Məhkəmə qərarları › İş №e-2(019)-493/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-493/2025

17.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-493/2025 17.12.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, iddiaçı Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi–Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Balakən rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan qanunsuz istifadəyə son qoyulması, aidiyyəti üzrə geri qaytarılması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Balakən rayon İcra Hakimiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (X:603955 Y4612198) torpaqdan qanunsuz istifadə edilməsinə son qoyulması, aidiyyəti üzrə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Balakən rayon İcra Hakimiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Balakən RİH başçısının xx.xx.2001-ci il tarixli 70 nömrəli sərəncamı ilə 9,5 ha dövlət mülkiyyətinə aid (3,9 ha ictimai tikinti altı və 5,6 ha örüş) torpaq sahəsi Nəsibov Əhmədilov İbrahimxəlil oğlunun icarəsinə verilmişdir. Həmin sərəncamda icarənin müddəti göstərilməmiş, məsələ ilə bağlı digər hüquqi sənədlər hazırlanmamışdır.Ə.Nəsibovla icarə müqaviləsi bağlanmadığından icarə hüququnun DƏDR-də dövlət qeydiyyatı aparılmamışdır.Sözügedən ərazinin icarəyə verilməsinin hüquqi əsası olmadığına görə Balakən Rayon İcra Hakimiyyəti başçısının 07 nömrəli, xx.xx.2015-ci il tarixli Sərəncamı ilə Balakən RİHB-nın xx.xx.2001-ci il tarixli 70 nömrəli sərəncamı ləğv edilmişdir. Qeyd edilən Sərəncamın 2015-ci ildə ləğv edilməsinə baxmayaraq Ə.Nəsibov sağlığında sərəncamın ləğvinə heç bir münasibət bildirməmişdir. xx.xx.2018-ci ildə mərhum Nəsibov Əhmədilov İbrahimxəlil oğlunun iştirakı ilə Balakən RİH tərəfindən əraziyə baxış keçirilmiş, dövlət mülkiyyətinə məxsus ərazidə hüquqmüəyyənedici sənədlər olmadan yeni ev tikildiyi, eyni zamanda Dövlət mülkiyyətində olan 9,5 ha torpaq sahəsindən qanunsuz istifadə edildiyi müəyyən olunmuşdur. Ə.Nəsibovun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün RİH tərəfindən 12 mart 2018-ci ildə 01-280 məktubla rəsmi olaraq rayon polis şöbəsinə müraciət edilmişdir. Əhmədilov Nəsibov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra övladları arasında dövlət mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsinin bir hissəsində yerləşən daşınmaz əmlakla əlaqədar mübahisə yaranmışdır. Həmin torpaq sahəsinin üzərində kolxoz dövründə, 0,06 ha ərazidə sahəsi 600 kv.m, 0,1518 ha ərazidə sahəsi 1518 kv.m olan qeyri-yaşayış binaları və 0,0114 ha ərazidə sahəsi 114.2 kv.m olan fərdi yaşayış evi inşa edilmişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra qeyd olunan tikililərin 14/18 hissəsinə X3, 4/18 hissəsinə isə Nəsibov Əhmədilov İbrahimxəlil oğlunun mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin ərazidən və əmlaklardan faktiki olaraq Cavabdeh istifadə edir və o, dövlət mülikiyyətində olan 9,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özünün icarəsinə verilməsi xahişi ilə bir neçə dəfə rayon icra hakimiyyətinə müraciət etmişdir. Eyni zamanda onun qardaşı X10 da sözügedən əmlakın icarəsinə verilməsi, qardaşının həmin əmlakdan istifadəsinə son qoyulması xahişi ilə dəfələrlə rayon icra hakimiyyətinə müraciət etmişdir. Qardaşlar arasında olan mübahisə və digər xüsusatlar nəzərə alınaraq RİH tərəfindən qeyd olunan ərazinin onların heç birinin icarəsinə verilməməsi məqsədəuyğun hesab edilmiş,ərazidən qanunsuz istifadənin dayandırılması üçün müvafiq orqanlara müraciət olunmuşdur. 01 avqust 2022-ci ildə Balakən Rayon İcra Hakmiyyətinin, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şəki Ərazi şöbəsinin, Mahamalar bələdiyyəsinin məsul vəzifəli şəxsləri tərəfindən aparılan monitorinq zamanı Cavabdeh 3,9 ha ictimai tikinti altı və 5,6 ha örüş torpaq sahəsindən istifadə etməsi faktı müvafiq qaydada aktlaşdırılmış, müvafiq sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilmişdir. Balakən RİH tərəfindən 7 may 2024-cü ildə 5-36/2-589/2024 saylı məktubla rayon polis şöbəsinə,23 noyabr 2024cü ildə 5-36/2- 1225/2024 saylı məktubla rayon prokurorluğuna rəsmi müraciət edilmiş,Cavabdeh barəsində qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.25 fevral 2025-ci ildə Balakən RİH tərəfindən Cavabdeh ünvanına məktub göndərilməklə ərazini boşaltması tələb olunmuşdur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə iclasında iddiaçı Balakən Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddiada qeyd olunan 3,9 ha torpaq sahəsinin üzərində ona və digər mülkiyyətçilərə məxsus tikililər mövcuddur. İddia ərizəsində qeyd olunan 3,9 ha torpaq sahəsi mərhum atası Nəsibov Əhmədilov İbrahimxəlil oğlundan miras qalmış və hazırda o, X10, X8, X9 və X2 məxsus, əvvəllər kolxoza məxsus olmuş 1 ədəd yem talvarı (altıaçıq), 1 ədəd mal damı, 2 ədəd fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsinin müəyyən hissəsindən həmin əmlaklara daxil olmaq, çıxmaq və onlardan istifadə etmək məqsədi ilə istifadə edirlər. Həmin tikililər üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi heç vaxt dövlət ehtiyyat fondu torpağı ola bilməz, çünki, qeyd olunan tikililərin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə aiddir. Hesab edir ki, Balakən Rayon Məhkəməsi qeyd olunan torpaq sahəsində yerləşən tikililərlə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 18 saylı Zaqatala. Ərazi İdarəsinə müraciət edərək, həm həmin tikililərin sənədlərini əldə edə bilər, həm də müvafiq mütəxəssis rəyi əldə edə bilər. O, iddiada qeyd olunan 5,6 ha torpaq sahəsindən isə ümumiyyətlə istifadə etmir və etməmişdir. Belə ki, qardaşı X10 bundan təqribən 1-2 il əvvəl də onun həmin torpaq sahəsini zəbt etməyi ilə bağlı şikayət etmişdi. Həmin şikayətə əsasən Balakən Rayon Polis Şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Çünki, həmin şikayət də hazırki iddia ərizəsi kimi əsassız və qanunsuz olmuşdur. O, heç bir torpaq sahəsini özbaşına tutmamışdır. İddiada qeyd olunan 3,9 ha torpaq sahəsinin üzərində ona, X6, X4, X5 və X2 məxsus tikililər mövcud olsa da iddiaçı Balakən Rayon İcra Hakimiyyəti yalnız onu cavabdeh qismində işə cəlb etmişdir. Hesab edir ki, Balakən Rayon İcra Hakimiyyətinin niyyəti onun mülkiyyətində olan tikintilərdən istifadə etməyinin qarşısını almaqla həmin əraziləri X6 icarəyə verməkdir. İcra Hakimiyyəti öz qərəzini hazırki iddia ərizəsi ilə bir daha sübut edir.Çünki, o, dəfələrlə qeyd olunan torpaq sahələrinin ona icarəyə verilməsi ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinə və digər dövlət qurumlarına müraciət etsə də, İcra Hakimiyyəti torpaq sahəsini icarəyə verməmişdir.Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin daşınmaz əmlakın kadastr,texniki inventarlaşdırma,qiymətləndirmə və ünvan reyestri şöbəsinin böyük yerquruluşu üzrə mühəndisi vəzifəsində işləyir. İddiaçı Balakən rayon İcra Hakimiyyətinin Cavabdeh qarşı dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan qanunsuz istifadəyə son qoyulması, aidiyyəti üzrə geri qaytarılması tələbinə dair e-2(019)-493/2025 nömrəli mülki iş üzrə mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyi onun tərəfindən hazırlanmışdır. Bildirir ki, mübahisəli 9,5 hektar torpaq sahəsinin naturada ölçüləri 9,13 hektardır. Həmin torpaq sahəsinin cəmi 1,1966 hektar hissəsi Dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsində heç bir tikili yoxdur və bu torpaq sahəsi Cavabdeh tərəfindən istifadə olunur. Qeyd etdiyi hallar mütəxəssis rəyinə əlavə edilmiş sxemdən aydın görünür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Balakən rayon prokuroru cənab Camal Bağırova ünvanlanmış 23 noyabr 2024-cü il tarixli 5-36/2-1225/2024 nömrəli məktubda göstərilmişdir: “Balakən rayonunun Şambul kənd sakini X10 rayon icra hakimiyyətinə müraciət edərək qardaşı Cavabdeh rayonun Mahamalar kəndinin “Təpəçöl” adlanan ərazisində dövlət mülkiyyətində olan 9.5 ha torpaq sahəsindən qanunsuz istifadə etdiyini bildirmiş, onun barəsində qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Məlumat üçün bildiririk ki, X10 və Cavabdeh ayrı-ayrılıqda həmin torpaq sahəsinin icarələrinə verilməsi xahişi ilə rayon icra hakimiyyətinə dəfələrlə müraciət etmiş, lakin həmin ərazidə yerləşən tikililərdən istifadə edilməsi ilə əlaqədar Cavabdeh, qardaşı X3 və digər qohumların aralarında mübahisə olduğundan qeyd edilən torpaq sahəsindən səmərəli istifadə olunacağına əsaslı şübhələr yarandığı üçün ərazinin X10 və Cavabdeh icarələrinə verilməsi RİH tərəfindən məqsədəuyğun hesab edilməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh heç bir hüquqi sənədi olmadan dövlət ehtiyat fondu torpağını zəbt edərək istifadə edir. Dövlət mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt etdiyi üçün Cavabdeh barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edirik”. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi şöbəsi tərəfindən 01 avqust 2022-ci il tarixdə tərtib edilmiş Aktın surətindən görünür ki, 01 avqust 2022-ci il tarixdə Talalar kəndininin Bayrambinə yaşayış məntəqəsinin sərhəddində yerləşən Mahamalar İƏD-nə aid olan Dövlət mülktiyyəti torpaq sahəsinə monitorinq aparılan zaman Mahamalar kənd sakini Cavabdeh tərəfindən torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən heç bir hüquqi sənəd olmadan Dövlət ehtiyat fondundan 3,9 ha ictimai tikinti altı ,5,6 ha isə örüş torpaq sahəsini qeyri-qanuni olaraq zəbt edərək istifadə etdiyi aşkar olundu.Bu da Cinayət Məcəlləsinin 188-ci maddəsinin yaratmasına səbəb olmuşdur.Ərazinin koordinatları X-603950, X-4612195. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısı tərəfindən Balakən rayon polis şöbəsinin rəisinə ünvanlanmış 07 may 2024-cü il tarixli 5-36/2-589/2024 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3. bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək RİH başçısının səlahiyyəti kimi müəyyən edilmişdir. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən keçirilən növbəti monitorinq zamanı Mahamalar kənd sakini Cavabdeh dövlət mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt etməklə ərazidə balıq yetişdirmək üçün göl yaratdığı, iribuynuzlu heyvanlar saxladığı və atası tərəfindən qanunsuz inşa etdirilmiş kürsülü evdə ailəsi ilə yaşadığı müəyyən olunmuşdur. Cavabdeh dəfələrlə tərəfimizdən sözügedən torpaq sahəsinin dövlət ehtiyat fondu torpağı olduğu,bu ərazidən qanunsuz istifadə etməyə cəhd etdiyi halda barəsində qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. Lakin o, buna məhəl qoymadan həmin ərazidən istifadə etməkdə davam edir. Dövlət mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt etdiyi üçün Cavabdeh barəsində qanuna müvafiq tədbir görülməsini xahiş edir . İşdə olan və məhkəmə iclasında tədqtiq edilmiş Balakən rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 24 fevral 2025-ci il tarixli 5-36/2-T-39-482/2025 nömrəli məktubda göstərilmişdir: “məlumdur ki, Balakən RİH başçısının xx.xx.2001-ci il tarixli 70 nömrəli sərəncamı ilə rayonun “Təpəçöl” adlanan ərazisində 9,5 ha dövlət mülkiyyətinə aid (3,9 ha ictimai tikinti altı və 5,6 ha örüş) torpaq sahəsi Nəsibov Əhmədilov İbrahimxəlil oğlunun icarəsinə verilmişdir. Həmin sərəncamda icarənin müddəti göstərilməmiş, icarə ilə bağlı digər hüquqi sənədlər hazırlanmamış,Ə.Nəsibovla icarə müqaviləsi bağlanmadığından DƏDR-də dövlət qeydiyyatı aparılmamışdır.Sözügedən ərazinin icarəyə verilməsinin hüquqi əsası olmadığına görə Balakən Rayon İcra Hakimiyyəti başçısının 07 nömrəli, xx.xx.2015-ci il tarixli Sərəncamı ilə Balakən RİHB-nın xx.xx.2001-ci il tarixli 70 nömrəli sərəncamı ləğv edilmişdir. Qeyd edilən Sərəncamın 2015-ci ildə ləğv edilməsinə baxmayaraq Ə.Nəsibov sağlığında sərəncamın ləğvinə heç bir münasibət bildirməmişdir.Əhmədilov Nəsibov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.X1 dəfələrlə rayon icra hakimiyyətinə müraciət edərək dövlət mülkiyyətində olan həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəsinə verilməsini xahiş etmiş, lakin bu ərazidə yerləşən miras əmlakın pay bölgüsü ilə bağlı aranızda mübahisə olduğundan torpaq sahəsindən səmərəli istifadə olunacağına əsaslı şübhələr yarandığı üçün ərazinin qardaşınızın və ya sizin icarənizə verilməsi məqsədəuyğun hesab edilməmişdir. Bildiririk ki, hazırda dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən, mərhum atanızın mülkiyyətində olmuş və ailənizə miras qalmış fərdi yaşayış evi, mal damı, yem talvarının bölgüsü ilə bağlı X1yla aranızda olan mübahisə üzrə məhkəmə prosesi yekunlaşmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı qanuni qüvvəsini almışdır. Məhkəmələrin qətnamə və qərarlarında sizin və ya qardaşınızın dövlət mülkiyyətində olan torpaq sahəsinə hər hansı bir hüququnuz müəyyən edilməmişdir. Sizə dəfələrlə tərəfimizdən sözügedən torpaq sahəsinin dövlət ehtiyat fondu torpağı olduğu, bu ərazidən qanunsuz istifadə etdiyiniz halda barənizdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Lakin, siz buna məhəl qoymadan həmin ərazidən istifadə etməyi davam etdirirsiniz. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayət məsuliyyəti yaradır və üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sizdən sözügedən dövlət mülkiyyətində olan torpaq sahəsini ən qısa müddətdə zəbtdən azad etməyiniz tələb olunur”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 30 sentyabr 2024-cü il tarixli 3-21-3-47/2-3460/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir. 1.Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən, mübahisəli 9.5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 9.13 hektardır. 2.Sözügedən mübahisələndirilən 9.13 ha torpaq sahəsininin 0.14 ha hissəsi hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəli **********5 olan çıxarış sənədində göstərilən Dövlət mülkiyyətinə aid 9.34 ha ehtiyat fondu torpaqları örüş ərazisinin hüdudları daxilinə,geri qalan ərazi isə TEKUİS məlumat bazasına əsasən Mahamalar bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kolluqlar, örüş, əkin,tikinti altında olan ərazilərin hüdudları daxilində yerləşir. 3.Mübahisəli 9.13 hektar torpaq sahəsində yerləşən tikililər və həmin tikililər torpaq sahəsininin hansı hissəsində yerləşməsi barədə məlumatlar tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 4.Cavabdeh mübahisəli 9.13 hektar torpaq sahəsindən naturada istifadə edir Həmin 9.13 ha torpaq sahəsininin 0.14 ha hissəsi hüquqları dövlət reyestrində qeydiyyata alınmış, reyestr nömrəsi **********5 olan çıxarış sənədində göstərilən Dövlət mülkiyyətinə aid 9.34 ha ehtiyat fondlu torpaqları örüş ərazisinin hüdudları daxilinə, geri qalan ərazi isə TEKUİS məlumat bazasına əsasən Mahamalar bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kolluqdlar, örüş, əkin, tikinti altında olan ərazilərin hüdudları daxilində yerləşir.Torpaq sahəsinin yerləşmə vəziyyəti ölçüləri və döngə nöqtələrinin koordinatları tərtib edilmiş yerquluruşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-1373/2024 nömrəli qərarından görünür ki,həmin qərarla Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi,iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 dekabr 2023-cü il tarixli,2(107)- 1317/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin,cavabdehin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını bilavasitə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki hallarının araşdırılması nəticəsində müəyyən edildi ki, Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” adlanan ərazisində yerləşən mübahisəli 9.13 hektar torpaq sahəsindən Cavabdeh naturada istifadə edir.İddiaçı Balakən Rayon İcra Hakimiyyəti onun həmin torpaq sahəsindən çıxarılması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinin tələbinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinin tələbinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinin tələbinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Nəzərə alınmalıdır ki,iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı işdə iddiaçı Balakən Rayon İcra Hakimiyyəti Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” adlanan ərazisində yerləşən Dövlət mülkiyyətində olan 9.5 hektar torpaq sahəsindən Cavabdeh qanunsuz istifadə etdiyini göstərsə də bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh mübahisəli 9.13 hektar torpaq sahəsindən naturada istifadə edir. Cavabdehin istifadə etdiyi həmin torpaq sahəsinin isə cəmi 1,1966 hektar hissəsi Dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Nəsibov X7 rayonu Mahamalar kəndinin “Təpəçöl” adlanan ərazisində yerləşən, Dövlət mülkiyyətində olan 1,1966 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 30 sentyabr 2024-cü il tarixli 3-21-3-47/2-3460/2025 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş yerquluruşu planına uyğun çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İddiaçı Balakən Rayon İcra Hakimiyyəti büdcə təşkilatı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən Cavabdeh 100 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. Cavabdeh Nəsibov X7 rayonu Mahamalar kəndinin “Təpəçöl” adlanan ərazisində yerləşən, Dövlət mülkiyyətində olan 1,1966 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin 30 sentyabr 2024-cü il tarixli 3-21-3-47/2-3460/2025 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş yerquluruşu planına uyğun çıxarılsın; iddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 100 manat dövlət rüsumu alınıb dövlət büdcəsinə ödənsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar