Məhkəmə qərarları › İş №e-2(019)-538/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-538/2022

08.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-538/2022 08.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı qaz borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB X4 İstismarı idarəsi tərəfindən ona əsassız hesablanmış 216 ( iki yüz on altı) manat borcun onun abonent hesabından (**********00000) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, xüsusi mülkiyyətində Balakən rayonu Qullar kəndində fərdi yaşayış evi vardır. 25 avqust 2021-ci il tarixində X2 Zaqatala RQİİ-nin Balakən xidmət sahəsinin əməkdaşları tərəfindən evə gələrək təbii qazdan istifadə qaydalarına əməl edilməsi yoxlanılmışdır.Həmin yoxlama zamanı qaz sayğacının hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması barədə akt tərtib edilmişdir. Həmin vaxt o və ailə üzvləri evdə olmamışlar. Eyni zamanda qaz sayğacı evdən kənarda yol sahəsində quraşdırıldığından onun və ailə üzvlərinin qaz sayğacını qorumaq kimi bir imkanları olmamış, belə bir öhdəliyi də yoxdur. xx.xx.2021-ci il tarixdə X4 İstismarı İdarəsinin rəhbərliyi tərəfindən sayğacın hesablanma mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması iddiası ilə ona 216 manat borc hesablanmışdır. Bu barədə xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib olunmuşdur. Yəni o, heç bir əsas olmadığı halda ona 216 manat “Azəriqaz" İstehsalat Birliyinə borc yazılmışdır. Halbuki, sözügedən qaz sayğacı evdən kənarda yol hissədə yerləşdirilmişdir. Onların qaz sayğacını qorumaq kimi bir imkanları yoxdur. Eyni zamanda o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Yolda iri tonnajlı maşınlar və insanlar hərəkətdədirlər. Sayğaca hər hansı müdaxilə olunacağı təqdirdə onun və ailə üzvlərinin bunu görmə və müdaxilə etmə imkanları məhdud dərəcədədir. Bütün bu hallar isə son nəticədə “ Azəriqaz" istehsalat X3 Qaz İstismar idarəsinin rəhbərliyi tərəfindən əsassız olaraq ona 216 manat borc hesablanmasını sübut edir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli 22696 nömrəli müqavilədən görünür ki, Cavabdeh İB X4 İstismarı idarəsi ilə İddiaçı arasında təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Balakən rayonu Qullar kəndində yaşayan İddiaçı məxsus qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25 avqust 2021-ci il tarixli ******* nömrəli Aktdan görünür ki, istehlakçıya məxsus qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilib, daxili qulaqcıqda əzik-cızıq izləri vardır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Abonentin saldosundan görünür ki, İddiaçı 216 manat qalıq qaz borcu hesablanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2021-ci il tarixli ******* nömrəli akta əsasən * dəymiş ziyanın həcmi cəmi 2160 kub.metr hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı Cavabdeh İB X4 İstismar İdarəsinin Balakən Xidmət Sahəsində istehlakçı kimi qeydiyyatdadır və “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən kənarda, hasarın üzərində yol tərəfdən yerləşdirilmişdir. 14 iyun 2021-ci ildə Cavabdeh İB-nin X4 İstismar İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı çıxarılmış və dövlət yoxlanmasına göndərilmişdir. Bu barədə qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Qaz sayğacının yoxlanılması barədə verilmiş rəydə qaz sayğacının hesablama mexanizminin qoruyucu qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması qeyd edilmişdir. Sonradan iddiaçının evinə Cavabdeh İB-nin X4 İstismar İdarəsindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT göndərilmiş və İddiaçı 216 manat qazdan istifadəyə görə borcu hesablanması göstərilmişdir. İddiaçı sayğaca heç bir müdaxilə etmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının həyətdən kənarda-hasarın üzərində yol tərəfdə yerləşməsini, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun iddiaçı tərəfindən törədilməsinə, həmin müdaxilə nəticəsində sayğacın istifadə olunan qazı normal qeydə almamasına dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli ,Cavabdeh İB X4 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən İddiaçı hesablanmış 216 ( iki yüz on altı) manat cərimə silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İB X4 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən İddiaçı hesablanmış 216 ( iki yüz on altı) manat cərimə silinsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar