Məhkəmə qərarları › İş №e-2(019)-715/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-715/2022

08.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-715/2022 08.07.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirərək müəyyənetdim: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X1 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olması faktının təsdiq edilməsi və doğum şəhadətnaməsinin anası qrafasında Ərizəçi və milliyyəti qrafasında azərbaycanlı olmaqla doğum şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə baxaraq hesab edirəm ki, ərizə qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək X1 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olması faktının təsdiq edilməsi və doğum şəhadətnaməsinin anası qrafasında Ərizəçi və milliyyəti qrafasında azərbaycanlı olmaqla doğum şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 149.1-149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Sadalanan qanunvericilik aktlarının məzmunundan göründüyü kimi məhkəmə tərəfindən hüquqi əhəmiyyəti olan o halda müəyyən edilir ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Ərizənin məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qeydiyyat orqanı tərəfindən ərizəçiyə izah olunmuşdur ki, doğum haqında tibbi şəhadətnamə təqdim edilmədiyindən doğumun qeydə alınması mümkün deyildir. Buradan da görünür ki, doğumun qeydə alınması üçün zəruri sənəd doğum haqında tibbi şəhadətnamədir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə görə ərizəçi doğum faktının müəyyən edilməsi üçün o halda məhkəməyə müraciət edə bilər ki, o doğum haqında tibbi şəhadətnaməni ala bilməsin. Ərizəçi isə doğum haqqında tibbi şəhadətnaməni ala bilməməsi barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edir. Həmin maddədə doğum haqqında şəhadətnamənin verilməsi məsələsinə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. Ərizəçi məhkəməyə verdiyi ərizəsində doğum faktının müəyyən edilməsi ilə yanaşı, doğum haqqında şəhadətnamənin verilməsi barədə də qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1, 152.1.1 -ci maddələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin hallarını, ərizənin formasına və məzmununa əməl edilməməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Ərizəçi ərizəsi qaytarılmalıdır. Ərizəçi izah edilməlidir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Məhkəmə onu da diqqətə çatdırır ki, Azərbaycan Respublikası MPM-nin 120-ci maddəsinə əsasən isə məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldım: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi qaytarılsın. Ərizəçi izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar