Məhkəmə qərarları › İş №e-2(019)-696/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-696/2024

06.11.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-696/2024 06.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, oğlu- Cavabdeh2 adına olan Balakən rayonu İtitala kəndində 0.1179 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.80 kvm olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh1 ilə 12 sentyabr 2000-ci ildə rəsmi nikah bağlamaqla evlənmişlər. Cavabdehlə evliliklərindən xx.xx.2001-ci ildə X1 və xx.xx.2006-cı ildə Cavabdeh2 adında iki uşaqları olmuşdur. Ailə münasibətləri zəminində aralarında mübahisə olduğuna görə 2017-ci ilin dekabr ayında Cavabdeh1 ayrılmışdır. Balakən Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. Balakən rayonu İtitala kəndində 0.1179 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.80 kv/m olan fərdi yaşayış evi vardır. xx.xx.2020-ci ildə həmin torpaq sahəsini və fərdi yaşayış evini yetkinlik yaşına çatmayan oğlu Cavabdeh2 bağışlamışdır.Həmin ev və torpaq sahəsi 28 fevral 2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. Ev və torpaq sahəsi Cavabdeh2 adına qeydə alındıqdan sonra Ümüd ona bildirmişdir ki, evdən çıxıb getsin.O, da evdən çıxmış və o vaxtdan atası evində yaşamışdır. Hazırda yaşamağa başqa yaşayış yeri yoxdur. Cavabdeh2 cavabdehin himayəsində olduğuna görə Cavabdeh1 onu orada yaşamağa buraxmır. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə iddiaçının nümayəndəsi-vəkilinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 04 aprel 2018-ci il tarixdə verilmiş AZ-İ 291783 №-li nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2018-ci ilin aprel ayının 04 günündə 40 № ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İtitala kənd icra nümayəndəliyi tərəfindən 14 fevral 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 724355 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.2006-cı ildə anadan olmuş, atası İddiaçı, anası isə Cavabdeh1 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 07 fevral 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyət hüququ üzrə özünə məxsus olan, Balakən rayonu İtitala kəndində yerləşən 0.1179 ha torpaq sahəsini və ümumi sahəsi 47.80 kvm olan fərdi yaşayış evini hədiyyə olaraq oğlu Cavabdeh2 bağışlamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, reyestr nömrəsi **********96-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu İtitala kəndində 0.1179 ha yaşayış məntəqələrinin torpaqları və fərdi yaşayış evi 26 №li reyestr kitabının 13 №li vərəqində xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh1 ilə 12 sentyabr 2000-ci ildə rəsmi nikah bağlamaqla evlənmişdir. Tərəflərin birgə nikahından xx.xx.2001-ci ildə X1 və xx.xx.2006-cı ildə Cavabdeh2 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 07 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. İddiaçı Balakən rayonu İtitala kəndində yerləşən 0.1179 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.80 kv/m olan fərdi yaşayış evini xx.xx.2020-ci il tarixdə, Balakən rayon Notariat ofisində 4Ə- 63 nömrə ilə reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında oğlu- Cavabdeh2 bağışlamışdır.Ev və torpaq sahəsi 28 fevral 2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Cavabdeh2 İddiaçı həmin evdə yaşamasını istəmədiyindən sonuncu həmin vaxtdan o, evdən çıxaraq atası evində yaşamışdır. Dörd ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Eyni zamanda Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İş materiallarından göründüyü kimi İddiaçı mülkiyyətində olan, Balakən rayonu İtitala kəndində yerləşən 0.1179 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.80 kv/m olan fərdi yaşayış evini xx.xx.2020-ci il tarixdə, Balakən rayon Notariat ofisində 4Ə-63 nömrə ilə reyestrdə qeydə alınmış daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh2 bağışlamış, bununla əlaqədar həmin ev və torpaq sahəsi 28 fevral 2020-ci ildə daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydə alınmışdır. Sözügedən ev və torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yanaşı, həmin ev və torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ barədə qeydiyyat yazısı da ləğv olunmuşdur. Bununla da İddiaçı həmin evə və torpaq sahəsinə mülkiyyət hüququnu itirmişdir. Onun həmin evin evə köçürülməsi tələbi ilə bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırkı işdə mülkiyyətçi olaraq Cavabdeh2 ilə İddiaçı arasındakı münasibətlər 28 fevral 2020-ci ildə yarandığından onlar arasındakı mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. İddiaçı məhkəmə iclasında verdiyi ifadəsindən aydın oldu ki, sözügedən ev və torpaq sahəsi 28 fevral 2020-ci ildə Cavabdeh2 mülkiyyətinə keçdiyi gün Cavabdeh2 İddiaçı evdən çıxıb getməsini tələb etmiş, sonuncu da evdən köçüb getmiş və dörd ildən çoxdur ki, həmin evdə yaşamır, o vaxtdan atası evində yaşayır. 07 fevral 2020-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsində İddiaçı həmin evdən istifadə hüququ nəzərdə tutulmadığından və o, adıçəkilən ev və torpaq sahəsindən daimi olaraq köçdüyündən, həmin evdən istifadə hüququnu da itirmişdir. İddaçı İddiaçı Cavabdeh2 mülkiyyətində olan Balakən rayonu İtitala kəndində 0.1179 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 47.80 kv/m olan fərdi yaşayış evindən istifadə hüququ olmadığından o, həmin evə köçürülə bilməz. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddianın təmin olunmaması nəticəsinə gəldiyi üçün həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar