Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-906/2025 25.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, Ərizəçi nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə1 və maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsinə və əlavə olunmuş sənədlərə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ərizənin təmin edilməsi, onun oğlu Maraqlı şəxs2 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Hənifə kəndində yaşayır. Oğlu Maraqlı şəxs2 23 avqust 1984-cü ildə doğulmuşdur. Maraqlı şəxs2 əvvəllər X4 mühasib vəzifəsində işləmişdir. Sonralar Aydın vəhhabi təriqətinə etiqad etməyə başlamışdır. 2014-cü ildə onun oğlu Maraqlı şəxs2 arvadı X2 ilə birlikdə müalicə olunmaq adı ilə Bakı şəhərinə, oradan isə heç kimə xəbər vermədən Türkiyə Respublikasının İstanbul şəhərinə getmişlər. Bundan 3-4 ay sonra “whatsapp” ani mesajlaşma xidməti vasitəsilə Suriya Ərəb Respublikasında olmalarına dair mesaj göndərmişlər. Daha sonra isə Maraqlı şəxs2 orada öldürüldüyü xəbərini almışdır. Qeyd olunmalıdır ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(001)-14506/2017 saylı qətnaməsi ilə onun oğlu Maraqlı şəxs2 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Qətnamədən görünür ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 23 avqust 1984-cü il tarixdə Balakən rayonunun Hənifə kənd sakini, Azərbaycan Respublikasının vətəndaşı Maraqlı şəxs2 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətdə iştirak etməsi məlum olmuş, odur ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən toplanmış materiallar şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraat aparılması üçün 11 sentyabr 2017-ci il tarixli 23/5-3762 nömrəli məktubla Dövlət Miqrasiya Xidmətinə göndərilmişdir. Qətnamədə həmçinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən toplanmış materiala əlavə edilmiş arayışda Azərbaycan Respublikası vətəndaşlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrdə iştirakları barədə 09 sentyabr 2017-ci il tarixli 5/2/12138 nömrəli arayışdan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 43 nəfər Azərbaycan Respublikası vətəndaşının, o cümlədən Maraqlı şəxs2 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikası və İraq Respublikasına gedərək həmin ölkələrin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış "İŞİD" (hazırkı adı "İD") və Cəbhət ən-Nusra" adlı cinayətkar birliklərin (terror təşkilatlarının) təkibinə daxil olub həmin ölkələrin ərazisində aparılan silahlı münaqişələrdə və terror fəaliyyətlərində iştirak etmələrinin müəyyən edilməsi barədə qeydlər olduğu göstərilmişdir. O, oğlu Maraqlı şəxs2 barəsində rəsmi məlumat olmadığından ona məxsus olan əmlakı idarə edə bilmir. Maraqlı şəxs2 ölmüş elan edilməsi faktının müəyyən edilməsi onun üçün əhəmiyyətli olduğundan o, göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Balakən rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(019)- 778/2025 iş nömrəli qərardadında qeyd edilmişdir ki, ona oğlunun ölmüş elan edilməsinin onun əmlakının idarə edilməsi üçün lazım olduğu bildirilsə də oğlunun mülkiyyətində əmlak olmasını təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış və iddiaçıya ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Balakən RPŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13-66/2- 13015/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Balakən rayon polis şöbəsinə xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs2 naməlum şəraitdə xəbərsiz itkin düşməsi barədə heç bir müraciət və ya məlumat daxil olmamış və onun barəsində xəbərsiz itkin düşmüş şəxs qismində axtarış işi açılmamışdır.Maraqlı şəxs2 hazırda faktiki yaşadığı ünvan və ya onun sağ olub-olmaması barədə Balakən RPŞ-də heç bir məlumat yoxdur. Ərizəyə əlavə olunan JN-226A, KOD 40102018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və JN-0675, 40102018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında mülkiyyətçilər siyahısında Maraqlı şəxs2 da adı vardır. Göründüyü kimi 10 ildən artıq müddətdir ki, ərizəçinin oğlunun harada olması barədə məlumat yoxdur və belə olan halda hesab edirik ki, onun oğlu yalnız məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizədə qeyd olunanları təsdiq edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi izahatında bildirmişdir ki, Ərizəçi ərizə ilə şöbəyə müraciət etmiş, oğlu Maraqlı şəxs2 şöbədə ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin təqdim edilməsi mümkün olmamışdır. Odur ki, 2014-cü ildə itkin düşmüş oğlu Maraqlı şəxs2 ölmüş elan edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ərizənin təmin olunmasına etiraz etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: JN-226A Kod 40102018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə Balakən rayonu Hənifə kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.15 ha torpaq sahəsi Ərizəçi, X5, X3 və Maraqlı şəxs2 mülkiyyətinə verilmişdir. JN 0675 Kod 40102018 saylı Torpağa Mülkiyyət Hüququna X10 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci tarixli qərarı ilə Balakən rayonu Hənifə kəndində 1.24 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi Ərizəçi, X5, X3 və Maraqlı şəxs2 ümumi birgə mülkiyyətinə torpaq sahəsi verilmişdir. Balakən Rayon Polis Şöbəsinin 25 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Balakən Rayon Polis Şöbəsinə xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs2 naməlum şəraitdə xəbərsiz itkin düşməsi barədə heç bir müraciət və ya məlumat daxil olmamış və onun barəsində xəbərsiz itkin düşmüş şəxs qismində axtarış işi açılmamışdır. Maraqlı şəxs2 hazırda faktiki yaşadığı ünvan və ya onun sağ olub-olmaması barədə Balakən Rayon Polis Şöbəsində heç bir məlumat yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(001)- 14506/2017 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, Maraqlı şəxs2 (doğulduğu tarix-23 avqust 1984-ci il, doğulduğu yer-Ukrayna Respublikası, Yalta şəhəri, şəxsiyyəti təsdiq edən sənədin PİN nömrəsi - xxxxxxx seriya və nömrəsi AZE 1889706) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Balakən rayon İHB-nın Hənifə kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin 30 may 2025-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxs2 həqiqətən Hənifə kənd sakinidir, yaxınlarının dediyinə görə 2014-cü ildə Suriya Ərəb Respublikasına getmiş, həmin vaxtdan sonra son yaşayış yeri olan Hənifə kəndi ərazisində görülməmişdir. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs2 münasibətdə vərəsəlik işinin açılması, o cümlədən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən ilk növbədə miras açılmalı, yəni həmin şəxsin ölüm haqqında şəhadətnaməsini və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi barədə qətnamə təqdim edilməlidir. 01 iyun 2025-ci il tarixli Balakən regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin arayışından görünür ki, xx.xx.1984-cü ildə Yalta şəhərində anadan olmuş Maraqlı şəxs2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İİİ-АП seriyalı 260917 saylı doğum haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs2 xx.xx.1984-cü il tarixdə anadan olmuş, atası X6, anası Ərizəçi Maqamed qızıdır. Balakən rayon İHB-nın Hənifə kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən 190 nömrəli xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Aqrar İslahat Komissiyasının 2001-ci il tarixli qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq ad (soyadı, atasının adı) X8 qeyd olunmuşdur. Odur ki, AZE0******* nömrəli şəxsiyyət vəsiqəsində (ölüm şəhadətnaməsində) qeyd olunan Maraqlı şəxs2 şəxs ilə adlı siyahıda qeyd olunan X12 eyni şəxsdir (özüdür). Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 05 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il Maraqlı şəxs2 barəsində ən son xx.xx.2014-cü il tarixində ölkə ərazisindən çıxışı qeydə alınmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 27 avqust 2025-ci il tarixli məktubundan görünür ki, 23 avqust 1984-cü ildə Ukraynada anadan olmuş Maraqlı şəxs2 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremist fəaliyyətlə məşğul olduğu üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 5 oktyabr 2017-ci il tarixli 2(001)-14506/2017 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası vətəndaşlığını itirmişdir. Maraqlı şəxs2 hər hansı bir dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin 25 avqust 2025-ci il tarixli məktubundan görünür ki, “X1 Sistemi” vasitəsilə aparılmış araşdırma zamanı xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs2 inzibati məsuliyyətə cəlb olunması qeydə alınmamışdır. Balakən Rayon Polis Şöbəsinin 23 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs2 əvvəllər məhkum olunmamış, barəsində cinayət təqibi başlanılmamışdır, son yaşayış yeri Balakən rayonu, Hənifə kəndi olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 25 noyabr 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Maraqlı şəxs2 terrorçu qruplaşmaların tərkibinə qoşulmaq üçün xx.xx.2014-cü il tarixdə ölkə ərazisini Türkiyə Respublikası istiqamətində tərk etməsi, oradan qeyri-qanuni yollarla Suriya Ərəb Respublikasına getməsinə dair əməliyyat məlumatları mövcuddur. X14 Respublikasında gedən hərbi əməliyyatlar zamanı öldürülməsinə dair hər hansı rəsmi məlumat daxil olmamışdır. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4-ci maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır; 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 314.1-ci maddəsinə əsasən hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. 315.2-ci maddəsinə əsasən şəxsin ölmüş elan edilməsinə dair məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ölümün qeydə alınması üçün əsasdır. 316-cı maddəsinə əsasən xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin və şəxsin ölümü haqqında vətəndaşlıq vəziyyəti akt qeydinin ləğvi üçün əsasdır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi oğlu Maraqlı şəxs2 xx.xx.2014-cü ildə ölkəni tərk etmiş, Suriya Ərəb Respublikasına getmiş, həmin vaxtdan sonra yaşayış yerində görülməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2017-ci il tarixli 2(001)-14506/2017 saylı qətnaməsinə əsasən Maraqlı şəxs2 Azərbaycan Respublikasının vətəndaşlığını itirilmiş hesab edilmişdir. Qətnamədə həmçinin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 43 nəfər Azərbaycan Respublikası vətəndaşının, o cümlədən Maraqlı şəxs2 2012-2015-ci illər ərzində qeyri-qanuni yollarla Suriya Ərəb Respublikası və İraq Respublikasına gedərək həmin ölkələrin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış "İŞİD" (hazırkı adı "İD") və Cəbhət ən-Nusra" adlı cinayətkar birliklərin (terror təşkilatlarının) təkibinə daxil olub həmin ölkələrin ərazisində aparılan silahlı münaqişələrdə və terror fəaliyyətlərində iştirak etmələrinin müəyyən edilməsi barədə qeydlər olduğu göstərilmişdir. Ərizəçi oğlu Maraqlı şəxs2 barəsində rəsmi məlumat olmadığından ona məxsus olan əmlakı idarə edə bilmir. Məhkəmə tərəfindən Balakən Rayon Polis Şöbəsinə, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinə, Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinə, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə, Balakən RİHB-nın Hənifə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə sorğu verilmiş, lakin Maraqlı şəxs2 barəsində 2014-cü il tarixdən sonra harada olması barədə məlumat əldə edilməmişdir. Göründüyü kimi onun yaşayış yerində 2014-cü il tarixdən harada olması barədə məlumat yoxdur. Hazırda ondan on bir ildən artıq müddətdə heç bir məlumat olmadığından və şəxsin ölmüş elan edilməsi yalnız məhkəmə qaydasında mümkün olduğundan ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1984-cü il tarixdə anadan olan, Balakən rayonu Hənifə kəndində yaşamış Maraqlı şəxs2 ölmüş elan edilməlidir. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün Maraqlı şəxs2 ölüm günü hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1984-cü il tarixdə anadan olan, Balakən rayonu Hənifə kəndində yaşamış Maraqlı şəxs2 ölmüş elan edilsin. Hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gün Maraqlı şəxs2 ölüm günü hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-906/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-906/2025
25.11.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver