Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-150/2024 20.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi və texnikanın saz vəziyyətdə geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi və texnikanın saz vəziyyətdə geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci il 24 iyun tarixli 05/608 nömrəli müvəqqəti lizinq müqaviləsinə əsasən 7872,00 (yeddi min səkkiz yüz yetmiş iki) manat əldən çıxmış faydanın, 98,72 (doxsan səkkiz manat, yetmiş iki qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi və qanunsuz istifadədə olan 1 ədəd Belarus MTZ-89.2 markalı traktorun saz vəziyyətdə geri alınaraq İddiaçı ASC-yə qaytarılmasına dair qanuni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (əvvəlki “Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti) ilə Cavabdeh arasında bağlanmış 2017-ci il 24 iyun tarixli 05/608 nömrəli qısa müddətli lizinq müqaviləsinə əsasən 1 ədəd Belarus MTZ-89.2 markalı traktor ona istifadəyə verilmişdir. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Belə ki, müvəqqəti lizinq müqaviləsinin müddətinin bitməsinə baxmayaraq, texnika Cəmiyyətin parkına təhvil verilməmişdir. Müqavilələrin müddətinin başa çatmasına baxmayaraq, cavabdeh tərəfindən texnikanın qanunsuz olaraq saxlanıldığı üçün cəmiyyətə, ümumilikdə 7872,00 (yeddi min səkkiz yüz yetmiş iki) manat maddi ziyan vurulmuşdur. Cavabdeh icra müddəti başa çatdıqdan sonra texnikaları saz, işlək və dəst halda Lizinqə (İstifadəyə) verənə qeyd-şərtsiz geri qaytarılmasına dair öhdəlik daşıyır. Məhkəmənin nəzərinə çatdırırlar ki, mübahisəli texnikanın mülkiyyət hüququ “Aqroservis" Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. Buna baxmayaraq cavabdeh həmin texnikadan bugünədək qanunsuz olaraq istifadə edir və buna görə Cəmiyyətə heç bir ödəniş etmir. Lakin iddiaçıya olan borc vaxtında qaytarılmadığından dəfələrlə yaranmış borcun ödənilməsini və texnikanın geri qaytarılmasını tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə iddiaçıya olan borcunu ödəməkdən və texnikanı qaytarmaqdan yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı "xxxx" ASC Cavabdeh vermiş olduğu texnikanı başqa vətəndaşa verərək ondan gəlir əldə edə bilərdi. Lakin cavabdeh həmin texnikaları vaxtında geri qaytarmadığına görə iddiaçı texnikanı yenidən dəyərləndirə bilməmişdir. Buna görə də, iddiaçı adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. “Aqroservis" Açıq Səhmdar Cəmiyyətinin X2 1 (bir) ədəd Belarus 89.2 markalı, 10-D-689 dövlət qeydiyyat nişanlı, ******* şassi nömrəli traktorun mənimsənilməsi barədə müraciəti əsasında Bərdə Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikasinin Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə ********* nömrəli açılmış cinayət işinin istintaqının davam etdirilməsi üçün Ağcabədi Rayon Prokurorluğuna göndərilmişdir. Dövlət vəsaiti hesanına alınmış 1 (bir) ədəd Belarus 89.2 markalı traktorun mənimsənilməsi ilə bağlı istintaq olunan cinayət işinin icrası barədə İddiaçı ASC-nin 2023-cü il 6 fevral tarixli 3-22- 13/2-149/2023 nömrəli sorğusuna Ağcabədi Rayon Prokurorluğu tərəfindən 2021-ci il 30 dekabr tarixli qərarı ilə cinayət işi üzrə icraata xitam verildiyi bildirilmiş və iş üzrə mülki qaydada məhkəməyə müraciət olunması izah edilmişdir. Hazırda texnikanın saz vəziyyətdə geri qaytarılması və əldən çıxmış faydanın ödənilməsi tələbi ilə sənədlər məhkəməyə hazırlanır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, ********* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-ci il tarixdə ünvan 1 ünvanında yaşayır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan arayışdan görünür ki, Ağcabədi Regional Nümayəndəliyinin istifadəsnə verilmiş Belarus 892 markalı traktor sonuncu dəfə Cavabdeh tərəfindən 2017ci il 24 iyun müqavilə əsasında qısa müddətli lizinqə götürülmüş və texnika parka təhvil verilməmişdir. Bununla əlaqədar traktor üçün ödənilmiş real zərər 172 manat təşkil etmişdir. Bundan başqa 05/00650 nömrəli, 2017-ci il 24 iyun tarixli müqavilə müddətinin başa çatmasından sonra texnikanın faktiki istifadə edilməsi imkanının itirilməsi nəticəsində cəmiyyət üçün əldən çıxmış mənfəət isə cəmi 7872 manat təşkil edir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 05/608 nömrəli müqaviləyə əsasən "xxxx" ASC tərəfindən 1 ədəd Belarus MTZ-89.2 markalı traktor Cavabdeh qısamüddətli istifadəsinə verilmişdir. xx.xx.2017-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı məhsula görə ona təqdim olunmuş ödəniş cədvəlinə əsasən 17 ay müddətinə aylıq müəyyən edilmiş ödənişləri vaxtlı-vaxtında yerinə yetirməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcluya müqavilə üzrə mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə pretenziya məktubu göndərilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC 98,72 manat dövlət rüsumunu və 0,40 mnast xidmət haqqını ödəmişdir. Cavabdeh məhkəməyə ərizə verərək, İddiaçı ASC-nin ona qarşı «dəymiş maddi ziyanın ödənilməsi və texnikanın saz vəziyyətdə geri qaytarılması» tələbi müddətin ötürülməsi ilə verildiyindən iddianın rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, "xxxx" ASC-nin Ağcabədi Regional Nümayəndəliyinin balansında olan “Belarus 89.2” markalı, 10-D-689 dövlət qeydiyyat nişanlı traktorun X3 və yaxud hər hansı digər şəxs tərəfindən mənimsənilməklə talanması istintaqla öz təsdiqini tapmadığından cinayət işi üzrə icraata əməldə cinayət tərkibinin olmaması əsası ilə AR CPM 39.1.2-ci maddəsinə əsasən xitam verilmiş; Belarus 89.2 markalı, 10-D-689 dövlət qeydiyyat nişanlı traktorun X1 və sonuncuya məxsus müəssisənin məsul şəxslərindən mülki qaydada tələbi olunması hüququnun olması "xxxx" ASC-nin Ağcabədi Regional Nümayəndəliyinin müvafiq vəzifəli şəxsinə izah edilmiş; qəbul edilmiş qərarın surəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmiş; cinayət işi saxlanılması üçün Ağcabədi rayon prokrorluğunun arxivinə təhvil verilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-2679/2023 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi və texnikanın saz vəziyyətdə geri qaytarılması» tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadın surətindən görünür ki, İddiaçı ASC Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi və texnikanın saz vəziyyətdə geri qaytarılması» tələbinə dair mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün AR Ali Məhkəməsinə göndərilmişdir. AR Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyalarının xx.xx.2023-cü il tarixli, e-2-2(102)-662/2023 nömrəli qərarın surətindən görünür ki, İddiaçı ASC-nin Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi və texnikanın saz vəziyyətdə geri qaytarılması» tələbinə dair mülki iş baxılması üçün Bərdə rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi və texnikanın saz vəziyyətdə geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci il 24 iyun tarixli 05/608 nömrəli müvəqqəti lizinq müqaviləsinə əsasən 7872,00 (yeddi min səkkiz yüz yetmiş iki) manat əldən çıxmış faydanın, 98,72 (doxsan səkkiz manat, yetmiş iki qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi və qanunsuz istifadə olan 1 ədəd Belarus MTZ-89.2 markalı traktorun saz vəziyyətdə geri alınaraq İddiaçı ASC-yə qaytarılmasına dair qanuni qətnamə qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icrа edilməməsi dedikdə оnun pоzulmаsı və yа lаzımıncа icrа edilməməsi (vаxtındа icrа edilməməsi, mаllаrdа, işlərdə və xidmətdə qüsurlаrlа və yа öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmаqlа icrа edilməsi) bаşа düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icrа etməyən bоrclu kreditоrа dəymiş zərərin əvəzini ödəməyə bоrcludur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2-ci maddəsinə əsasən, lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 747-1.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3-cü maddəsinə əsasən, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 747-1.4-cü maddəsinə əsasən, satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən alınmasını tələb etdiyi pul miqdarında ziyanın ona vurulması və bu ziyanın cavabdeh tərəfindən vurulmasının sübut edilməsidir. İddiaçı isə iddia ərizəsində göstərilən halları təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmiş və iddiasını sübut edə bilməmişdir. Belə ki, iddiaçı hazırki iddia tələbi ilə lizinq müqaviləsi üzrə əsas məbləği iddiaçıdan tələb etməmiş, yalnız əldən çıxmış faydanı tələb etsə də əldən çıxmış faydanı əldə etmək üçün gördüyü tədbirləri sübut edə bilməmişdir. Buna görə məhkəmə həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir. Həmçinin, məhkəmə iddia tələbinin cavabdehin qanunsuz istifadəsində olan 1 ədəd Belarus MTZ-89.2 markalı traktorun saz vəziyyətdə geri alınaraq İddiaçı ASC-yə qaytarılması tələbi hissəsində də iddianın təmin edilməməli olması qənaətinə gəlir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla mübahisə predmeti olan traktorun cavabdehin qanunsuz sahiblik və istifadəsində olması təsdiq və sübut edilmir. Cavabdehin əvvəlki məhkəmə iclasında və iş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda qeyd edilmiş verdiyi izahatına əsasən traktorun ona və ya onlara məxsus şirkətə verilməsi öz təsdiqini tapmır. Həmçinin, iş materiallarında sözügedən traktorun Cavabdeh təhvil verilməsinə dair hər hansı bir akt və ya digər sənəd də yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli qərarda tərəflərin izahatlarından lizinqə verilən texnikanın Lizinqə verən təşkilat olan texnikaların mülkiyyətçisi olan əvvəlki "xxxx" ASC-nin öz işçiləri tərəfindən texnikaların gətirilib sahədə istifadə edildikdən sonra geri qaytarıldığı qeyd edilmişdir. Bu hallar isə iddianın əsaslı olmasını təsdiq etmir. Cavabdeh isə iddianı qəbul etməmişdir. Həmçinin, cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə həmin ərizəyə baxıb hüquqi qiymət verərək hesab edir ki, iş üzrə iddia müddəti də ötürülmüşdür. Belə ki, tərəflər arasında lizinq müqaviləsi 24 iyun 2017-ci il tarxdə 1 il müddətinə bağlanılmışdır. Belə olan halda tərəflər arasında tələb müqavilədən əmələ gəldiyindən və 3 illik iddia müddəti ötürüldüyündən tələb təmin edilə bilməz. Həmçinin, iddiaçının texnikası əgər 2018-ci ildən cavabdehin qanunsuz sahibliyində idisə hansı səbəbdən iddiaçının üzərindən 5 il keçdikdən sonra məhkəməyə iddia tələbi ilə müraciət edərək əldən çıxmış fayda və texnikanın geri qaytarılmasını tələb etməsi sual doğurur. Buna görə məhkəmə hesab edir ki, hazırki iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia təmin edilmədiyindən, məhkəmə hesab edir ki, ödənilmiş 98,72 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənləri və MPM-nin 213, 214, 216-220, 227, 233.1-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı ASC-nin Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi və texnikanın saz vəziyyətdə geri qaytarılması» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 98,72 manat dövlət rüsumu İddiaçı ASC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №e-2(021)-150/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-150/2024
20.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver