Məhkəmə qərarları › İş №e-2(021)-1499/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-1499/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-1499/2023 23.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 2021-ci il 06 may tarixli operativ lizinq müqaviləsinə əsasən 2550 manat borcun və 70 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-ilə Cavabdeh arasında bağlanmışdır 2021-ci il 06 may tarixli 03/01699 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd CLAAS Dominator-130 markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 03/01699 nömrəli müqaviləyə əsasən 2550 manat öhdəlikdən heç bir ödəniş edilməmiş 2550 manat borcu qalmışdır. Cavabdeh 03/01699 oğlunun Cəmiyyətdə halhazırda 2550 manat borcu vardır. Lakin, cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də cavabdeh bu günə kimi müxətlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Cavabdeh öhdəliyi baxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. İddiaçı X2 nümayəndəsi məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılmaqla iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06 may 2022-ci il tarixli, 03/01699 nömrəli operativ lizinq müqaviləsindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 1 ədəd CLASS Dominator-130 markalı taxıl yığan kombayn istifadəsinə verilmişdir. İş materiallarında olan maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh 06 may 2022-ci il tarixli, 03/01699 nömrəli operativ lizinq müqaviləsi üzrə İddiaçı ASC-nə 2550 manat borcu yaranmışdır. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh banka olan borcunu tam ödəməsi, borc məbləğinin könüllü şəkildə ödənilmədiyi təqdirdə iddiaçı tərəfindən borc məbləğinin borcludan məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxxxx 1951-ci ildə Bərdə rayonu Zümürxan kəndində doğulmuşdur, Bərdə rayonu, Zümürxan kəndində qeydiyyatdadır. İş materiallarında olan AKT-2 03/01699 saylı, 16 avqust 2022-ci il tarixli texniki vəziyyət haqqında aktın surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən lizinqə götürülmüş CLASS Dominator-130 markalı kombayının texniki vəziyyəti aktlaşdırılmışdır. İş materiallarında olan AKT-1 03/01699 saylı, 06 may 2021-ci il tarixli texniki vəziyyət haqqında aktın surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən lizinqə götürülmüş CLASS Dominator-130 markalı kombayının ona təhvil verilərkən texniki vəziyyəti aktlaşdırılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş İltizamda göstərilmişdir ki, texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərci tam çəkildə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 45.50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə sənədləri araşdıraraq müəyyən etdi ki, Cavabdeh 06 may 2022ci il tarixli, 03/01699 nömrəli operativ lizinq müqaviləsinə əsasən ona verilmiş 2550 manat borcu yaranmışdır. Cavabdehə dəfələrlə borcunu ödəməsi üçün yazılı və şifahi məlumat verilsə də, o, borcunu ödəməkdən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, Cavabdeh 06 may 2022-ci il tarixli, 03/01699 nömrəli operativ lizinq müqaviləsi üzrə 2550 manat borcu yaranması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə vəxidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, tərəflər arasında bağlanılmış lizinq müqaviləsi üzrə cavabdehdən 2550 manat borc alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 45.50 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 2550 (iki min beş yüz əlli) manat lizinq borcu və ödənilmiş 45.50 manat dövlət rüsumu tutulаrаq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar