Məhkəmə qərarları › İş №e-2(019)-58/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-58/2025

30.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-58/2025 30.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Balakən Rayon Vəkil Bürosunun vəkili Vəkil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3, X4 və X6 iştirakları ilə İddiaçı Cavabdeh qarşı (X12, X13, X7 və X14 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) torpaq sahəsindən kompensasiya ödənilməklə yolun (zəruri keçidin) açılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair JN-753 KOD 40113018 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətində olan Balakən rayonu Talalar kəndində yerləşən 0,46816 ha torpaq sahəsindən ictimai yola zəruri keçid üçün Cavabdeh məxsus Balakən rayonu Talalar kəndində yerləşən torpaq sahəsindən kompensasiya ödənilməklə yolun (zəruri keçidin) açılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müracət edərək tərəfindən verilmiş iddia ərizəsi üzrə kompensasiya həcminin 1 sot ərazi üçün illik 20 manat olması təklifinin qəbul olunmasını xahiş etmişdir. Qeyd etmişdir ki, həmin kompensasiya məbləğini istər məhkəmə tərəfindən, istərsə də cavabdehin müəyyən etdiyi müddətdə (bir neçə illik) birdəfəlik ödənilməsinə də etiraz etmir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Aqrar İslahat Komissiyası Balakən rayonu Talalar kəndində 0,68 hektar torpaq sahəsini 04 fevral 1998-ci il tarixdə 02 nömrəli qərarla ailə üzvlərinə, yəni X15, X18, X8, İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı üçün vermişdi. Həmin torpaq sahələri eyni kəndin ərazisində olsalar da, fərqli yerlərdədir. Balakən rayonu Talalar kəndində yerləşən qeyd edilən torpağın 0,46816 ha torpaq ərazinin islahat dövründə ictimai yola keçid üçün yer ayrılmamışdır. Həmin ərazinin qonşu əraziləri cavabdeh (həm də qohumu) Cavabdeh verilmişdi. Aqrar İslahat Komissiyası ailələrinə həmin sahəni verməsinə baxmayaraq, torpaq sahəsinə gedən yol göstərilməmişdir. Bölgüdən sonra 26 ildir ki, razılıqla həmin torpaq sahəsinə gedən yol Cavabdeh torpaq sahəsindən idi. Lakin 2024-cü il tarixindən Cavabdeh torpaq sahəsinə gedən mövcud yolu dəmir darvaza ilə bağlayıb yolu açmaq niyyətində olmadığını bildirdi. Torpaq sahələrinə gedəcək başqa yol olmadığı üçün bu barədə İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişlər. Həmin İdarə 22 aprel 2024-cü il tarixli 3-21-3-47/2-Y-00xx-xx/2024 saylı məktubu ilə onu məlumatlandırdı ki, 0,46816 ha kənd təsərrüfatlı torpaq sahəsinə gediş-gəliş üçün yol göstərilməmişdir. Torpağa mülkiyyət hüququna dair JN-753 KOD 40113018 saylı Dövlət Aktına əsasən 0,68 hektar torpaq sahəsi X15, X18, X8, İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmişdir. Həmin aktın cizgi planında da əsas yola çıxışın olmadığı görsənir. Hazırkı vaxtda onların Balakən rayonu Talalar kəndində yerləşən 0,46816 ha kənd təsərrüfatlı torpaq sahəsinə gediş-gəliş üçün yolları yoxdur. 0,46816 ha torpaq sahəsinin 9668 və 9664 döngə nöqtələri istiqamətindən X21 ilə, 9674 və 9672 döngə nöqtələri istiqamətindən Cavabdeh ilə həmsərhəddilər. Torpaq ərazisinin əsas avtomobil yoluna çıxış yalnız qonşusu Cavabdeh torpaq ərazisindən yaxındır. Zəruri yol və keçidin verilməsi üçün Cavabdeh torpaq ərazisindən 0,46816 ha torpaq sahələrinə kimi əsas yoldan eni 3 metr, uzunluğu 35 metr olmaqla 0,01 ha avtomobilin hərəkəti üçün əvəzi ödənilməklə yol verilməsini istəyirlər. İddiaçı Fikrət oğlu vəsatət təqdim edərək bildirmişdir ki, 30 aprel 2025-ci il tarixində Balakən rayonu Talalar kəndində keçirilmiş məhkəmə baxışı zamanı cavabdeh tərəfin vəkili bildirmişdir ki, guya ona məxsus torpaq sahəsinə giriş üçün digər alternativ yollar əmisi X16 və qardaşı X9 məxsus torpaq sahələri üzərindən keçid mövcuddur. Lakin bu iddia əsassız və mümkün olmayan bir təklif olduğunu bildirirmişdir. Belə ki, X9 məxsus sahənin təyinatı “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Bu sahə kənd təsərrüfatı təyinatlı torpaq olmadığından, orada servitutun tətbiqi hüquqi baxımdan qeyrimümkündür. Çünki yaşayış məntəqələrinin torpaqları kənd təsərrüfatı torpaqlarına münasibətdə daha bahalıdır. Digər alternativ olaraq göstərilən əmisinə məxsus ərazidən keçid üçün isə ən azı bir topa (təxminən sayı 20-yə yaxın) bar verən fındıq ağacları çıxarılmalıdır. Həmçinin həmin ərazidə fındıq sahəsində fındıq yığımı zamanı istifadə olunan iri kənd təsərrüfatı texnikalarının (traktor, kombayn), eləcə də fövqəladə hallarda yanğınsöndürən maşın kimi xüsusi texnikaların sərbəst hərəkəti üçün geniş yol tələb olunduğundan bir neçə fındıq ağacının çıxarılması, budanması və ya kəsilməsi zərurəti yaranacaqdır. Bu isə həm texniki, həm də iqtisadi baxımdan məqsədəuyğun deyil və üçüncü şəxslərin mülkiyyət hüquqlarına müdaxilə anlamına gəlir. Bundan başqa, əmisi X16 məxsus torpaq sahəsindən keçid təmin edilməsi üçün nəqliyyat vasitələrinin sərbəst hərəkəti və manevr etməsi mümkün olan yetərincə enli yolun servitutla ayrılması tələb olunur. Bu isə faktiki olaraq iddia ediləndən daha çox torpaq sahəsinin həmin şəxsdən alınması və onun mülkiyyət hüquqlarına daha ağır müdaxilə olunması deməkdir. Mülki qanunvericiliyə əsasən servitut daha az zərərli və daha real variant seçilməklə tətbiq olunmalıdır. Əraziyə baxış zamanı tərəflərin mövqelərinin və faktiki halların məhkəmə baxış protokolunda əks olunmasının təmin edilməsini, həmçinin cavabdeh tərəfin təqdim etdiyi alternativ yolların qeyri- mümkünlüyü və qanunsuzluğu barədə yuxarıda göstərilən əsaslarla hüquqi qiymət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddia etdiyi yol əmisinin, yəni cavabdehin torpağında yerləşir. Ona məxsus torpağın yanındakı digər torpaqlar qardaşı və digər əmisinə məxsusdur. Qardaşı tərəfindən torpaq 2 il əvvəl alınmışdır, həmin torpaq yaşayış məntəqələrinin torpağı təyinatlıdır, qardaşı torpağı ev tikmək məqsədilə almışdır. Digər əmisinə məxsus torpaqda isə ağaclar var. İddia etdiyi yolu babası 40 il əvvəl yol olmadığı üçün vermişdir. 1 ildir cavabdeh oradan istifadə eyməyə icazə vermir. Digər torpaq sahələrindən piyada olaraq müvəqqəti olaraq keçir, lakin maşın keçə bilmir. Cavabdehin torpaq sahəsindən tələb etdiyi yoldan ildə sadəcə bir neçə dəfə istifadə edəcək. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil izahatında bildirmişdir ki, iddia əsassızdır, cavabdehin torpaq sahəsində fındıq ağacları vardır. İddiaçıya məxsus torpaq sahəsinin qonşuluğunda yerləşən torpaqlar qardaşına və əmisinə məxsusdur. Həmin torpaqlardan yol ayrıla bilər. İddiaçı elə hazırda həmin torpaqlardan keçərək öz torpağına daxil olur. Cavabdehin torpağından zəruri keçid üçün istifadəsi cavabdehin mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. İddianın təmin edilməsi qətnamənin icrası zamanı tərəflər arasında dava-dalaşın yaranmasına səbəb olacaqdır. Lakin iddiaçının qardaşı və digər əmisi ilə münasibətləri normaldır, onlarla razılığa gələ bilər. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 izahatında iddianın əsassız olduğunu, iddiaçının qardaşının torpaq sahəsindən yolun verilə biləcəyini, cavabdehin torpağının onunla birlikdə 5 mülkiyyətçisi olduğunu, fındıq bağlarının olduğunu, iddiaçının əvvəllər onların torpağından istifadə etdiklərini, lakin heç bir kompensasiya vermədiyini, hazırda da 1000 manat kompensasiya ödəsə belə yolun verilməsinə razı olmadığını, iddiaçının hər il zibili, xəzanı dəmir arakəsmənin kənarında yandırıb onlara ziyan verdiklərini, torpaq sahələrindən özlərinin tam istifadə etmək hüquqlarının olmasını bildirmiş, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12 və X13 izahatlarında iddia ərizəsinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram göndərərək iddianı qəbul etmədiyini və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan JN 753 KOD 40113018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 04 fevral tarixli, 02 nömrəli qərarı ilə Balakən rayonu Talalar kəndində 0.68 ha kənd təsərrüfatı məhsulları istehsallı torpaq sahəsi X10, X11, X1 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********70 olan, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.4101 ha torpaq sahəsi X4, Cavabdeh, X6, X3 və X2 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********48 olan, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.10 ha yaşayış məntəqələrinin torpaqları X5 adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli müraciətə baxılması barədə məlumatdan görünür ki, müraciətdə qeyd edilən məsələ ilə əlaqədar olaraq ərazi idarəsinin xidməti istifadəsində olan kompleks yerquruluşu və TEKUİS xəritələrində İddiaçı mülkiyyətində olan 0.46816 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün yol göstərilməmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 47/2-5289/2024 nömrəli mütəxəssis rəyindən görünür ki, JN 753 Kod 40103018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na əsasən X10, X11, X1 və İddiaçı ümumi birgə mülkiyyətində olan ünvan 1ində yerləşən 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 753G cizgisində göstərilən 0.46816 ha torpaq sahəsinə idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında gediş-gəliş üçün yol nəzərdə tutulmamışdır. JN 753 Kod 40103018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"na əsasən X10, X11, X1 və İddiaçı ümumi birgə mülkiyyətində olan ünvan 1ində yerləşən 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ünvan 1ində yerləşən 0.46816 ha hissəsinə gediş-gəliş üçün Cavabdeh məxsus ünvan 1ində yerləşən torpaq sahəsindən zəruri keçid verilməsi idarənin səlahiyyətlərinə aid deyildir. Ancaq iddiaçının iddia etdiyi zəruri keçid Cavabdeh və onun ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********70 olan çıxarış sənədində göstərilən 0.4101 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaq sahələrinin yerləşmə vəziyyəti və iddia olunan zəruri keçidin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2025-ci il tarixli 10/33 nömrəli rəyində göstərilmişdir ki, JN753 Kod40103018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” na əsasən X10, X11, X1 və İddiaçı ümumi birgə mülkiyyətində olan ünvan 1ində yerləşən 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 753G cizgisində göstərilən 0.46816 ha torpaq sahəsinə idarənin xidməti istifadəsində olan elektron məlumat bazasında gediş-gəliş üçün yol nəzərdə tutulmamışdır. JN753 Kod40103018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”na əsasən X10, X11, X1 və İddiaçı ümumi birgə mülkiyyətində olan ünvan 1ində yerləşən 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ünvan 1ində yerləşən 0.46816 ha hissəsinə gediş-gəliş üçün Cavabdeh məxsus ünvan 1ində yerləşən torpaq sahəsindən zəruri keçid verilməsi idarənin səlahiyyətlərinə aid deyildir. Ancaq iddiaçının iddia etdiyi zəruri keçid Cavabdeh və onun ailə üzvlərinin adına hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəsi **********70 olan çıxarış sənədində göstərilən 0.4101 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaq sahələrinin yerləşmə vəziyyəti və iddia olunan zəruri keçidin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. X17 (Daşınmaz Əmlakın Alqı-satqısı Kirayəsi, VÖEN **********) tərəfindən verilən torpaq sahəsinin orta bazar dəyəri barədə arayışdan görünür ki, Balakən rayonu Talalar kənd sakini İddiaçı şifahi müraciətinə əsasən müraciətdə göstərilən Balakən rayonu Talalar kənd yolundan (trasdan) təqribən 2 kilometr məsafədə, kənd yolunun kənarında yerləşən, içərisində çoxillik bar verən fındıq ağacları olan torpaq sahəsi üzrə bir çox oxşar ərazilərə vizual baxış aparılmış, yerli bazar qiymətləri təhlil edilmiş və nəticə olaraq müəyyən edilmişdir ki, Talalar kəndi ərazisində bu tip kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 hektarının orta bazar dəyəri təxminən 30000 manat təşkil edir. Bu hesabla 1 sotun təxmini dəyəri isə 30 manat hesablanır. Həmçinin qeyd edilən ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin illik icarə qiymətləri təxminən 2000 manatdan 3000 manatadək dəyişir. Bu məbləğlər torpaq sahəsinin yeri, məhsuldarlığı, infrastrukturla yaxınlığı və digər amillərdən asılı olaraq fərqlənə bilər. Məhkəmə tərəfindən keçirilən yerində müayinə zamanı müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvan 1ində yerləşən 0.46816 ha torpaq sahəsi hər bir tərəfdən digər torpaq sahələri ilə əhatə olunmuşdur, ona bitişik Cavabdeh və onun ailə üzvlərinə məxsus torpaq sahəsində və digər əmisi X16 məxsus torpaq sahəsində fındıq bağı yerləşir. Digər torpaq sahəsi isə qardaşı X9 məxsusdur və torpaqda bir neçə ağac mövcuddur. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 257.1-ci maddəsinə əsasən servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. 261.1-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, servitutla yüklü olan daşınmaz əşyanın mülkiyyətçisi xeyrinə servitut qoyulmuş ixtiyarlı şəxslərdən sahədən istifadə üçün haqq tələb edə bilər. 261.2-ci maddəsinə əsasən haqqın miqdarı tərəflərin razılaşması ilə, razılaşmaya gəlmək mümkün olmadıqda isə məhkəmənin qərarı ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən:

1. Servitut — bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır .

2. Servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər.

3. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır.

4. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək;

5. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir.

8. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 1ində yerləşən 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 753G cizgisində göstərilən 0.46816 ha torpaq sahəsinə gediş-gəliş üçün yol nəzərdə tutulmaması mütəxəssis rəyi, ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İddiaçının iddia etdiyi zəruri keçid isə Cavabdeh və onun ailə üzvləri X12, X13, X7 və X6 birgə mülkiyyətində olan 0.4101 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir. Lakin iddiaçı cavabdehin torpağından zəruri keçidin ayrılmasının daha yolverilən və daha az zərər vurmasını göstərsə də, istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı qardaşı X9 məxsus torpaq sahəsindən yolun ayrılmasının mümkün olmamasını onunla əsaslandırmışdır ki, həmin torpağın təyinatı “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir, bu sahə kənd təsərrüfatı təyinatlı torpaq olmadığından, orada servitutun tətbiqi hüquqi baxımdan qeyri-mümkündür. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edərək bildirir ki, qanunvericilikcə yaşayış məntəqələrinin torpaqlarından yolun ayrılması ilə bağlı heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. Həmçinin mübahisəli sahə məhkəmə tərəfindən yerində müayinə edilərkən iddiaçının qardaşına məxsus torpaq sahəsində hazırda heç bir tikili mövcud olmaması, bir neçə ağac olması, yola çıxışının olması müəyyən edilmişdir. Bundan başqa iddiaçı əmisi X16 məxsus torpaq sahəsindən yolun ayrılmasının mümkün olmamasını onunla əsaslandırmışdır ki, sonuncuya məxsus torpaq sahəsindən keçid təmin edilməsi üçün nəqliyyat vasitələrinin sərbəst hərəkəti və manevr etməsi mümkün olan yetərincə enli yolun ayrılmasının tələb olunur, bu isə faktiki olaraq iddia ediləndən daha çox torpaq sahəsinin həmin şəxsdən alınmasına və onun mülkiyyət hüquqlarına daha ağır müdaxiləyə səbəb olacaqdır. Məhkəmə iddiaçının irəli sürdüyü bu dəlillərlə bağlı qeyd edir ki, həmin sahədə də cavabdehə məxsus sahə kimi fındıq bağı yerləşir, iddiaçı iddia etdiyi fındıq bağından keçən yolda nəqliyyat vasitələrinin sərbəst hərəkəti və manevr etməsini mümkün hesab etdiyi halda, əmisi X16 məxsus bağda bunun mümkün olmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Tərəflər arasında yolun ayrılması barədə heç bir razılaşma yoxdur. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, tərəflərin qarşılıqlı mənafelərini nəzərə alaraq hesab edir ki, iddia rədd edilməlidir. Həmçinin iş üzrə 100 manat ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən kompensasiya ödənilməklə yolun (zəruri keçidin) açılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə 100 manat ekspertiza xərci İddiaçı tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar