Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № e-2(020)-52/2024 08.01.2024 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Ramiz Vəliş oğlu Nurulayevin sədrliyi, Nümayəndə Alı oğlunun katibliyi ilə, İddiaçı «İdeal Motors” MMC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəmədə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 27 mart 2023-cü il tarixli K-496-A-PCC-23 saylı avtomobilin müddətli satışı üzrə müqaviləsinə xitam verilməsi və JAC T8 minik markalı **-AG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini və ödənilmiş 101 (yüz bir) manat dövlət rüsümunun əvəzini Cavabdeh alınaraq İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin iddia ərizəsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 27 mart 2023-ci il tarixli K-496-A-PCC-23 saylı avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçındən JAC T8 minik markalı **-AG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi şassi LJ11PABD7NCO22231 satın almışdır. Tərəflər arasında olan razılaşmaya əsasən nəqliyyat vasitəsinin satış dəyəri 51,805 (əlli bir min səkkiz yüz beş) manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdən cavabdeh ilkin olaraq 10,005(on min beş) manat pulu ödəmişdir. Cavabdeh qalan 41800 (qırx bir min səkkiz yüz ) manat məbləğində pulu hissə-hissə olmaqla 36 (otuz altı) ay müddətinə ayda 1,161 (min yüz altmış bir) manat ödənilməsi haqqında razılıq əldə edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini əvvəllər vaxtında icra etsə də xx.xx.2023-ci il tarixdə sonuncu dəfə 2000 (iki min) manat ödəniş etmişdir. Lakin cavabdeh əslində onlara 5 704 (beş min yeddi yüz dörd) manat pul ödəməli idi bununda səbəbi ödənişin gecikməsidir. Görüdüyü kimi borclunun ödənişinin lazımi qaydada olmaması onları məhkəməyə müraciət etmək məcburiyyətində qoymuşdur. Dəfələrlə cavabdehlə həm telefonla eyni zamanda şifahi müraciətlə əlaqə yaradılaraq ya müqavilə üzrə öhdəliklərini icra etməsi ya da avtomobili qaytarması tələb edilsə də cavabdeh nə öhdəliklərini icra etməmiş nə də avtomobili cəmiyyətə geri qaytarmamışdır. Bununla da cavabdehİddiaçı MMC-nin hüquqlarını kobud surətdə pozmuş və MMC məcbur qalaraq hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış 27 mart 2023-cü il tarixli K-496-A -PCC-23 saylı avtomobilin müddətli satışı üzrə müqavilənin 3.2.4- cü maddəsinə əsasən alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. Odur ki, 27 mart 2023-cü il tarixli K-496-A-PCC-23 saylı avtomobilin müddətli satışı üzrə müqaviləsinə xitam verilməsi və JAC T8 minik markalı **-AG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini və ödənilmiş 101 (yüz bir) manat dövlət rüsümunun əvəzini Cavabdeh alınaraq İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «İdeal Motors” MMC-nin nümayəndəsi məhkəməyə ərizə göndərərək, bütün məhkəmə iclaslarında işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq təyin olunmuş məhkəmə iclaslarına gəlməmişdir, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlmədiyindən məhkəmə onun iştirakı olmadan işə bağmağı mümkün hesab edir. Həmçinin məhkəmə iddiaçının nümayəndəsinin işə onun iştirakı olmadan baxılmasına dair ərizəsini nəzərə alıb iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, 27 mart 2023-cü il tarixli K-496-A-PCC-23 saylı müqavilələrdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrə əsasən cavabdeh JAC T8 minik markalı **-AG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini almışdır. İşdə olan tərəflər arasında bağlanmış 27 mart 2023-cü il tarixli K-496-A -PCC-23 saylı avtomobilin müddətli satışı üzrə müqavilənin 3.2.4-cü maddəsinə əsasən alıcı müqavilənin 2.2-ci bəndi ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MMC müqavilənin icrasından birtərəfli qaydada imtina edə, nəqliyyat vasitəsini geri götürə və ödənilmiş məbləği geri qaytarmaya bilər. İşdə olan şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, cavabdeh Hüseynov X1 şəhəri M.Əzizbəyov küçəsi ev 82A -da qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü nəzərdə tutursa öhdəlik həmin gün icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Bu Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə onun icra edilməməsi, borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449, 450 və 462-ci maddələrinə müvafiq olaraq pul öhdəliyinin icra edilməməsinə görə borclu kredit müqaviləsi üzrə borcun, onun faizlərinin və dəbbə pulunun əvəzini ödəməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09 iyul 2009-cu il tarixli qərarında belə bir hüquqi mövqe müəyyən edilmişdir ki, kredit borcunun qaytarılmaması kimi işlərə baxılarkən borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərinin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə hesab edir ki, Cavabdeh JAC T8 minik markalı **-AG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi alınaraq İddiaçınə verilməlidir. Digər tərəfdən məhkəmə hesab edir ki, iddianın kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair hissəsi təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarının 1-ci bəndinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 423.1-ci maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İş materiallarından görünür ki, Bank tərəfindən cavabdehə müqavilə şərtlərinin pozulması ilə bağlı 28 fevral 2023-cü il tarixdə xəbərdarlıq (protenziya) göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh JAC T8 minik markalı **-AG-*** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsi və ödənilmiş 101 (yüz bir) manat dövlət rüsümunun əvəzi alınaraq İddiaçınə verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) Beyləqan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №e-2(020)-52/2024
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №e-2(020)-52/2024
08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver