Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-1369/2025 15.07.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3073,85 manat borc və ödənilmiş 50,75 manat rüsum olmaqla, cəmi 3124,60 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin Qeyd hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 20-ci bəndində göstərilir ki, məhkəmə aidiyyətinin müəyyənləşdirilməsində tərəflərin subyekt tərkibi ilə bağlı meyarın qiymətləndirilməsi baxımından məhkəmələr nəzərə almalıdır ki, mübahisənin xarakteri ilə bağlı müəyyən halların (bu Qərarın 13-cü bəndi) mövcudluğu şərti ilə kommersiya məhkəmələrinin baxış predmetini təşkil edən işlər üzrə tərəflər qismində mülki hüquqi mübahisənin bütün mümkün subyektləri (hüquqi şəxslər, fərdi sahibkarlar, dövlət orqanları, bələdiyyələr, fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslər) iştirak edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır; 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır; 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən, eyni zamanda “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs olmaqla yanaşı, Cavabdeh da xx.xx.2022-ci il tarixdə verilmiş ********** №-li VÖEN əsasında fəaliyyət göstərən, fəaliyyətinin əsas istiqaməti “pambığın becərilməsi” fəaliyyətidir. Cavabdeh kənd təsərrüfatı məhsulu olan pambıq istehsalı xərclərinin maliyyələşdirilməsi məqsədilə "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli sahibkarlıq subyektinin maliyyələşdirilməsinə dair 142 №-li kredit xətti (Limiti) müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.6-cı bəndinə əsasən, bu müqavilə üzrə kredit xətti (limiti) hər il cari ilin əvvəlində Borcalanla İddiaçı MMC (bundan sonra “MKT”) arasında bağlanmış Müqaviləyə əsasən MKT tərəfindən tərtib edilmiş kredit tələbi cədvəlinə uyğun olaraq müəyyən edilən, lakin hər bir halda 100.000 (yüz min) manatdan çox olmayan məbləğdə verilə bilər. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli 01/23 №-li “Əməkdaşlıq və Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən isə, bu müqaviləyə görə İddiaçı MMC pambığın əkilməsi və becərilməsi üçün hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağladığı Müqavilələr üzrə həmin şəxslərin kreditləşdirilməsi məqsədilə Banka sifarişçilərin adları və kredit məbləği əks olunan kredit sifarişi cədvəlini təqdim edir, Bank isə həmin siyahı üzrə borcalanlara kredit xətti açır. Borcalan bu müqavilənin 1.3-cü bəndində göstərilən Kredit xətti (limiti) müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və yaz lazımınca icra etmədikdə, Zamin Bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, Zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda həmin müqavilə üzrə Borcalan öhdəliklərini icra etmədiyi və ya lazımınca icra etmədiyi təqdirdə Zamin Bankın ilkin yazılı tələbi ilə kredit məbləğini, ona hesablanmış faiz və dəbbə pulu(cərimə) ilə birlikdə, dərhal Banka ödənilməsini öz üzərinə götürür. Göründüyü kimi, hal-hazırki mübahisə də məhz tərəflərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisədir. Belə olan halda da bu növ mübahisələrə də kommersiya məhkəmələri tərəfindən baxıldığından hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, o, hazırki tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilər. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından həmin ərizənin verilməsi üçün iddiaçı tərəfindən 07 iyul 2025-ci il tarixdə, **********38 nömrəli qəbzlə Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş 50,75 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 31, 152, 263- 264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, hazırki iddia tələbi ilə Şirvan Kommersiya Məhkəməsinə müraciət edə bilər. İddiaçı tərəfindən 07 iyul 2025-ci il tarixdə, **********38 nömrəli qəbzlə Beyləqan Rayon Məhkəməsinin hesabına ödənilmiş 50,75 (əlli manat 75 qəpik) manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-1369/2025
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-1369/2025
15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver