Məhkəmə qərarları › İş №e-2(019)-83/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-83/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-83/2025 24.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı ödənilmiş təhsil xərclərinin geri qaytarılması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 23.968 (iyirmi üç min doqquz yüz altmış səkkiz) AVRO və 2162, 21(iki min yüz altmış iki manat, iyirmi bir qəpik) AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli, 711 nömrəli Sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir.Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli, 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-ci illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” cərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşlarının seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir.Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur.Qaydaların 1.3-cü bəndinə əsasən,Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin vəsaitləri hesabına bu Qaydalarla məyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir.Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra - müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5ci yarımbəndinə görə, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X2 Qrupu tərəfindən idarə olunur.Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktoranturada təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı, təhsili başa çatdıqdan sonra vətəndaşla əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi ADA Universiteti, Elm və Təhsil Nazirliyi Cavabdeh arasında 15 may 2020-ci il tarixli, 03 saylı üçtərəfli müqavilə bağlanılmışdır.Elm və təhsil nazirinin xx.xx.2020-ci il tarixli, F-222 saylı əmri ilə onun adı Dövlət Proqramına daxil edilmişdir. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh 2020-ci ilin may ayından 2021-ci ilin avqust ayına kimi Lüksemburqun “University of Lüxsemburq” Universitetində doktorantura səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi.Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, o müqavilə öhdəliklərini pozmuş və təhsilini başa vurduqdan sonra yerli təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməkdən imtina etmişdir. Nazirliyin xx.xx.2024-ci il tarixli, 3-29/3-2-27 F/2024 saylı əmri ilə onun adı Proqram iştirakçılarının siyahısından çıxarılmışdır. Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 3.5.20-ci bəndinə əsasən, tədris müddəti bitdikdən sonra ən azı 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə yerli ATM-də 5 il (öhdəlik müddəti) fasiləsiz pedaqoji fəaliyyət göstərmək cavabdehin öhdəliyi kimi nəzərdə tutulmuşdur. Lakin cavabdeh bu öhdəliyini pozaraq yerli ATM-də əmək fəaliyyəti göstərməkdən imtina etmişdir. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə,Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin, cavabdeh bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdiriliməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. MM-nin 390.2-ci maddəsində qeyd edilir ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara uyğun gəlməlidir. MM-nin 399.3-maddəsində nəzərdə tutulur ki, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur.Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə rəsmi qaydada müraciət edilərək ona ödənilmiş 23.968 AVRO və 2162,21 AZN pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin, cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o ödənişdən yayınmışdır. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin iddiaçının nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərərək hava şəraitini nəzərə alaraq, prosesdə iştirakının mümkün olmayacağını göstərərək işə mahiyyəti üzrə baxıb iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. O,məhkəməyə ərizə göndərərək 24 fevral 2025-ci il tarixinə təyin edilmiş iclasın təxirə salınmasını xahiş etmişdir.Məhkəmə cavabdehin əvvəllər də dəfələrlə eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq, onun icraatı qəsdən yubandırdığı qənaətinə gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15 may 2020-ci il tarixli 03 nömrəli müqavilədən görünür ki, Azərbaycan Respublikası Təhsil X1, ADA Universiteti və “University of Luxembourg” ali təhsil müəssisəsinin doktoranturasında təhsil almaq hüququ əldə etmiş, Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında təhsil haqqı alması ilə əlaqədar müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh 2020-ci ilin may ayından 2021-ci ilin avqust ayına kimi Lüksemburqun “University of Lüxsemburq” Universitetində doktorantura səviyyəsi üzrə təhsil almağı,Nazirlik isə bu təhsili maliyyələşdirməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.5.20-ci bəndinə əsasən, cavabdeh tədris müddəti bitdikdən sonra ən azı 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə yerli ATM-də 5 il (öhdəlik müddəti) fasiləsiz pedaqoji fəaliyyət göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 6.1-ci bəndinə əsasən ,tərəflər həmin müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə , onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Müqavilənin 6.2-ci bəndinə əsasən, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdə davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X4 qrupunun rəhbəri Turan Topalovanın Cavabdeh ünvanladığı məktubda göstərilmişdir ki; Məlum olduğu kimi “2019- 2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət proqramı” (bundan sonra-Dövlət Proqramı) çərçivəsində elm və təhsil nazirinin xx.xx.2020-ci il tarixli , F-222 saylı əmri ilə Lüksemburqun “University of Luxemborug” ali təhsil müəssisəsində Sizin doktorantura təhsilinizin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Sizinlə bağlanmış üçtərəfli müqaviləyə əsasən təhsil müddətiniz 2020-ci ilin may ayından 2022-ci lin yanvar ayının 14-dək olan dövrü əhatə edir. Üçtərəfli müqavilənin 6.1-ci bəndinə əsasən ,tərəflər həmin müqavilə üzrə öhdəlikləri yerinə yetirmədikdə və ya lazımi səviyyədə yerinə yetirmədikdə , onlar Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. Müqavilənin 6.2-ci bəndinə əsasən, təhsilinizi başa vurduqdan sonra ən geci 2 (iki) ay müddətində ölkəyə qayıtmadığınız üçün Nazirlik tərəfindən Sizin təhsilinizə çəkilən xərclər 2(iki) aydın gec olmayaraq qaytarmağınız tələb olunur. Məlumat üçün bildiririk ki, təhsilin maliyyələşdirilməsi məqsədi ilə bu günə kimi Sizə aşağıda qeyd olunan ödəniş işləri həyata keçirilmişdir. -Aylıq yaşayış xərci:23958 EUR -Təhsil xərci:1427,11 AZN -Beynəlxalq nəqliyyat xərci;250.73 AZN -Tibbi Sığorta xərci;163.03 AZN -Qeydiyyat xərci:321.34 AZN Qeyd olunanları nəzərə alaraq,elm və təhsil nazirinin xx.xx.2024-cü il tarixli ,3-29/3-2- 27F/2024 nömrli əmrinə əsasən doktorantura təhsilinizin maliyyələşdirilməsi məqsədilə ödənilmiş ümumilikdə 23958 EUR (iyirmi üç min doqquz yüz əlli səkkiz) avro və 2162.21 AZN (iki min yüz altmış iki manat 21 qəpik) manat məbləği X4 Qrupunun qoşmada əlavə olunmuş avro və manat hesablarına qaytarmağınız xahiş olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Cavabdeh ünvanlanmış geri tələb etmə bildirişində göstərilmişdir ki; “məlumat üçün bildiririk ki, elm və təhsil nazirinin xx.xx.2024-cü il tarixli, 3-29/3-2- 27F/2024 nömrəli əmri ilə adınız təhsili “2019-2023 Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən doktorantlar siyahısından çıxarılmışdır. Üçtərəfli müqavilənin 6.2-ci yarımbəndinə əsasən təhsilinizin maliyyələşdirilməsi üçün “2019-2023 Dövlət Prloqramı” tərəfindən ödənilmiş xərcələr 2(iki) ay ərzində geri qaytarılmalıdır. Müvafiq məktub və bank rekvizitləri əlavədə diqqətinizə təqdim olunur”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 14 noyabr 2022-ci il tarixli 2036 nömrəli ödəniş tapşırığından görünür ki, “2019-2023 X4 Qrupu” tərəfindən "xxxx" ASC-nin Mərkəzi filialı (2019-2023 X7) 30670.00 ( otuz min altı yüz yetmiş) avro gəncələrin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün “Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alan 5 nəfərin yaşayış xərci köçürülür. Məhkəmə, işdə olan sənədlərə baxaraq hesab edir ki,iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli, 711 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli, 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-ci illər Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” cərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”na uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində doktoranturada təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı, təhsili başa çatdıqdan sonra vətəndaşla əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi ADA Universiteti və Lüksemburqun “University of Lüxsemburq” Universitetində doktorantura səviyyəsi üzrə təhsil almaq hüququ əldə etmiş Cavabdeh arasında 15 may 2020-ci il tarixli, 03 saylı üçtərəfli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən cavabdeh 2020-ci ilin may ayından 2021-ci ilin avqust ayına kimi Lüksemburqun “University of Lüxsemburq” Universitetində doktorantura səviyyəsi üzrə təhsil almağı,Nazirlik isə bu təhsili maliyyələşdirməyi öhdəsinə götürmüşdür.Cavabdeh Lüksemburqun “University of Lüxsemburq” Universitetində doktorantura səviyyəsi üzrə təhsil almış, Nazirlik isə müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməni həyata keçirtmişdir. Lakin Cavabdeh tədris müddəti bitdikdən sonra ən azı 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə yerli ATM-də 5 il (öhdəlik müddəti) fasiləsiz pedaqoji fəaliyyət göstərmək barədə müqavilə öhdəliklərini pozmuş və təhsilini başa vurduqdan sonra yerli təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməkdən imtina etmişdir. Bu səbəbdən Nazirliyin xx.xx.2024-ci il tarixli, 3-29/3-2-27 F/2024 saylı əmri ilə onun adı Proqram iştirakçılarının siyahısından çıxarılmış və ödənilmiş 23.968 avro və 2162,21 azn pul vəsaitinin geri qaytarlması ondan tələb olunmuşdur.Lakin, cavabdeh ödənişdən yayınmışdır Buna görə də iddiaçı göstərilən tələblə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 445 nömrəli Qərarı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində ……doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi QAYDALARİ 1.4-1.6-cı bəndlərinə əsasən proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi , proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə 3 əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X2 Qrupu tərəfindən idarə olunur. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi üçün vəsaitlər Nazirliyin təqdim etdiyi sifarişlər əsasında maliyyələşdirən qurum tərəfindən xarici valyuta ilə və ya sifarişin rəsmiləşdirildiyi tarixə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun Azərbaycan manatı ilə İdarəetmə Qrupunun xəzinə hesabına köçürülür. Qaydaların 2-ci bəndinə əsasən proqram iştirakçılarının xərcləri 2.1. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi proqram iştirakçılarının aşağıdakı xərclərini əhatə edir: 2.1.1. təhsil xərcləri; 2.1.2. viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri; 2.1.3. aylıq yaşayış xərcləri; 2.1.4. tibbi sığorta xərcləri; 2.1.5. beynəlxalq nəqliyyat xərcləri. 2.2. Proqram iştirakçılarının ailə üzvlərinin və digər qohumlarının xərclərinin maliyyələşdirilməsi həyata keçirilmir. 2.3. Təhsil xərclərinə təhsil haqqı, xarici ali təhsil müəssisəsində qeydiyyat haqqı və proqram iştirakçısının təhsili ilə bağlı ödənilməsi xarici ali təhsil müəssisəsi tərəfindən tələb olunan xərclər aiddir. 2.4. Viza və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyat xərclərinə həmin ölkəyə vizanın rəsmiləşdirilməsinə görə tutulan rüsum, vizanın rəsmiləşdirilməsi ilə bağlı tibbi müayinə xərcləri və proqram iştirakçısının təhsil aldığı ölkədə qeydiyyata alınması üçün tutulan haqq aiddir. 2.5. Aylıq yaşayış xərclərinə bu Qaydaların 2.1.1-ci, 2.1.2-ci, 2.1.4-cü və 2.1.5-ci yarımbəndlərində göstərilən xərclər istisna olmaqla, proqram iştirakçısının yataqxana və ya mənzil kirayəsi, qidalanma və digər xərcləri aiddir. Proqram iştirakçısının aylıq yaşayış və tədris materialları ilə təminat xərclərinin məbləği və valyutası bu Qaydaların əlavəsinə uyğun olaraq müəyyən edilir. 2.6. Tibbi sığorta xərclərinə proqram iştirakçısının təhsil aldığı ölkədə təhsil müddətindən artıq olmayan müddətə tibbi sığortası üçün ödənilən sığorta haqqı aiddir. 4 2.7. Beynəlxalq nəqliyyat xərclərinə proqram iştirakçısının hər tədris ili üçün bir dəfə təhsil aldığı ölkəyə gedişi və Azərbaycan Respublikasına gəlişi üçün təyyarə (“ekonom-sinif” üzrə bir baqaj ödənilməklə) və ya beynəlxalq reyslər üzrə digər ictimai nəqliyyat vasitəsi biletinin qiyməti aiddir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından göründüyü kimi Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi və ADA Universiteti ilə 15 may 2020-ci il tarixli, 03 saylı üçtərəfli müqavilə bağlayaraq 2020-ci ilin may ayından 2021-ci ilin avqust ayına kimi Lüksemburqun “University of Lüxsemburq” Universitetində doktorantura səviyyəsi üzrə təhsil almağı,tədris müddəti bitdikdən sonra ən azı 2 ay ərzində Azərbaycan Respublikasına qayıtmaq, qayıtdıqdan sonra 10 təqvim günü müddətində Nazirliyə və yerli ATM-ə məlumat vermək və bağlanmış əmək müqaviləsinə əsasən aldığı ixtisas üzrə yerli ATM-də 5 il (öhdəlik müddəti) fasiləsiz pedaqoji fəaliyyət göstərmək barədə öhdəlik götürmüş,lakin öhdəliyə əməl etməyərək təhsilini başa vurduqdan sonra yerli təhsil müəssisəsində pedaqoji fəaliyyət göstərməkdən imtina etmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi onun təhsili üçün ödədiyi 23.968 avro və 2162,21AZN pul vəsaitinin geri qaytarlmasını ondan tələb edir,cavabdeh isə həmin vəsaiti qaytarmır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin olunduğundan və iddiaçı hazırki iddia ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh 225,40 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə-büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumü ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək,işin hallarını,qanunvericiliyin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 23.968 ( iyirmi üç min doqquz yüz altmış səkkiz) avro və 2162,21 (iki min yüz altmış iki manat iyirmi bir qəpik) AZN alınıb Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xeyrinə verilməlidir. Cavabdeh 225,40 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh 23.968 ( iyirmi üç min doqquz yüz altmış səkkiz avro və 2162,21 (iki min yüz altmış iki manat iyirmi bir qəpik) AZN tutularaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hesabına ödənilsin; Cavabdeh 225,40 manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar