Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan rayon İş № e-2(020)-1426/2024 23.08.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Cabbarlı Xatın Mahir qızı, İddiaçı cavabdehlər «Hikmət-Ziya» Kredit İttifaqı «MMC-yə və «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 may 2015-сi il tarixli 2015-0514-01/01 saylı ipoteka müqaviləsinə əsasən ipoteka saxlayan «Hikmət-Ziya Kredit İttifaqı” «MMCnin xeyrinə Beyləqan şəhəri, R.Behbudov küçəsində 23 nömrəli ünvanda 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 77.2 kv.metr yaşayış, 30,6 kv.metr köməkçi sahədən ibarət yaşayış sahəsi üzərində ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edildiyinə görə geri qaytarılmalıdır. Belə ki, iddiaçı "xxxx" MMC (ünvan Füzuli rayonu, Horadiz şəhəri) ilə yanaşı «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 6 saylı Beyləqan Ərazi İdarəsini cavabdeh qismində qeyd etmiş olsa da, iddia ərizəsinin məzmununda nə də məhkəmədən etdiyi xahişində həmin cavabdehə qarşı hər hansı tələb irəli sürməmişdir. Təsadüfü deyildir ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı hər bir cavabdehə qarşı öz tələblərini və tələblərinin əsası kimi istinad etdiyi fakt və halları konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Eyni zamanda onu da qeyd edirəm ki, «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 6 saylı Beyləqan Ərazi İdarəsi inzibati orqan olduğundan ona qarşı iddialar ümumi məhkəmələrdə deyil, inzibati məhkəmələrdə baxıla bilər. İddiaçının hal-hazırki tələbi ilə əlaqədar isə həmin inzibati orqan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, qərardadda qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada cavabdehin ünvanı üzrə müvafiq məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1. və 114.1.3-cü maddələrə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından, iddiaçı tərəfindən Beyləqan Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixli ********** №-li qəbz əsasında ödənilmiş 100,60 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər «Hikmət-Ziya» Kredit İttifaqı «MMC-yə və «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X1 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadda qeyd edilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada cavabdehin ünvanı üzrə müvafiq məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına ödənilmiş 100,60 (yüz manat 60 qəpik) manat (xx.xx.2024-cü il tarixli ********** №-li qəbz) məbləğində dövlət rüsumu özünə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Beyləqan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Xatın Cabbarlı
Məhkəmə qərarları › İş №e-2(020)-1426/2024
Beyləqan Rayon Məhkəməsi Qərardad — İş №e-2(020)-1426/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver