Məhkəmə qərarları › İş №e-2(019)-784/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-784/2024

13.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-784/2024 13.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Qazbinə kəndi ərazisində yerləşən AN-1N ******* saylı 03 may 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmiş olduğu 0.04 ha həyətyanı torpaq sahəsində Cavabdeh müvafiq ölçmə işlərinin aparılmasına yaratdığı maneələrin aradan qaldırılması və ölçmə işlərinin aparılmasına şəraitin yaradılmasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Balakən şəhərində yaşayır. xx.xx.2013-cü il tarixdə Balakən rayon Dövlət Notariat Kontorunda 4Ə-222 reyestr nömrəsi ilə qeydə alınmış AN-1 ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Balakən rayon Gərəkli kənd sakini X1 JN-03A KOD 40108038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında onun şəxsi mülkiyyətinə verilmiş, Balakən rayonu Qazbinə kəndi ərazisində yerləşən, ümumi sahəsi 0.04 ha həyətyanı torpaq sahəsini ona 8000 (səkkiz min) manat pul ödəməklə almışdır. Bu barədə alqı-satqı müqaviləsi vardır. Hal- hazırda qeyd olunan torpaq sahəsində yaşayış evi tikdirmək istəyir. Buna görə də torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olan “Çıxarış” alınmalıdır. “Çıxarış”ın alınması üçün ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edib, həmçinin müvafiq rüsumlar ödəyib. Ərizənin icrası ilə bağlı Reyestr Xidmətinin əməkdaşları tərəfindən torpaq sahəsinin yerləşdiyi əraziyə gedərək müvafiq inventarlaşdırma işlərini aparmaq istəyərkən ona məxsus qeyd etdiyi torpaq sahəsinə bitişik sahədə yaşayış evi tikdirmiş Cavabdeh mütəxəssisləri torpaq sahəsinə buraxmamışdır. 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3-4712-2373/2024 saylı bildirişlə ölçü (invertarlaşdırma) işlərinə şərait yaradılmadığı üçün qeyd olunan əmlaka dair texniki sənədin tərtib olunmasının qeyri-mümkün olması barədə ona məlumat verilmişdir. Həmçinin Cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsi qanunsuz olaraq istifadə olunur və mütəxəssislər ölçü işlərinin aparılması üçün bu torpaq sahəsinə daxil olmalarına maneçilik törədir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, istifadəsində olan, Balakən rayonu Qazbinə kəndində yerləşən 0,0335 hektar həyətyanı torpaq sahəsini o,2019-cu ildə alqı-satqı müqaviləsi əsasında Balakən bələdiyyəsindən almışdır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə onun adına qeydə alınmışdır. İddia tələbi əsassızdır.O,ölçü işlərinin aparılmasına da etiraz etmir.İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı “Çıxarış”ın alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə 50 manat və 75 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 3 may 2013-cü il tarixli, Balakən rayon Dövlət Notariat Kontorunda 4Ə-222 reyestr nömrəsi ilə qeydə alınmış AN-1 ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, alıcı İddiaçı satıcı X1 torpağın mülkiyyətə verilməsinə dair JN-03A KOD 40108038 saylı şəhadətnamə əsasında Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə onun mülkiyyətinə verilmiş, Balakən rayonu Qazbinə kəndi ərazisində yerləşən, ümumi sahəsi 0.04 ha həyətyanı torpaq sahəsini 8000 (səkkiz min) manat pul ödəməklə almışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-003A KOD 40108038 saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 30 iyun tarixli, 08 saylı qərarı ilə Balakən rayonu Qazbinə kəndində 0.04 ha həyətyanı torpaq sahəsi X2 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 6 iyun 2024-cü il tarixli 3-21-3-4712-2373/2024 saylı Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilir ki, Balakən rayonu Qazbinə kəndi ərazisində yerləşən, ümumi sahəsi 0.04 ha üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanması barədə ərizəyə baxılmışdır (**********). Ərizənin icrası olaraq daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyəti əməkdaşları qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq tərəfin torpaq sahəsinin faktiki istifadə etmədikləri üçün inventarlaşdırılma işlərinin aparılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür.Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1 -ci maddəsinə əsasən ərizənizin icrasından imtina olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş A seriyalı 221913 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 3ndə yerləşən 0.0335 ha torpaq sahəsi Balakən Bələdiyyəsinin xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 21 iyun 2019-cu il tarixli AN- 1 ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Balakən Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Balakən Bələdiyyəsi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 3ndə yerləşən ümumi sahəsi 0.0335 ha olan torpaq sahəsini Cavabdeh 1105.50 manata satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cü il tarixdə verilmiş A seriyalı 404035 nömrəli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, ünvan 3ndə yerləşən 0.0335 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki,ünvan 3 ünvanında yerləşən 0.0335 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 66 nömrəli reyestr kitabının 38 nömrəli vərəqində Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, xx.xx.2013-cü il tarixdə Balakən rayon Dövlət Notariat Kontorunda 4Ə-222 reyestr nömrəsi ilə qeydə alınmış AN-1 ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçı Seyidov X7 rayon Gərəkli kənd sakini X1, JN-03A KOD 40108038 saylı şəhadətnaməyə əsasən onun mülkiyyətində olan, Balakən rayonu Qazbinə kəndi ərazisində yerləşən, ümumi sahəsi 0.04 ha həyətyanı torpaq sahəsini 8000 (səkkiz min) manata almışdır. İddiaçı 2024-cü ilin may ayında sözügedən torpaq sahəsinin öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir.Həmin ərazidə yaşayan Cavabdeh narazılığına görə ölçü (invertarlaşdırma) işlərinin aparılması mümkün olmamışdır. Buna görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 4.1ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 7.1 və 7.2-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 8.0cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:..8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı…8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli yuxarıda göstərilən qanun normaları ilə qiymətləndirərək, işin hallarını,hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, İddiaçı AN-1N ******* saylı 03 may 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, Balakən rayon Qazbinə kəndi ərazisində yerləşən, 0.04 ha həyətyanı torpaq sahəsində Cavabdeh müvafiq ölçmə işlərinin aparılmasına etdiyi maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı AN-1N ******* saylı 03 may 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi, Balakən rayon Qazbinə kəndi ərazisində yerləşən, 0.04 ha həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına etdiyi maneələr aradan qaldırılmaqla lazımi şərait yaradılsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar