Məhkəmə qərarları › İş №e-2(019)-467/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-467/2024

20.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-467/2024 20.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən paylarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ümumi birgə mülkiyyətdə olan ünvan 1i ünvanında yerləşən JN- 1879 Kod 40108018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.81 ha torpaq sahəsinin və JN- 494A Kod 40108038 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.08 ha həyətyanı torpaq sahəsinin 2/4 hissəsinə iddiaçıların paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı2, İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X3, X9, İddiaçı2 və X6 0.81 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 1879 Kod 40108018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. JN 1879 Kod 40108018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.81 ha torpaq sahəsi kənddaxili ərazidən verilmişdir. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə onlara həmçinin Balakən rayonu Qazbinə kəndi ərazisindən 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir.Onlar öz paylarının ayrılmasını istəyirlər, cavabdeh isə torpaq sahəsinin onlara aid hissəsinin ayrılmasına etiraz edir.Cavabdehlə aralarında mübahisə olduğuna görə daşınmaz əmlakdan paylarının müəyyən edilməsini istəyirlər. Buna görə də mübahisənin qanuni yolla həll edilməsi üçün Balakən Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçılar İddiaçı2,İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-494A KOD 40108038 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixlli 08 saylı qərarı ilə X3, X9, X10 və X6 Balakən rayon Qazbinə kəndi ərazisindən 0.08 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1879 KOD 40108018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X3, X9,X10 və X6 Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.81 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 04 fevral 2024-cü il tarixdə verilmiş 51 nömrəli nikah haqqında arayışdan görünür ki, X4 ilə X12 arasında 25 iyul 1995-ci il tarixdə 52 nömrəli akt qeydi tərtib edilmiş, nikah bağlanandan sonra arvada Abdullayeva soyadı verilmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə ünvan 1i ərazisindən X2,X7, X8 və X5 ümumi birgə mülkiyyətinə 0.81 ha kənd təsərrüfatı təyinatlı və 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçılar öz paylarının müəyyən edilməsini istəyir, cavabdeh isə torpaq sahəsindən iddiaçıların payının müəyyən edilməsinə etiraz edir. Ona görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirməklə hesab edir ki, iddia təmin edilməli, X2, X7, X8 və X5 ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.08 ha həyətyanı və 0.81 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahələrindən iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin 1/4 hissə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçılar ödədikləri 100 manat dövlət rüsumu xərcindən imtina etdiklərindən 100 manat dövlət rüsumu xərci iddiaçılar İddiaçı2 və İddiaçı1 özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. X2, X7, X8 və X5 ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.08 ha həyətyanı və 0.81 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahələrindən iddiaçılar İddiaçı2 və İddiaçı1 hər birinin 1/4 hissə payları müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu xərci iddiaçılar İddiaçı2 və İddiaçı1 özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar