Məhkəmə qərarları › İş №e-2(021)-294/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №e-2(021)-294/2024

29.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № e-2(021)-294/2024 29.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11, İddiaçı, nümayəndəsi və vəkili Vəkil oğlunun, Üçüncü şəxslər X4 və X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan fərdi yaşayış evindən və torpaq sahəsindən məcburi çıxarılma tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu, Qarağacı kəndində mülkiyyətində olan 145.80 kv.m-dəm ibarət fərdi yaşayış evindən və torpaq sahəsindən Cavabdeh məcburi çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Qarağacı kəndində mülkiyyətində olan 145.80 kv.m-dəm ibarət fərdi yaşayış evindən bir ildən artıqdır ki, keçmiş kürəkəni və iş üzrə cavabdeh olan X13 müvəqqəti yaşaması üçün versə də həmin şəxs mülkiyyətində olan bu sahədən çıxmaq istəmir və evdə onun payı olduğunu iddia edir. X2 ilə 09 iyun 2021-ci ildə Rusiya Fedarasiyasında nikahları pozulduqdan sonra cavabdeh Azərbaycana gələrkən başqa yaşayış yeri olmadığına görə mülkiyyətində olan bu sahədə müvəqqəti olaraq yaşamasına icazə versə də artıq həmin yaşayış sahəsindən çıxmaq istəmir. Belə ki, həmkəndliləri olan cavabdeh hazırda ata mülkü sayılan fərdi yaşayış evində qeydiyyatdadır. Lakin hansısa səbəbdən orada yaşamasına icazə verilmədiyindən müvəqqəti olaraq ona məxsus evdə yaşamağına icazə versə də hazırda evini boşaltmaqdan imtina edir. Bu isə onun mülkiyyət hüququnu realizə etməyini mümkünsüz edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddaçının vəkili Vəkil oğlu iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü X7 bildirdi ki, nikahları pozulub, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında üçüncü X9 iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh X8 iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, evin yaxşılaşdırılması ilə əlaqədar xərc çəkib, həmin pulun tələb edilməsi ilə bağlı iddia qaldıracaqdır. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1955-ci ildə Bərdə rayonu Qarahacılı kəndində doğulmuşdur, Bərdə rayonu, Qarağacı kəndində yaşayır. Mülki işə əlavə edilmiş Bərdə rayonu, Mirzəcəfərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli, 706 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı ünvan 1ində yaşayır, ailə üzvüləri həyat yoldaşı X9, X2, qızı X1 ibarətdir. Mülki işə əlavə edilmiş daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1i ünvanında X5, X6, X4, X3 ümumi birgə mülkiyyətinə 0.10 ha torpaq sahəsi və 145.80 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş İ-FR 777761 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 ilə X7 arasında olan nikah 10 aprel 2021-ci ildə Tümen şəhər Lenin məhkəmə rayonunun 1 saylı məhkəmə sahəsi, barışdırıcı hakiminin 09 mart 2021-ci il tarixli qərarı əsasında pozulmuşdur. Beləliklə, İddiaçı Cavabdeh evdən və torpaq sahəsindən çıxarılması barədə tələbinə hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh evdən və torpaq sahəsindən çıxarılmalıdırlar. Belə ki, mülki iş materiallarında olan sənədlərlə də evin mülkiyyət hüququ ilə iddiaçının mülkiyyətində olduğu sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən,mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. İş materiallarına və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə ki, işin materiallarından göründüyü kimi, mübahisəli ev və torpaq sahəsi İddiaçı mülkiyyətindədir və iddiaçı mübahisəli evin və torpağın mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin Cavabdeh mübahisəli evdən könüllü olaraq çıxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilmir. Odur ki, İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən və torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh ünvan 2i ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.10 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 145.80 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar