Məhkəmə qərarları › İş №e-2(019)-36/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-36/2025

07.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-36/2025 07.03.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçı Mamadova Khadijanın, onun nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Mamadova Khadijanın Cavabdeh qarşı torpağın naturada bölünməsi, payına verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Mamadova Khadija Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsindən reyestr nömrəsi **********43 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən Balakən şəhəri Çingiz Mustafayev küçəsində yerləşən 0.055 ha torpaq sahəsinin 1/2 hissədə paynın naturada ayrılması Cavabdeh iddiaçı Mamadova Khadijaya məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsindən verilmiş reyestr nömrəsi **********43 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından Çıxarışa əsasən Balakən şəhəri Çingiz Mustafayev küçəsində yerləşən 0.055 ha həyətyanı torpaq sahəsinin 1/2 hissədə payının naturada bölünməsi, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 24 dekabr 2014-cü ildə rəsmi nikahla X2 ərə getmişdir. Nikahlarını Balakən rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri dekabr ayının 24 günündə 306 nömrə ilə qeydə alınmışdır. X4 25 iyul 2020-ci ildə vəfat etdi. Bununla bağlı, o, Balakən Rayon Notariat Ofisində vərəsəlik işi açdırdı və vərəsəlik hüququ haqqında şəhadətnamə aldı. Bundan sonra isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsindən reyestr nömrəsi **********43 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır. Həmin çıxarışa əsasən ünvan 1 ünvan-Qafqaz küçəsində) 0.055 ha hissəsindən A hissəsində onun payı ayrılmışdır. Lakin Cavabdeh ona məxus torpaq sahəsindən istifadə etməyə qoymur. Onun həmin torpaq sahəsinə heç bir subyektiv hüququ olmadığı halda həmin torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə onunla məhkəmədən kənar pretenziya qaydasında aparılan danışıqlar müsbət nəticə verməmişdir. Odur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsindən reyestr nömrəsi **********43 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarışa əsasən Balakən şəhəri Çingiz Mustafayev küçəsində yerləşən 0.055 ha həyətyanı torpaq sahəsinin 1/2 hissədə payının naturada ayrılması, cavabdeh X3 ona məxsus torpaq sahəsindən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, 1996-cı ildə Azərbaycana gəlmişdir, qızıllarını satıb ev tikmək üçün torpaq almışdır. Həmin torpağı subay vaxtı almışdı. Həmin torpağın pulunu o vermişdir. Sonradan evlənmişdir. Evi öz əziyyəti ilə tikmişdir. Ev tikilən vaxt Elşad anası ilə Türkmənistanda yaşayırdı. Elşad 4 yaşında Türkmənistana gedib 17 il sonra Azərbaycana qayıtmışdır. Həmişə həmin evdə yaşamışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, torpağı atası almışdır. İddiaçı Gürcüstan vətəndaşıdır, bu səbəbdən onun torpağı ola bilməz. Evi atası tikmişdir, o isə evi təmir etmişdir. Həmin evdən əsgər getmişdir. Evə çıxarış alacaq. Məhkəmədən ədalətli bölgü aparılmasını xahiş etmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 990696 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə Mamadova Xədicə arasında nikah 24 dekabr 2014-cü ildə 306 nömrə ilə qeyd edilmişdir. Balakən rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, X4 25 iyul 2020-ci ildə ölmüşdür və bu barədə 04 avqust 2020-ci il tarixli 211 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş - X1 vərəsəsi Balakən rayonunda qeydiyyatda olan X5 və o, miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin Zaqatala ərazi idarəsi tərəfindən xx.xx.2022 tarixdə X2 verilmiş **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.0550 ha olan torpaq sahəsindən ibarətdir. Şəhadətnamə verilən miras əmlakın 1/2 hissəsinə Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədən açıq saxlanılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********43 olan, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.055 ha torpaq sahəsinin 1/2 hissəsi Mamadova Khadijanın adına, 1/2 hissəsi isə X1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 30 iyul 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-3087/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən reyestr nömrəsi **********43 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən X1 və Mamadova Khadijanın ümumi paylı mülkiyyətində olan 0.055 ha yaşayış məntəqələrinin torpaq sahəsindən Mamadova Khadijanın ½ hissə payının naturada ayrılmasının mümkündür. Həmin torpaq sahəsinin naturada mümkün olan bölgüsü tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli 10/2626 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2024-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən reyestr nömrəsi **********43 olan, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən X1 və Mamadova Khadijanın ümumi paylı mülkiyyətində olan 0.055 ha yaşayış məntəqələrinin torpaq sahəsindən Mamadova Khadijanın ½ hissə payının naturada ayrılmasının mümkün olduğu müəyyən olunur. Bölgü variantları mütəxəssis rəyinə əlavə edilmiş sxemlərdə qeyd olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Balakən şəhər İƏD üzrə nümayəndəliyinin 35 saylı ev təsərrüfatlarının uçotu kitabının 150 saylı səhifəsində Ç.Mustafayev küçəsi 6 saylı ünvanda Mamadova Khadijanın adına 3627 saylı təsərrüfat qeyd edilmişdir. Həmin təsərrüfatda 1997-ci ildə tikilmiş 1 mərtəbəli fərdi yaşayış evi vardır. Məhkəmə iddiaçının, onun nümayəndəsi, cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” 6 dekabr 2024-cü il tarixli Qərardadına əsasən ümumi paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3 - 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi məsələsi isə həmin Məcəllənin 221-ci maddəsi tətbiq edilməklə, bu qərardadın əsaslandırıcı hissəsində qeyd olunan hüquqi mövqelərə uyğun həll olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları əsasında müəyyən edilmişdir ki, qanun üzrə vərəsəlik əsasında xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi arvadı Mamadova Khadija miras əmlakdan 1/2 hissədə irs almış, ********** qeydiyyat nömrəli xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.055 ha torpaq sahəsinin 1/2 hissəsi Mamadova Khadijanın adına qeydiyyata alınmışdır. Digər 1/2 hissəsi isə X1 adına dövlət qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi isə faktiki olaraq iddiaçının istifadəsindədir. Cavabdeh ilə aralarında mübahisə olduğuna görə iddiaçı paylı mülkiyyətdə olan daşınmaz əmlakdan özünə məxsus olan payın naturada bölünməsi üçün məhkəməyə müraciət etmişdir. Ekspert rəyi əsasında həmin torpaq sahəsində iddiaçının öz payının naturada ayrılması mümkün hesab edilmişdir. Odur ki, paylı mülkiyyətin mülkiyyətçisi olan iddiaçı torpaq sahəsinin bölünməsi və payına verilmiş torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********43 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0.0550 ha torpaq sahəsinin Mamadova Khadijaya məxsus 1/2 hissə payı 30 iyul 2024-cü il tarixli, 3-21-3-47/2-3087/2024 saylı mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən bölgü variantı üzrə naturada bölünməli, həmin torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Həmçinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********43 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Mamadova Khadija və X1 ümumi paylı mülkiyyətində olan Balakən şəhəri Ç.Mustafayev küçəsində (əvvəlki ünvanı: Qafqaz küçəsi) yerləşən 0.055 ha torpaq sahəsinin Mamadova Khadijaya məxsus 1/2 hissədə payı 30 iyul 2024-cü il tarixli, 3-21-3-47/2-3087/2024 saylı mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən bölgü variantı üzrə naturada bölünsün, torpaq sahəsinin Mamadova Khadijaya bölünmüş hissəsindən Cavabdeh çıxarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar