Məhkəmə qərarları › İş №e-2(019)-824/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-824/2023

31.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-824/2023 31.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı1 və onun və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı mənzildən isttifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanı R.Səmədov küçəsi) istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar X3, İddiaçı2 və Lətifov X11 şəhəri H.Əliyev prospekti bina 35, mənzil 11-də qeydiyyatdadırlar. Onların mənzili 39.70 kv.metr sahədən ibarətdir. Mənzil tam mülkiyyət hüququ əsasında onlara məxsusdur. İddiaçı1 həmin mənzildə yaşayır. İddiaçı1 38 il 2 məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir. Ondan işlədiyi dövrdə nə müəllim kollektivi, nə dəki şagirdləri inciməyib. Lətifova (Mirzəyeva) X15 şəhərində yaşayan Elsevər Mirzəyevə ərə getmişdir. İddiaçı3 hal-hazırda Rusiya Federasiyasında yaşayır. Cavabdeh X10 10 il Rusiya Federasiyasında yaşayıb, sonra Azərbaycan Respublikasına gəlib. Evləndikdən sonra da İlqar Bakı şəhərində olan evdə yaşayıb. Onun Balakən rayonu Qullar kəndində də bir evi vardır. Lakin evlərindən heç birini öz adına sənədləşdirməyib. Odur ki, Cavabdeh ünvan 2 ünvanı R.Səmədov küçəsi) istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında İddiaçı1 və onun və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq Cavabdeh Bakı şəhərində mənzilinin və Balakən rayonu Qullar kəndində fərdi yaşayış evinin olduğunu və cavabdehin ailəsi ilə həmin evlərdə yaşadığını, cavabdehin sözügedən mənzildə qeydiyyatda olmasınıın mülkiyyətçilərin həmin mənzilə mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olduğunu bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmuş Cavabdeh məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, Balakən rayonu Qullar kənd sakinidir. Onun Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 267F nömrəli Şəhadətnamə əsasında xüsusi mülkiyyətində olan 0.07 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 1989-cu ildə tikilmiş 112.3 kv.metr sahəsi olan fərdi yaşayış evi olmuşdur. Həmin fərdi yaşayış evi təmirlidir və yaşamağa tam yararlıdır. O, özünə məxsus olan həmin 0.07 ha həyətyanı torpaq sahəsini və həmin torpaq sahəsində 1989-cu ildə tikilmiş 112.3 kv.metr sahəsi olan fərdi yaşayış evini 2011-ci ildə qeyri-rəsmi şəkildə Cavabdeh satmışdır. Cavabdeh da uzun müddətdir ki, ailəsi ilə həmin fərdi yaşayış evində yaşayır. Həmçinin bildiynə görə Cavabdeh Bakı şəhərində də mənzili vardır. Məhkəmə İddiaçı1 və onun və digər iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə izahatlarını və şahid X4 ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2021-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanı R.Səmədov küçəsi) yerləşən 39.70 kv.metrdən ibarət mənzilin 1/3 hissəsinə İddiaçı1, 1/3 hissəsinə İddiaçı2 və 1/3 hissəsinə İddiaçı3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan 09 dekabr 1998-ci il tarixdə verilmiş Vİİ-JQ 327330 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə X9 arasında 09 dekabr 1998-ci il tarixdə 04 nömrə ilə nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada Mirzəyeva soyadı verilmişdir. İş materiallarında olan Balakən MİM tərəfindən verilmiş arayışdan görünür ki, həqiqətən H.Əliyev prospekti 35/11 saylı mənzildə qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında çıxarışda qeyd olunan İddiaçı2 ilə X9 evni şəxsdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı1 tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Balakən rayon İcra Hakimiyyəti Başçısının Qullar kənd İnzibati Ərazi Dairəsi üzə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 958 nömrəli arayışından görünür ki, X7 həqiqətən Qullar kənd sakinidir. O, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN 267F nömrəli Şəhadətnaməsində göstərilən 0.07 ha həyətyanı torpaq sahəsi və 1989-cu ildə tikilmiş 112.3 kv.metr sahəsi olan fərdi yaşayış evini 2011-ci ildə qeyri-rəsmi şəkildə Cavabdeh satmışdır. Hazırki mülki mübahisənin həlli ilə bağlı məhkəmə qeyd edir ki, beynəlxalq normativhüquqi aktların tələbinə görə əslində istifadə hüququ mülkiyyət hüququnu məhdudlaşdıran bir hüquqdur və bunun üçün qanunda nəzərdə tutulmuş xüsusi şərtlər olmalıdır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyasının) 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya başqa rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Avropa Məhkəməsi bir sıra presedentlərində (Sporronq və Lonnrot İsveçə qarşı, Marks Belçikaya qarşı, X13 zavodları Yunanıstana qarşı, X6rşı, Slivçenko Litvaya qarşı və s.) mülkiyyət hüququna müdaxiləni aşağıdakı şərtlərlə bağlayır:1) müdaxilə qanunda nəzərdə tutulmalıdır; 2) qanuni məqsəd daşımalıdır; təxirəsalınmaz ictimai tələbatdan irəli gəlməlidir; 3) müddətli olmalıdır; 4) bu zaman fərdin hüquqları ilə təxirəsalınmaz ictimai tələbat arasında ədalətli tarazlığa riayət olunmalıdır; 5) mülkiyyətçiyə kompensasiya ödənilməlidir; 6) bu kompensasiya səmərəli, ağlabatan və vaxtında ödənilən olmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin müdafiə dairəsinə düşən mülkiyyət hüququ müstəqil mənaya malikdir və fərdin sahiblik və istifadə hüququ ilə yanaşı, müəyyən gözləntilərini, iqtisadi maraqlarını da mülkiyyət kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikasının qanunvericiliyində isə istifadə hüququ ilə mülkiyyət hüququnun statusunda,habelə istifadə hüququnun əmələ gəlməsi əsaslarında müəyyən ziddiyətlər vardır. Belə ki, qanunvercilikdə istifadə hüququ bir tərəfdən mülkiyyət hüququnu məhdulaşdıran hüquq (məsələn Mülki Məcəllənin 255-262-ci maddələrində nəzərdə tutulmuş servitut, Mülki Məcəllənin 263-268-ci maddələrində nəzərdə tutulmuş uzufrukt institutları və s.) kimi müəyyən olunsa da, bir sıra qanun normalarında istifadə hüququ, o cümlədən mənzildən (evdən) istifadə hüququna mülkiyyət hüququndan ayrıca müstəqil hüquq statusu verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2-ci imaddəsinə əsasən əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsində göstərilir ki, əmlak hüquqları (o cümlədən əmlakdan istifadə hüququ) həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsinə) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ),digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Göründüyü kimi, qanunvericilik evdən və ya mənzildən istifadə hüququna mülkiyyət hüququnu məhdudlaşdıran hüquq kimi deyil, müstəqil hüquq kimi baxır və onu mülkiyyət hüququ ilə barəbar sayır. Eynilə mənzildən (evdən) istifadə hüququnun yaranması əsasları və halları da müxtəlifdir. Belə ki, əvvəl qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən evin icarədarı öz ailə üzvlərini və onlara bərabər şəxsləri öz yaşayış sahəsinə köçürdüyü andan həmin şəxslərin həmin evdən və ya mənzildən istifadə hüququ yaranırdı. Bunun üçün digər hər hansı sənəd və ya məhkəmə qətnaməsinə lüzum görülmürdü. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2 maddələri istənilən şəxsin yaşayış sahəsinə olan istifadə hüququnun yaranmasını mülkiyyətçi ilə notarial qaydada təsdiq olunmuş müqavilənin bağlanması və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrinldə qeydə alınması ilə şərtləndirirdisə, sonradan Mülki Məcəlləyə əlavə olunmuş 228.5-ci maddədə mülkiyyətçinin onunla birlikdə yaşayan ailə üzvlərinin-ərin, arvadın, valideynlərin və uşaqların yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə hüququ, həmçinin mülkiyyətçinin ailə üzvlərinin öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarı tanınmış, digər ailə üzvlərinin (ərin, arvadın) isə köçürülməsi mülkiyyətçinin buna razılığı ilə şərtləndirilmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsində evdən istifadə hüququnun əmələ gəlməsi mülkiyyətçinin razılığı ilə şərtləndirilsə də, mülkiyyətçinini razılığının olmadığı bəzi hallarda bu hüququn reallaşdırılması təsbit olunmuşdur (Mənzil Məcəlləsinin 30.4-cü maddəsi). «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində isə şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilir ki, 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; 2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; 3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qeyd olunanlara əsasən məhkəmə, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyətində olan ünvan 4 ünvanı R.Səmədov küçəsi) yerləşən mənzildə qeydiyyatda olmasını onun həmin mənzildən istifadə hüququnun əmələ gəlməsi faktı kimi qəbul etmir. Məhkəmə onu da qeyd edir ki, əslində göstərilən şəxsin sözügedən mənzildə qeydiyyatda olması iddiaçılara həmin mənzil üzərində öz mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsi; mənzilə sahiblik, mənzildən istifadə və ona dair sərəncam verməsi üçün maneə yaratması şübhəsizdir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında yaşayış sahəsindən istfiadə hüququna mülkiyyətçinin təklif etdiyi kompensasiya əsasında xitam verilməsi institutu yaradılmışdır. Həmin qərarda Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi barədə iddianın təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı olan ilk hal, iddiaçının həmin tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmamasının müəyyənləşdirilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyündən bəhs edir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Sonradan Konstitusiya Məhkəməsinin Plenumu kompensasiya institutu barədə öz hüquqi mövqeyini daha da təkmilləşdirərək, bununla bağlı müəyyən şərt və hallar müəyyənləşdirmiş, müəyyən hallarda kompensasiya ödənilmədən də mənzildən (evdən) istifadə hüququna xitam verilməsinin mümkünlüyünü təsbit etmişdir. Belə ki, Azərbacan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» 29 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsirdən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Həmin qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu gəldiyi nəticəni həm də onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin (servituta xitam verilməsi) müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasının qarşısını alır. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxmasına baxmayaraq, məhdudiyyətin həyata keçirilməməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olur. Məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verəkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İş materiallarından görünür ki, Cavabdeh uzun müddətdir ki, iddiaçıların xüsusi mülkiyyətində olan Balakən şəhəri H.Əliyev prospekti bina 35, mənzil 11-də yaşamamışdır. O, 10 il Rusiya Federasiyasında yaşamış, sonra isə X2 aldığı Balakən rayonu Qullar kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşamışdır və hazırda da Bakı şəhərində yerləşən özünə və ailəsinə məxsus mənzildə yaşayır. Ona görə də cavabdehin iddia predmetini təşkil edən mənzilə ehtiyacları aradan qalxmışdır və həmin mənzilə onun istifadə hüquqları mövcud deyildir. Cavabdehin sözügedən evdə qeydiyyatda olmasının heç bir hüquqi əsası yoxdur və onun bu evdə qeydiyyatı formal olaraq qalmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçılara məxsus Balakən şəhəri H.Əliyev prospekti bina 35, 11 saylı mənzilə istifadə hüquqları yaranmamışdır Əks hal iddiaçının mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olardı. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normaları əsasında hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanı R.Səmədov küçəsi) istifadə hüquqlarının olmaması müəyyən edilməli, Cavabdeh ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı1 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanı R.Səmədov küçəsi) istifadə hüquqlarının olmaması müəyyən edilsin; Cavabdeh ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı1 ödənilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar