Məhkəmə qərarları › İş №e-2(019)-80/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-80/2023

03.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-80/2023 03.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili Vəkil1 və 24 oktyabr 2022-ci il tarixcdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Avtomobil X4, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı qeydiyyat vəsiqəsinin və qeydin ləğvi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 Balakən şəhəri, 28 May küçəsində (keçmiş C.Cabbarlı küçəsi) yerləşən qeyri yaşayış binası üzərində 12 yanvar 2005-ci il tarixdə, 2 nömrəli reystr kitabının 2-ci səhifəsində, 409 reyestr nömrəsi ilə aparılmış mülkiyyət hüququna dair qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 409 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 15 №-li Yol İstimarı MMC-yə qarşı "ünvan 1 ünvanda yerləşən 0,33 ha torpaq sahəsində və onun üzərində olan qeyri-yaşayış tikililərinin istifadə sahibliyə verilməsi vəzifəsinin, yaradılmış maneənin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə həvalə edilməsi" tələbinə dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Avtomobil X3 təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında Balakən şəhəri, 28 May küçəsində əmlak kompleksi kimi müəssisəsi (idarə binası, anbar binası, tualet binası və s.) və torpaq sahəsi vardır. İddiaçı Azərbaycan Avtomobil X3 təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (keçmiş – "xxxx" ASC X5 Məsuliyyətli Cəmiyyəti) Cavabdeh2 qarşı “qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinə müraciət etmiş və iş 2(019)-122/2017 nömrəsi altında məhkəmənin icraatına götürülmüşdür. Daha sonradan iddiaçı Azərbaycan Avtomobil X3 təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (keçmiş – "xxxx" ASC X5 Məsuliyyətli Cəmiyyətinin) vəsatətinə əsasən iş üzrə icraat Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 19 aprel 2017-ci il tarixli, 2(019)-122/2017 iş nömrəli qərardadına əsasən dayandırılmış, daha sonra isə baxılmamış saxlanılmışdır. İş üzrə icraatın dayandırılmasına əsas, iddiaçı Azərbaycan Avtomobil X3 təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (keçmiş – "xxxx" ASC X5 Məsuliyyətli Cəmiyyətinin) Şəki İnzibati-İqtisadi Məhkəməsində Balakən Rayon Məhkəməsində mübahisələndirilən qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş “Balakən rayonu X1 bazası X7ı komissiyası”nın 28 iyun 2001-ci il tarixli qərarının, Balakən Rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli qərarının və 29 iyul 2001-ci il tarixli 06 nömrəli “Əmlak üzərində mülkiyyət hüququna dair şəhadətnamə”nin ləğv edilməsi ilə bağlı iddianın qaldırılması olmuşdur. İddiaçı Azərbaycan Avtomobil X3 təsisçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (keçmiş – "xxxx" ASC X5 Məsuliyyətli Cəmiyyətinin) Şəki İnzibati-İqtisadi Məhkəməsində qaldırılmış iddia həmin məhkəmənin 29 avqust 2018-ci il tarixli, 2-1(84)-246/2018 iş nömrəli qərarı ilə qismən təmin edilmişdir. Azərbaycan Respublikası Şəki İnzibati-İqtisadi Məhkəməsində qaldırılmış iddia üzrə həmin məhkəmənin 29 avqust 2018-ci il tarixli, 2-1(84)-246/2018 iş nömrəli qərarından Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 noyabr 2018-ci il tarixli, 2- 1(107)-591/2018 iş nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 noyabr 2018-ci il tarixli, 2-1(107)-591/2018 iş nömrəli qərarından Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmiş, lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2019-cu il tarixli, 2-1(102)-699/2019 iş nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 noyabr 2018ci il tarixli, 2-1(107)-591/2018 iş nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bununla da, iş üzrə Cavabdeh2 Balakən şəhəri, 28 May küçəsində (keçmiş C.Cabbarlı küçəsi) yerləşən qeyri yaşayış binası üzərində 12 yanvar 2005-ci il tarixdə, 2 nömrəli reystr kitabının 2-ci səhifəsində, 409 reyestr nömrəsi ilə aparılmış mülkiyyət hüququna dair qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 409 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş sənədlər Şəki İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2-1(84)-246/2018 iş nömrəli qərarına əsasən ləğv edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi-vəkili Vəkil1 iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki iş üzrə 24 oktyabr 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə iddianı qəbul etməyərək, verdiyi izahatında Cavabdeh2 iddia predmetini təşkil edən qeyri-yaşayış binasına və torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alındığını, bunun məhkəmə aktları ilə təsdiq olunduğunu, iddiaçının isə həmin qeyri-yaşayış binasına və torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmadığını, işə mahiyəti üzrə baxılmasını tələb etdiklərini göstərərək, iddianın rədd olunmasını xahiş etmişdir. Sonradan Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, eyni tələb üzrə Şəki İnzibati-İqtisad Məhkəməsinin 29 avqust 2018-ci il tarixli 2-1(84)-246/2018 saylı qərardadı ilə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edildiyini, həmin qərardadın qanuni qüvvəsini aldığını qeyd edərək, hazırki mülki işin icraatına xitam verilməsini xahiş etmişdir. Sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 və nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini məhkəməyə bildirməmişlər. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.5-ci maddələrinə əsasən sonrakı məhkəmə proseslərinin cavabdehin və onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6in 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, həmin cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etmələrinin mümkün olmayacağını bildirərək, işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 409 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Balakən şəhəri, C.Cabbarlı küçəsində (hazırda 28 May küçəsi) yerləşən qeyri yaşayış binası üzərində Cavabdeh2 mülkiyyət hüququ 12 yanvar 2005-ci il tarixdə, 2 nömrəli reystr kitabının 2-ci səhifəsində, 409 reyestr nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin, Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 12 yanvar 2005-ci il tarixdə verilmiş 622 inventar nömrəli Texniki Pasportdan görünür ki, Balakən şəhəri, C.Cabbarlı küçəsində (hazırda 28 may küçəsi) 0,33 ha torpaq sahəsində yerləşən 1988-ci ildə tikilmiş qeyri yaşayış binası 29 iyul 2001-ci il tarixli əmlak üzərində mülkiyyət hüquqlarına dair 06 nömrəli şəhadətnamə əsasında sahibkar Cavabdeh2 adına verilmişdir. İşə əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)- 246/2018-ci il nömrəli qərarından görünür ki, iddiaçı Azərbaycan Avtomobil X3 cavabdeh Balakən rayon İcra Hakimiyyətinə qarşı “Balakən rayon X1 Bazası X7 Komissiyasının xx.xx.2001-ci il tarixli qərarının, Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001ci il tarixli qərarının ləğv edilməsi” iddia tələbi üzrə inzibati mübahisəyə baxaraq iddianın qismən təmin edilməsi, yəni Balakən rayon X1 Bazası X7 Komissiyasının xx.xx.2001-ci il tarixli (2 nömrəli iclasının) qərarının və Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli (06 nömrəli iclasının) qərarının Balakən rayon X1 Bazası X7 Komissiyasının xx.xx.2001-ci il tarixli (2 nömrəli iclasının) qərarının təsdiq edilməsi hissəsində ləğv edilməsi qət edilmişdir. Eyni zamanda işə əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-246/2018-ci il nömrəli qərarından görünür ki, məhkəmə qərarının təsviri hissəsində aşağıdakı hallar müəyyən edilmişdir: Balakən rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1983-cü il tarixli 10 nömrəli qərarı ilə Balakən rayonunda yeni yaradılmış təsərrüfatlararası təmir-tikinti müəssisəsinə inzibati və köməkçi binaların tikintisi üçün Hənifə kəndinin Lenin adına kolxozun ərazisindən Balakən çay sahilindən kənd təsərrüfatına yararsız olan daşlıq ərazidən istifadə üçün 1 ha torpaq sahəsi ayrılmışdır. Balakən rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsi Şurasının xx.xx.1993-cü il tarixli 04 nömrəli qərarı ilə rayon kənd təsərrüfatı və ərzaq idarəsinin tabeçiliyində X1 Bazasının yaradılması məqsədəuyğun hesab edilmiş və X1 Bazasının yaradılmasına icazə verilməsinin respublika Kənd Təsərrüfatı və Ərzaq Nazirliyindən xahiş olunması qərara alınmışdır. Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin xx.xx.1993-cü il tarixli 01/183 nömrəli məktubu ilə təsərrüfatlararası tikinti materiallarının istehsalı və təmir işləri üzrə müəssisəsinin fəaliyyətinin dayandırılması, istiqamətinin dəyişdirməklə təsərrüfatlararası təchizat bazası kimi fəaliyyət göstərməsinə etiraz edilməmişdir. Bundan sonra xx.xx.1993-cü il tarixdə təsərrüfatlararası tikinti materiallarının istehsalı və təmir işləri üzrə müəssisənin bazasında yaradılmış X1 Bazasının nizamnaməsi Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi tərəfindən təsdiq edilmiş və xx.xx.1993-cü il tarixdə təsərrüfatlararası tikinti materiallarının istehsalı və təmir idarəsinin (TTMİ və Tİ) balansında olan inzibati binanın 80 kv.m sahəsi və digər avadanlıqlar yeni yaradılmış X1 Bazasının direktoru Cavabdeh2 təhvil verilmişdir. Balakən rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 180 nömrəli sərəncamı ilə rayonda fəaliyyət göstərən Təsərrüfatlararası Tikinti Materialları İstehsalı və Təmir İşləri üzrə Müəssisənin təsərrüfat fəaliyyəti dayandırılmış və müəssisənin balansında duran əsas vəsaitlərin dəyəri ödənilməklə rayonda yeni yaradılmış "xxxx" Dövlət Şirkətinin 74 nömrəli Yol Tikinti İdarəsinin balansına verilmişdir. Bundan sonra Balakən rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 184 nömrəli sərəncamı ilə Balakən rayon əsərrüfatlararası Tikinti Materialları İstehsalı və Təmir İşləri üzrə Müəssisənin əsas vəsaitlərinin və inventarların yeni yaradılmış 74 nömrəli yol tikinti idarəsinin balansına verilməsi üçün rayon aqrar-sənaye idarəsinin mütəxəssislərindən ibarət komissiya yaradılmışdır. Azəravtoyol Dövlət Şirkətinin xx.xx.2000-ci il tarixli 53 nömrəli əmri ilə bir neçə yol idarəsinin, o cümlədən Balakən 74 nömrəli Yol Tikinti İdarəsinin bazasında bütün mülkiyyətləri birləşdirməklə hüquqi şəxs idarə hüququ ilə Zaqatala 17 nömrəli Yol İstismar İdarəsi yaradılmış, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamenti MMC-nin xx.xx.2003-cü il tarixli 25 nömrəli ilə Balakən 51 nömrəli Yol İstismarı MMC yaradılmış və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi "xxxx" Departamenti MMC-nin xx.xx.2003-cü il tarixli əmri ilə Zaqatala 17 nömrəli Yol İstismar İdarəsinin balansında olan Balakən rayonunda yerləşən idarə binaları və qurğuları və digər maşın mexanizmlər Balakən 51 nömrəli Yol İstismarı MMC-nin balansına verilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin xx.xx.2016-cı il tarixli 01 nömrəli qərarı ilə Balakən 51 nömrəli Yol İstismar MMC-nin adı dəyişdirilərək 15 nömrəli Yol İstismar MMC adlandırılmışdır. Balakən rayon X1 Bazasının (TTSB) müdiri həmin iş üzrə üçüncü şəxs Cavabdeh2 xx.xx.2001-ci il tarixli 14 nömrəli əmri ilə TTSB-də islahatın aparılması məqsədi ilə X7 Komissiyası yaradılmışdır. Balakən rayon X1 Bazası X7 Komissiyasının xx.xx.2001-ci il tarixli 02 nömrəli protokol qərarı ilə X1 Bazasına məxsus əmlak komissiyanın müəyyən etdiyi qiymətlərə əsasən mövcud təlimata uyğun olaraq bölüşdürülmüş bölgüsü təsdiq edilmiş, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarı ilə digər X7 Komissiyalarının qərarları ilə yanaşı Balakən rayon X1 Bazası X7 Komissiyasının xx.xx.2001-ci il tarixli 02 nömrəli qərarı da təsdiq edilmişdir. Bundan sonra xx.xx.2001-ci il tarixdə Cavabdeh2 06 nömrəli əmlak üzərində mülkiyyət hüququna dair şəhadətnamə hazırlanmışdır. 51 nömrəli Yol İstismarı MMC tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin 17 nömrəli Ərazi Şöbəsinə təqdim etdiyi xx.xx.2013-cü, xx.xx.2016-cı, xx.xx.2017-ci və xx.xx.2018-ci il tarixlərə olan Daşınmaz Dövlət Əmlakının Qeydiyyat Vərəqəsindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən inzibati bina və digər yardımçı tikililər, o cümlədən 28 may küçəsi 12 və 16 ünvanlarında yerləşən torpaq sahəsi dövlət əmlakı olmaqla 15 nömrəli Yol İstismarı MMC-nin istifadəsindədir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən inzibati binanın dövlət əmlakı olduğunu iddia edərək iddia ərizəsi ilə məhkəməyə (Şəki İnzibati-İqtisadi Məhkəməsi) müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1638 nömrəli Fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil X4” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixdə (həmin iş üzrə) keçirilən məhkəmə iclasının protokol qərardadına əsasən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti hüquqi varisi “Azərbaycan Avtomobil X4” publik hüquqi şəxslə əvəz edilmişdir. Eyni zamanda işə əlavə edilmiş Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-246/2018-ci il nömrəli qərarından görünür ki, məhkəmə qərarın əsaslandırma hissəsində belə qənaətə gəlmişdir ki, iddia qismən əsaslıdır. Belə ki, X1 Bazası sovxoz və ya kolxoz təşkilatı olmadığından həmin bazada hər hansı islahat keçirilə bilməzdi. Sovxoz və kolxozların islahatı haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin birinci bəndinə əsasən, islahatın obyektləri sovxoz və kolxozların istifadəsində (balansında) olan torpaqlar və əmlaklardır. Mübahisə predmeti olan əmlak Balakən rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli 180 nömrəli sərəncamı əsasında 74 nömrəli Yol İstismar İdarəsinə verildiyindən, habelə həmin idarə tərəfindən əmlakların dəyəri ödənildiyindən, X1 Bazası sovxoz və ya kolxozların islahatının obyekti olmadığından və həmin idarədə yaradılmış X7ı komissiyasının yaradılması qanunsuz olduğundan iddia tələbi qismən təmin edilərək Balakən rayon X1 Bazası X7 Komissiyasının xx.xx.2001-ci il tarixli 2 nömrəli iclasının qərarı tam, Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli 06 nömrəli iclasının qərarı isə Balakən rayon X1 Bazası X7 Komissiyasının xx.xx.2001-ci il tarixli 2 nömrəli iclasının qərarının təsdiq edilməsi hissəsində ləğv edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-21-3/2-2352/2023 nömrəli məktubundan görünür ki, “Azərbaycan Avtomobil X4” X6, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş “Daşınmaz dövlət əmlakının qeydiyyat vərəqəsi” əsasında ünvan 3 ünvanında yerləşən əmlak kompleksi həmin müəssisənin balansında olan daşınmaz dövlət əmlakı kimi dövlət əmlakının Registrində qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə iddia predmetini təşkil edən Balakən şəhəri, 28 May küçəsində (keçmiş C.Cabbarlı küçəsi) yerləşən qeyri yaşayış binası üzərində 12 yanvar 2005-ci il tarixdə, 2 nömrəli reystr kitabının 2-ci səhifəsində, 409 reyestr nömrəsi ilə aparılmış mülkiyyət hüququna dair qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 409 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Balakən rayon X1 Bazası X7 Komissiyasının xx.xx.2001-ci il tarixli (2 nömrəli iclasının) qərarı və Balakən rayon Aqrar İslahat Komissiyasının 29 iyun 2001-ci il tarixli 06 nömrəli iclasının qərarının Balakən rayon X1 Bazası X7 Komissiyasının xx.xx.2001-ci il tarixli 2 nömrəli iclasının qərarının təsdiq edilməsi hissəsində ləğv edilmişdir. Azərbaycan Repsublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin normaların mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqların müdafiəsilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətlərinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəaların başqa cür qəbul edilməsi mülkiyyət növləri arasında ayrı-seçkilik yaratmaqla yanaşı digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl vurmuş olardı. Ədalət mühakiməsinin həyata kecirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin» presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il Qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların mudafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dovlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri uzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gozləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları uzrə Avropa Məhkəməsinin təcrubəsinə istinad etməlidirlər. İnsan Hüquqları uzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə «Marks Belcikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir». Məhkəmə «Sporronq və Lonnpot İsvecə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətcinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata kecirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Akimova Azərbaycana qarşı iş uzrə» 27 sentyabr 2007-ci il tarixli qərarının 39, 40, 41-ci bəndlərində gostərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar uzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Belə olan halda, Məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət»in təşkil olunması uçun kifayət qədər əsaslıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsində deyilir ki, «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə, işinin ədalətli raşdırılması hüququna malikdir». “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın Protokolunun (Protokol (qeyri-rəsmi olaraq) 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsində deyilir ki, «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Həmin maddənin İİ hissəsində qeyd olunur ki, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: …14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.5-ci maddələrinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 141.1, 141.2 və 141.3-cü maddələrinə əsasən əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər; bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər; daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəkilində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"nin 15-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyata alınması həmin əmlak sərəncamında olan subyektlər tərəfindən təqdim edilən sənədlər (əmlakın qeydiyyata alınmasına dair müraciət məktubu; bu Əsasnamənin 1-ci bölməsinin 9-cu bəndində göstərilmiş sənəd (sənədlər); qeydiyyat obyektinin göstəricilərini əks edən qeydiyyat vərəqəsi (bu Əsasnaməyə Əlavə).) əsasında aparılır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında göstərmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarında eyni zamanda göstərmişdir ki, yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. İş materiallarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(84)-246/2018-ci il nömrəli qərarı ilə Cavabdeh2 Balakən şəhəri, 28 May küçəsində (keçmiş C.Cabbarlı küçəsi) yerləşən qeyri yaşayış binası üzərində 12 yanvar 2005-ci il tarixdə, 2 nömrəli reystr kitabının 2-ci səhifəsində, 409 reyestr nömrəsi ilə aparılmış mülkiyyət hüququna dair qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 409 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olmuş Balakən rayon X1 Bazası X7 Komissiyasının xx.xx.2001-ci il tarixli (2 nömrəli iclasının) qərarı tam və Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 06 nömrəli qərarı isə Balakən rayon X1 Bazası X7 Komissiyasının xx.xx.2001-ci il tarixli (2 nömrəli iclasının) qərarının təsdiq edilməsi hissəsində ləğv edilmişdir. Bu da Cavabdeh2 Balakən şəhəri, 28 May küçəsində (keçmiş C.Cabbarlı küçəsi) yerləşən qeyri yaşayış binası üzərində 12 yanvar 2005-ci il tarixdə, 2 nömrəli reystr kitabının 2-ci səhifəsində, 409 reyestr nömrəsi ilə aparılmış mülkiyyət hüququna dair qeydiyyatının və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 409 nömrəli qeydiyyat vəsiqəsinin verilməsinin qanunun tələblərinə uyğun olmadan həyata keçirildiyini göstərir və həmin qeydiyyatın və qeydiyyat vəsiqəsinin ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddiaçı Azərbaycan Avtomobil X4 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Püblik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh2 qarşı qeydiyyatın və qeydiyyat vəsiqəsinin ləğvi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh2 Balakən şəhəri, 28 May küçəsində (keçmiş C.Cabbarlı küçəsi) yerləşən qeyri yaşayış binası üzərində 12 yanvar 2005-ci il tarixdə, 2 nömrəli reystr kitabının 2-ci səhifəsində, 409 reyestr nömrəsi ilə aparılmış mülkiyyət hüququna dair qeydiyyatı və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 409 nömrəli qeydiyyat vəsiqəsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəte t d i: İddia təmin edilsin. Cavabdeh2 Balakən şəhəri, 28 May küçəsində (keçmiş C.Cabbarlı küçəsi) yerləşən qeyri yaşayış binası üzərində 12 yanvar 2005-ci il tarixdə, 2 nömrəli reystr kitabının 2-ci səhifəsində, 409 reyestr nömrəsi ilə aparılmış mülkiyyət hüququna dair qeydiyyat və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair 409 nömrəli qeydiyyat vəsiqəsi ləğv edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar