Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-918/2025 16.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızı İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında olan əmək münasibətlərinin mümkünsüzlüyünü nəzərə alaraq əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi və bununla bağlı məlumatları “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququnu iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Xidmətinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-cı hissəsinin 1-ci cümləsinə əsasən Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Lakin hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçı ərizədə cavabdehin öldüyünə görə əmək müqaviləsinin ləğv edilməsinin mümkün olmadığını qeyd etmişdir, lakin iddia ərizəsindən görünür ki, cavabdeh hüquqi şəxsdir. Həmçinin iddiaçı ərizədə cavabdehin faktiki fəaliyyətinin olmadığını qeyd etsə də bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd olunanları, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, İddiaçı ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə şikayət verilə bilər. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-918/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-918/2025
16.07.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver