Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-466/2024 20.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: Hüseynova X1 Aynur Zahid qızı, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ona məxsus Balakən şəhəri R.Səmədov küçəsi ev 16, mənzil 31-dən istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı Balakən şəhəri R.Səmədov küçəsi ev-16, mənzil 31-də qeydiyyatdadır və orada yaşayır. Həmin mənzil tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsindən reyestr nömrəsi **********9- 05101-093006 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır. Bundan əlavə, həmin mənzilin texniki pasportunu da almışdır. Lakin elektron sistemə daxil olduqda onun mənzilində tanımadığı şəxslər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 adında şəxslərin qeydiyyatda olduğu görünür. Halbuki həmin şəxslərin onun mənzilinə heç bir aidiyyatı yoxdur. Onların onun mənzilinə necə qeydiyyata düşməsi ilə bağlı heç bir məlumat əldə edə bilmir. Onlar mənzili aldığı şəxsin qohumları ola bilərlər. O, məhkəməyə müraciət etməzdən əvvəl Balakən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, onun evində qeyri-qanuni qeydiyyatda olan şəxslər- Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Polis Şöbəsinin 09 mart 2024-cü il tarixli məktubu ilə yaranmış məsələ ilə əlaqədar olaraq, məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunmuşdur. Odur ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ona məxsus Balakən şəhəri R.Səmədov küçəsi ev-16, mənzil 31-də istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıya məxsus Balakən şəhəri R.Səmədov küçəsi ev 16, mənzil 31-də yaşamadıqlarını, həmin mənzilə istifadə hüquqlarının olmadığını, cavabdehlərin Bakı şəhərində mənzilə malik olmaqla Bakı şəhərində yaşadıqlarını, cavabdehlərin sözügedən mənzildə qeydiyyatda olmasınıın mülkiyyətçi olan İddiaçı həmin mənzilə mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olduğunu bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə İddiaçı nümayəndəsi-vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan reyestr nömrəsi **********39-05101-093006, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2022-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 62.10 kv.metrdən ibarət mənzilə İddiaçı tam mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyətinin Balakən şəhər İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin 18 mart 2024-cü il tarixli 460 №-li arayışından görünür ki, xx.xx.1979-cu il tarixdə doğulmuş Cavabdeh1, xx.xx.1996-cı il tarixdə doğulmuş Cavabdeh3 və xx.xx.1997-ci il tarixdə doğulmuş Cavabdeh2 ünvan 2 ünvanda şəxsiyyət vəsiqələrinə əsasən qeydiyyatdadırlar və göstərilən ünvanda yaşamırlar. İş materiallarında olan Balakən Rayon Mənzil İstismar Müəssisəsinin xx.xx.2024-cü il tarixli 34 №-li arayışından görünür ki, Balakən şəhəri R.Səmədov küçəsi 16 saylı binanın 31-ci mənzilində yaşayan İddiaçı aşağıda qeyd edilən ailəsi vardır: yoldaşı 1982-ci il təvəllüdlü X5, oğlu 2009-cu il təvəllüdlü X10 və oğlu X11. İş materiallarında olan Balakən Rayon Polis Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2024cü il tarixli 313-66/2-H-5G02/11 nömrəli məktubdan görünür ki, Balakən RPŞ-yə xx.xx.2023-cü il tarixdə yazmış olduğu ərizə tərəflərindən araşdırılmışdır. Bildirilir ki, şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:1) Yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən;2) Başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq dövlət orqanının məlumatına əsasən;3) Yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Ərizədə qeyd etdiyi Cavabdeh1, Cavabdeh3 və X6 yaşadığı evdən daimi pasport qeydiyyatından çıxarılması tərəflərindən müvafiq qanunvericiliyə görə mümkün deyil. Yaranmış məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Hazırki mülki mübahisənin həlli ilə bağlı məhkəmə qeyd edir ki, beynəlxalq normativhüquqi aktların tələbinə görə əslində istifadə hüququ mülkiyyət hüququnu məhdudlaşdıran bir hüquqdur və bunun üçün qanunda nəzərdə tutulmuş xüsusi şərtlər olmalıdır. İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyasının) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya başqa rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa Məhkəməsi bir sıra presedentlərində (Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, X8 zavodları Yunanıstana qarşı, X3rşı, Slivçenko Litvaya qarşı və s.) mülkiyyət hüququna müdaxiləni aşağıdakı şərtlərlə bağlayır:1) müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) qanuni məqsəd daşımalıdır; təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməlidir; 3) müddətli olmalıdır; 4) bu zaman fərdin hüquqları ilə təxirəsalınmaz ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalıdır; 5) mülkiyyətçiyə kompensasiya ödənilməlidir; 6) bu kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının qanunvericiliyində isə istifadə hüququ ilə mülkiyyət hüququnun statusunda,habelə istifadə hüququnun əmələ gəlməsi əsaslarında müəyyən ziddiyətlər vardır. Belə ki, qanunvercilikdə istifadə hüququ bir tərəfdən mülkiyyət hüququnu məhdulaşdıran hüquq (məsələn Mülki Məcəllənin 255-262-ci maddələrində nəzərdə tutulmuş servitut, Mülki Məcəllənin 263-268-ci maddələrində nəzərdə tutulmuş uzufrukt institutları və s.) kimi müəyyən olunsa da, bir sıra qanun normalarında istifadə hüququ, o cümlədən mənzildən (evdən) istifadə hüququna mülkiyyət hüququndan ayrıca müstəqil hüquq statusu verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci imaddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsində göstərilir ki, əmlak hüquqları (o cümlədən əmlakdan istifadə hüququ) həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsinə) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ),digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Göründüyü kimi, qanunvericilik evdən və ya mənzildən istifadə hüququna mülkiyyət hüququnu məhdudlaşdıran hüquq kimi deyil, müstəqil hüquq kimi baxır və onu mülkiyyət hüququ ilə barəbar sayır. Eynilə mənzildən (evdən) istifadə hüququnun yaranması əsasları və halları da müxtəlifdir. Belə ki, əvvəl qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən evin icarədarı öz ailə üzvlərini və onlara bərabər şəxsləri öz yaşayış sahəsinə köçürdüyü andan həmin şəxslərin həmin evdən və ya mənzildən istifadə hüququ yaranırdı. Bunun üçün digər hər hansı sənəd və ya məhkəmə qətnaməsinə lüzum görülmürdü. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2 maddələri istənilən şəxsin yaşayış sahəsinə olan istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş müqavilənin bağlanması və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrinldə qeydə alınması ilə şərtləndirirdisə, sonradan Mülki Məcəlləyə əlavə olunmuş 228.5-ci maddədə mülkiyyətçinin onunla birlikdə yaşayan ailə üzvlərinin-ərin, arvadın, valideynlərin və uşaqların yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə hüququ, həmçinin mülkiyyətçinin ailə üzvlərinin öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarı tanınmış, digər ailə üzvlərinin (ərin, arvadın) isə köçürülməsi mülkiyyətçinin buna razılığı ilə şərtləndirilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsində evdən istifadə hüququnun əmələ gəlməsi mülkiyyətçinin razılığı ilə şərtləndirilsə də, mülkiyyətçinini razılığının olmadığı bəzi hallarda bu hüququn reallaşdırılması təsbit olunmuşdur (Mənzil Məcəlləsinin 30.4-cü maddəsi). «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində isə şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qeyd olunanlara əsasən məhkəmə, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri R.Səmədov küçəsi ev 16, mənzil 31-də yerləşən mənzildə qeydiyyatda olmalarını onların həmin mənzildən istifadə hüququnun əmələ gəlməsi faktı kimi qəbul etmir. Məhkəmə onu da qeyd edir ki, əslində cavabdehlərin sözügedən mənzildə qeydiyyatda olması iddiaçıya həmin mənzil üzərində öz mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsi; mənzilə sahiblik, mənzildən istifadə və ona dair sərəncam verməsi üçün maneə yaratması şübhəsizdir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında yaşayış sahəsindən istfiadə hüququna mülkiyyətçinin təklif etdiyi kompensasiya əsasında xitam verilməsi institutu yaradılmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilk hal, iddiaçının həmin tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmamasının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyündən bəhs edir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Sonradan Konstitusiya Məhkəməsinin Plenumu kompensasiya institutu barədə öz hüquqi mövqeyini daha da təkmilləşdirərək, bununla bağlı əsaslı şərt və hallar müəyyənləşdirmiş, müəyyən hallarda kompensasiya ödənilmədən də mənzildən (evdən) istifadə hüququna xitam verilməsinin mümkünlüyünü təsbit etmişdir. Belə ki, Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» 29 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsirdən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu gəldiyi nəticəni həm də onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin (servituta xitam verilməsi) müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasının qarşısını alır. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxmasına baxmayaraq, məhdudiyyətin həyata keçirilməməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olur. Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verəkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçının xüsusi mülkiyyətində olan Balakən şəhəri R.Səmədov küçəsi ev 16, mənzil 31də yaşamamışlar. Cavabdehlər uzun müddətdir ki, Bakı şəhərində yaşayırlar və onların sözügedən mənzilə ehtiyacları aradan qalxmışdır. Cavabdehlərin iddia predmetini təşkil edən mənzilə istifadə hüquqları mövcud deyildir. Cavabdehlərin sözügedən mənzildə qeydiyyatda olmalarının heç bir hüquqi əsası yoxdur və onların bu mənzildə qeydiyyatı formal olaraq qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 iddiaçıya məxsus Balakən şəhəri R.Səmədov küçəsi ev 16, mənzil 31 saylı mənzilə istifadə hüquqları yaranmamışdır. Əks hal iddiaçının mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olardı. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normaları əsasında hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri R.Səmədov küçəsi ev 16, mənzil 31-dən istifadə hüquqlarının olmaması müəyyən edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Balakən şəhəri R.Səmədov küçəsi ev 16, mənzil 31-dən istifadə hüquqlarının olmaması müəyyən edilsin; cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-466/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-466/2024
20.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver