və digər sənədlərin imzalanması üçün Notariat Ofisinə gəlmirlər. Buna görə də qeyd etdiyi həyətyanı torpaq sahəsindən payına düşən hissənin naturada ayrılması tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-1168A Kod 40108018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə X1, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və X2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.25 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən 20 sentyabr 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 348512 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli 10/1654 nömrəli ekspert rəyində göstərilmişdir ki, Balakən rayonu Mahamalar kəndində yerləşən, X1, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və X2 ümumi birgə mülkiyyətində olan JN-1168A Kod 40108018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0.25 hektar həyətyanı torpaq sahəsindən İddiaçı 1/5 hissə payının naturada ayrılmasının mümkün olduğu müəyyən olunur. Bölgü sxemi mütəxəssis rəyinə əlavə edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır . Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə X1, İddiaçı,Cavabdeh2, Cavabdeh1 və X2 ümumi birgə mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrində iddiaçının payı müəyyən edilməmişdir. Buna baxmayaraq iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək torpaq sahəsindən payının naturada ayrılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-213.4-cü maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-220.6-cı maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi ümumi mülkiyyətin mülkiyyətçilərinin hər biri öz payının ayrılmasını tələb etmək hüququna malikdir. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Bununla yanaşı Mülki Məcəllənin 223.2-ci maddəsinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Göründüyü kimi qanunverici müəyyən etmişdir ki, birgə mülkiyyətin mülkiyyətçisi yalnız payı qabaqcadan müəyyən edildikdən sonra payının naturada ayrılmasını tələb edə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisə predmeti olan torpaq sahəsinin X1, İddiaçı, Cavabdeh2, Cavabdeh1 və X2 ümumi birgə mülkiyyətində olmasını, həmin torpaq sahəsində iddiaçının payının müəyyən edilməməsini, bu səbəbdən iddiaçının payının naturada ayrılmasının mümkün olmamasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Paraşova (Abdullayeva) Esmira Rəfail qızına qarşı ümumi birgə mülkiyyətlərində olan 0.25 ha həyətyanı torpaq sahəsindən ona düşən hissəsinin naturada ayrılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-33/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-33/2025
22.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver