Məhkəmə qərarları › İş №e-2(019)-41/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-41/2023

13.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-41/2023 13.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən verilmiş RX seriyalı ******* nömrəli reyestr nömrəsi **********81 olan qeydiyyat nömrəsi ********** olan Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Balakən rayonu Qazma kəndində yerləşən 1,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 10 avqust 2016-cı ildə kənd təsərrüfatı ilə məşğul olmaq məqsədi ilə Balakən rayonu Qazma kənd sakinləri X4, X5 və X1 onlara məxsus 1,52 ha torpaq sahəsi almışdır.Həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən RX seriyalı N ******* nömrəli Hüquqların Dövlət Qeydiyatından reyestr nömrəsi **********81, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 02 fevral 2018-ci il olan çıxarış və AN 246037 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədini almışdır. Həmin sənədlərdən də göründüyü kimi Balakən rayonu Qazma kəndində yerləşən 1,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə ona məxsusdur.Lakin Cavabdeh ona məxsus torpaq sahəsini boşaltmaq istəmir. Ona məxsus torpaq sahəsindən istifadə edir. Cavabdeh hal-hazırda da, ona məxsus həmin 1,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməkdə davam edir. Hətta Cavabdeh ondan və qeyrilərindən 15000 (on beş min) manat ziyan tələbi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Odur ki, Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması,Cavabdeh ona məxsus torpaq sahəsindən çıxarılması,torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxıb iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Qazma kənd ərazisində yerləşən 1.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş A seriyalı 246037 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Qazma kəndi ərazisində yerləşən 1.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli 10/3823 nömrəli rəyində göstərilmişdir ki: 1-ci sual üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli müvafiq mütəxəssis rəyinə əsasən RX seriyalı ******* nömrəli, 02 fevral 2018-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışda və A№246037 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar üzrə İddiaçı mülkiyyətinə Balakən rayonu Qazma kəndi ərazisindən verilmiş 1.52 hektar torpaq sahəsinin naturada yeri müəyyən edilmiş və məlum olmuşdur ki, həmin ərazidə vətəndaşların ümumilikdə istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə uyğun olmayan ölçülərlə istifadə olunur. Həmin ərazidə vətəndaşların naturada istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlər arasında olan kəskin konfiqurasiya fərqləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.(yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir) 2-ci sual üzrə: Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli müvafiq mütəxəssis rəyinə əsasən hüquqmüəyyənedici sənədlərə əsasən müəyyən edilmiş koordinatlar üzrə İddiaçı mülkiyyətində olan 1.52 hektar torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunması ilə bağlı bildiririk ki, həmin ərazidə vətəndaşların ümumilikdə naturada istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə uyğun olmayan ölçülərlə istifadə olunduğuna görə İddiaçı mülkiyyətində olan 1.52 hektar torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunduğunu müəyyən etmək mümkün olmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli 10/7864 nömrəli ekspert rəyindən görünür ki: Qərardadın 1-ci və 2-ci sualları üzrə: AN2246037 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar üzrə mübahisə predmeti olan torpaq sahəsinin yeri müəyyən edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin iş üzrə iddiaçı tərəfin istifadəsində olan hissəsinin faktiki ümumi sahəsinin 0.55 ha olduğunu nəzərə alaraq həmin torpaq sahəsinin qalan 0.97 ha hissəsinin başqa şəxslər tərəfindən istifadə edildiyi müəyyən edilir.Lakin,torpaq sahəsinin konkret olaraq kimlər tərəfindən istifadə edilməsinin müəyyən edilməsi ekspertin həll etdiyi məsələlər dairəsinə aid deyildir. Qərardadın 3-cü sualı üzrə: Qərardadın 3-cü sualının cavablandırılması ekspert rəyinə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Zaqatala rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Qazma kənd ərazisində yerləşən 0.973 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş A seriyalı 892270 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Qazma kənd ərazisində yerləşən 0.973 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 okyabr 2023-cü il tarixli 3-16-16/2-10/3975 nömrəli rəyində göstərilmişdir ki: Qərardadın 1-ci və 2-ci sualları üzrə: Mülki iş materiallarında olan (səh.10 və səh.178) ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən iddiaçının və cavabdehin mülkiyyətində olan torpaq sahələrinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar üzrə iddiaçının və cavabdehin mülkiyyətində olan 1.52 ha və 0.973 ha torpaq sahələrinin yerləri müəyyən olunmuşdur. Qərardadın 2-ci və 3-cü sualları üzrə: Mülki iş materiallarında olan (səh.10 və səh.178) ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən iddiaçının və cavabdehin mülkiyyətində olan torpaq sahələrinə dair tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan koordinatlar kameral şəraitdə müqayisələndirilən zaman iddiaçının mülkiyyətində olan 1.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan 0.973 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.51 ha hissəsinin üst-üstə düşdüyü müəyyən olunmuşdur. Tədqiq olunan torpaq sahələrinə dair plan-sxem rəyə əlavə edilmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, iddiaçı Nəcəfov X6 rayonu Qazma kəndində yaşayır. O, Qazma kəndi ərazisindən 1.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsindən RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********81 Qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır.O, torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edildiyini iddia edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ekspert rəyləri ilə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan 1.52 hektar torpaq sahəsinin 0.97 ha hissəsi başqa şəxslər tərəfindən istifadə edilir. Cavabdeh istifadə etdiyi 0.973 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun özünün mülkiyyətində olan torpaq sahəsidir. Ekspert rəyi ilə həmçinin müəyyən edilir ki,iddiaçının mülkiyyətində olan 1.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan 0.973 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.51 ha hissəsi üst-üstə düşür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, İddiaçı mülkiyyətində olan 1.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0.973 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.51 ha hissəsinin üst-üstə düşməsini,Cavabdeh istifadə etdiyi 0.973 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun özünün mülkiyyətində olan torpaq sahəsi olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci və mütəxəssisə aid xərclər onun özünə aid edilməli,150 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X3 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci və mütəxəssisə aid xərclər onun özünə aid edilsin. 150 manat ekspertiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595,X3 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar