Məhkəmə qərarları › İş №e-2(020)-188/2025

Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-188/2025

24.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-188/2025 24.01.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh-Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Mehman oğlundan 9996.06 (doqquz min doqquz yüz doxsan altı manat altı qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69.97 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh Mehman oğlu 27 dekabr 2021-ci il tarixindən "xxxx" MMCdə satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-xx.xx.2024-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 9996.06 (doqquz min doqquz yüz doxsan altı manat altı qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh "xxxx" MMC-yə vurduğu 9996.06 manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət edilmişdir. Lakin cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Cavabdehə iki dəfə teleqrama göndərilmişdi ki, təhvil-təslim ediləcək gəlsin iştirak etsin. Cavabdehg isə təhvil təslimdə iştirak etməmişdir. Ona görə də Cavabdeh Mehman oğlundan 9996.06 (doqquz min doqquz yüz doxsan altı manat altı qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 69.97 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qismən qəbul etdi və göstərdi ki, 27 dekabr 2021-ci il tarixindən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. o, ərazini təhvil-təslim etməmişdir. Bu barədə ona teleqrama göndərilməmişdir. Pulları kassaya keçirmiş, ancaq pulu itirmişdir. Bu barədə dərhal "xxxx" MMC-nin rəhbərinə bildirmişdir. O, rəhbərliyə işləyib həmin pulu qaytaracağını təklif etmişdir. Buna baxmayaraq onu xx.xx.2024-cü ildə işdən azad etmişlər. Əmək kitabçasını isə 2024-cü ilin iyul ayında almışdır. O, işdən çıxandan 9 ay sonra ona mənimsəmə etdiyini bildirmişlər. Onun hazırda iddiaçı təşkilata 7903 manat borcu vardır. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Avrora” MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramadan görünür ki, İddiaçı MMC Cavabdeh onun dislokasiyasında olan ərazidə təhviltəslimin həyata keçiriləcəyi, xx.xx.2024-cü il tarixdə “Avrora" MMC-nin Beyləqan ofisinə gəlməsini zəruriliyi, əks təqdirdə təhvil-təslimin onun iştirakı olmadan keçirilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Avrora” MMC-nin Bərdə filialının filial müdiri X1, "xxxx" MMC-nin Bərdə filialının bölgə müdiri X2 İddiaçı MMC-nin region üzrə satış auditoru X4 həqiqətən də Kommersiya direktorluğunun satış nümayəndəsi vəzifəsində çalışan Cavabdeh Mehman oğlu öz vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi ehtiyatsızlıq və səhlənkarlıq nəticəsində İddiaçı MMC-yə 9996.06 (doqquz min doqquz yüz doxsan altı manat altı qəpik) manat məbləğində maddi ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş Avrora” MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli borcun ödənilməsinə dair xəbərdarlıqdan görünür ki, İddiaçı MMC Cavabdeh aralarında bağlanmış xx.xx.2021 - ci il tarixli Əmək müqaviləsinin 5-ci bəndinə əsasən, şirkətə vurduğu ziyana görə maddi məsuliyyət daşıması onunla İddiaçı MMC arasında bağlanmış “tam maddi məsuliyyət daşınması haqqında” müqavilədə də nəzərdə tutulması, “Avrora" MMC-də işlədiyi dövr ərzində şirkətə 9996,06 (doqquz min doqquz yüz doxsan altı 06 qəpik) manat ziyan vurması qeyd eidlmişdir. Həmçinin ona şirkətə vurduğu ziyan məbləğinin qısa müddət ərzində ödəməyinin zəriri olduğu, əks təqdirdə, borcun ondan məcburi qaydada alınması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun olaraq, lazımi hüquqi müdafiə vasitələrindən istifadə edəcəklərini, belə olan halda, hüquqi müdafiə vasitələrindən istifadə edilməsi zamanı çəkiləcək xərc, itirilmiş gəlir və sair əlavə xərclərin də ondan tələb ediləcəyi və 5 iş günü ərzində borcun ödənilməsini təmin etməsi qeyd edilmişdir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, işə hüquqi və obyektiv qiymək verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 9996.06 (doqquz min doqquz yüz doxsan altı manat altı qəpik) manat manat məbləğində pul vəsaiti alınıb "xxxx" MMC-yə ödənilməlidir. Belə ki, məhkəmədə müəyyən edildi ki, Cavabdeh Mehman oğlu 27 dekabr 2021-ci il tarixindən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2024-xx.xx.2024-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 9996.06 (doqquz min doqquz yüz doxsan altı manat altı qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh "xxxx" MMC-yə vurduğu 9996.06 manat məbləğində zərəri ödəməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsinin a) bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; həmin Məcəllənin 445.2.2-ci maddəsinə görə icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi Həmin Məcəllənin 445.2-ci maddəsinə görə borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Adı çəkilən Məcəllənin 217.4-cü maddasinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iddiaçının iddia tələbi kifayət qədər sübuta yetdiyindən və cavabdehin özü tərəfinədən də iddia tələbi qismən etiraf edildiyindən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməsi qanuna və məqsədə müvafiqdir. "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən, "Mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl nıediasiı/a prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir". “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə görə "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 212-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9996.06 (doqquz min doqquz yüz doxsan altı manat altı qəpik) manat pul, mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat və dövlət rüsumunun əvəzi olaraq 69.97 (altmış doqquz manat doxsan yeddi qəpik) manat alınıb "xxxx" MMC-yə ödənilsin. Qətnamədən tərəflərə onun surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərizində apelyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar