Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-607/2025 24.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1829 manat məbləğində borcun və vəkilə çəkilmiş xərclər 325 manat və ödənilmiş 39 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Cavabdeh qızıl-zinət əşyalarının alıcısı kimi tanımışdır. Onunla münasibəti normal olduğu üçün 28 yanvar 2025-ci il tarixdə şifahi alqı-satqı müqaviləsi bağlanmış və həmin razılaşmaya əsasən o, cavabdehə 1 ay müddətinə, xx.xx.2025-ci il tarixdə dəyəri tam olaraq ödəmək şərti ilə, 3249 manat dəyərində, əyarı 585 olan qızıl-zinət əşyası satmışdır. Aralarında olan razılığa əsasən o, qeyd olunan qızıl-zinət əşyalarını cavabdehə nisyə satmağı, cavabdeh isə nisyə aldığı qızıl-zinət əşyalarının pulunu 1 ay müddətində qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu müddət ərzində razılaşma üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməyərək cəmi 1420 manat ödəniş etmişdir. Dəfələrlə cavabdehə ona olan borcunun qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. O, pulunu başqa qaydada cavabdehdən ala bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli oldu. Qeyd edir ki, cavabdeh götürdüyü öhdəliyi yerinə yetirilməməsi nəticəsində bu günə 1829 manat məbləğində ödənilməmiş borcu mövcuddur. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, məhkəmə bildirişinin Cavabdeh çatdırılması mümkün olmadığından təqdim edilməsi üçün Balakən rayon İcra Hakimiyyəti Başçısının Qazma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş diskdə olan “00000013-PHOTO-2025-05-26-13-57-01” adlı xx.xx.2025-ci il tarixdə “Whatsapp” tətbiqi ilə aparılan yazışmaların əks olunduğu ekran görüntüsündən görünür ki, Cavabdeh məxsus şəxsiyyət vəsiqəsi və tərəzi üzərində qramı 24.99 qram qeyd edilmiş qızılın şəkli öz əksini tapmış, “3249 AZN”, “Her gun 110 at”, “Bir aylıq aldım. Bir ay ərzində baglayacam” yazışmaları qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh 1829 manat ödənilməmiş pulu 7 təqvim günü müddətində İddiaçı ödənilməsi barədə xəbərdar edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı ilə vəkil Nümayəndə arasında pul tələbinə dair mülki iş üzrə hüquqi yardım göstərilməsi barədə müqavilə bağlanmışdır. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 325 manat müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsinin dəlillərinə və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı və Cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış, 3249 AZN dəyərində qızılzinyət əşyası xx.xx.2025-ci il tarixdə hər gün 110 manat ödəmək şərti ilə Cavabdeh satılmışdır. Cavabdeh 1420 manat ödəniş etmiş, ödənilməmiş 1829 manat borcu qalmışdır. Cavabdeh aldığı əşyanın qiymətini tam ödəməməklə öhdəliyini pozmuş, qalan 1829 manat pulun ödənilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərclər ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsinə dair qanunvericiliyin tələbi nəzərə alınmalı, iddia tələbi vəkilə çəkilmiş xərclər 325 manat hissədə qismən təmin edilməli, vəkilin göstərdiyi yardıma görə cavabdehdən 250 manat tutulmalıdır. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1829 manat pul, iddianın qaldırılması üçün ödənilmiş 39 manat dövlət rüsumu, vəkilə ödənilmiş 250 manat xərc, cəmi 2118 manat pul alınıb iddiaçıya ödənilməlidir. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 1829 manat pul, iddianın qaldırılması üçün ödənilmiş 39 manat dövlət rüsumu, vəkilə ödənilmiş 250 manat xərc, cəmi 2118 manat pul alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-607/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-607/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver